“Putin yoxdursa, bu gün Rusiya da yoxdur”. Bu, Kreml aparat rəhbəri müavininin fikridir. Vladimir Putinə onilliklər ərzində səs verib onu Baş nazir və ya prezident olaraq hakimiyyət başında görmək istəyən milyonlarla rusiyalı bu fikrə şərik çıxır.
İyulun 1-də keçirilmiş ümumxalq səsvermə Vladimir Putinə daha iki 6 illik müddətə öz namizədliyini irəli sürmək imkanı verir.
67 yaşlı Rusiya lideri 2024-cü ildə cari müddəti başa çatdıqdan sonra da prezidentliyə namizəd olacağını istisna etmir və o, 2036-cı ilə qədər hakimiyyətdə qala bilər.
Putinin planı nədir?İyirmi birinci əsrin Rusiyası Vladimir Putindən başqa lider görməyib. Rusiyalıların gözü qarşısında o, təyin olunmuş baş nazirdən (1999) seçilmiş prezidentə (2000 – 2008), yenidən baş nazirə (2008 – 2012) və bir daha prezidentə (2012) çevrilib.
Vladimir Putin yenidən seçilmək istədiyini deməsə də, bunu inkar da etmir və buna görə prezidentin opponentləri onu ən azı 2036-cı ilədək və ya ömürlük hakimiyyətdə qalmaq niyyətinə görə tənqid edirlər.
Onun ən sadiq tərəfdarlarından biri, keçmiş kosmonavt və millət vəkili Valentina Tereşkova prezidentlik müddətinin “sıfırlandırılmasını” təklif edib ki, bu da Vladimir Putinin hakimiyyətdə qalmasına zəmin yaradır.
Xalq dəstəyinin olduğu da nəzərə çarpır – sonuncu dəfə 2018-ci ildəki seçkilərdə o, 76 faizdən çox səs toplayaraq öz mövqelərini möhkəmləndirmiş oldu.
Bu dəfə “o, var gücü ilə göstərmək istəyirdi ki, “aşağıdan gələn tələbi” qəbul etmək istəmir,” – BBC-nin Moskvadakı müxbiri Sarah Rainsford deyir.
Bununla yanaşı, o, prezidentin dəyişməsi üçün ölkənin yetərincə inkişaf etmədiyinə eyham vurur.
Sarah Rainsford-a əsasən, bir çox insanın bununla bağlı problemi olmayacaq: “Onlar cənab Putini sevməsələr də, ona qəti etiraz da etmirlər.
Bir çoxları hesab edir ki, o, Qərbə qarşı çıxan güclü liderdir. Ona alternativin olmadığı da geniş yayılmış rəydi”.
Putin necə əvəzlənməz oldu?Vladimir Putinin formalaşması Soyuq müharibənin son illərinə təsadüf edib.
O, 1989-cu ilin inqilabını, Dövlət Təhlükəsizlik Komitəsinin (KGB) əməkdaşı kimi, ezam olunduğu Şərqi Almaniyanın Drezden şəhərində qarşılayıb.
Bu hadisələr onda çarəsizlik və dərin iz buraxan daha iki hiss yaradib: Berlin divarının dağıdılmasına səbəb olan kütləvi etirazlardan sonra – xalq üsyanlarından qorxu və SSRİ-nin süqutu ardınca Moskavada yaranmış hakimiyyət boşluğuna qarşı nifrət.
1989-cu ilin dekabrında Drezdendəki DTK qərargahı mühasirəyə alınarkən Vladimir Putin kömə üçün Moskvaya müraciət edir. Lakin Mixail Qorbaçovun rəhbərlik etdiyi mərkəz “səsini çıxarmır”.
Vladimir Putin kompromat xarakterli sənədləri məhv etmək təşəbbüsü ilə çıxış edir:
“O qədər material yandırdıq ki, soba partladı,” – Rusiya lideri “Birinci şəxsdən” adlı müsahibələr kitabında yazır.
Vladimir Putinin almaniyalı bioqrafı Boris Reitschuster-in sözlərinə görə, “O Şərqi Almaniyada olmasaydı, biz başqa bir Putin və fərqli bir Rusiya görərdik”.
Hakimiyyətə yüksəlişDoğulduğu Leninqrad şəhərinə (tezliklə əvvəlki Sankt-Peterburq adını alacaq) qayıtdıqdan sonra Putin yeni bələdiyyə başçısı Anatoli Sobçakın sağ əli olur.
Yeni Rusiyada Vladimir Putin əvvəlki rollarını itirmiş olsa da, şəxsi və siyasi kapitalını artırmaq üçün əlverişli imkanlara sahib şəbəkənin hissəsi idi.
Vladimir Putinin karyerası irəliləyirdi. O, hətta Anatoli Sobçakın inanılmaz süqutundan salamat çıxa bilərək, Rusiyanın yeni elitası ilə uğurlu əlaqələrini davam etdirirdi. Vladimir Putin Moskvaya köçür, FSB-də (DTK-nın varisi) uğur qazanır və sonda Kremldə işləməyə başlayır.
Bu ərəfədə Rusiya Federasiyasının yeni prezidenti Boris Yeltsin idi. Onun administrasiyası keçid dövründə sərvət və nüfuz üçün fürsət axtaran oliqarxlarla ittifaq sayəsində Kommunist Partiyasını məsafədə saxlayırdı.
Boris Berezovski kimi sahibkarlar Yeltsinin əsas tərəfdarları arasında idi. Onlar seçkilər vaxtı ictimai rəyə güclü təsir göstərən amilə çevrildilər.
1999-cu ildə prezident Yeltsin Putini Rusiyanın Baş naziri vəzifəsinə təyin etdi.
Gözlənilməz prezidentYeltsinin davranışı getdikcə daha da əcaibləşirdi və 31 dekabr 1999-cu ildə o, gözlənilmədən öz istefasını elan etdi.
Berezovski və iri oliqarxların dəstəyinə sahib olan Vladimir Putin, prezident vəzifəsini icra etmək üçün əlverişli mövqe qazanır və 2000-ci ilin may ayında seçkilərdən sonra bu vəzifəyə rəsmən sahib seçilir.
Yeltsinin siyasi ailəsi – oliqarxlar və islahatçılar – yeni prezidentdən razıdırlar: o, üzüyola, başqalardan seçilməyən insandı.
Lakin Putin hakimiyyətə gəldikdən sonra üç ay ərzində, medianı nəzarət altına alır. Bu, həlledici transformasiya anı oliqarx və Kremlin köhnə qvardiyası üçün gözlənilməz idi.
Müxalif fikirdə olanların təqibiMedia üzərində nəzarət yeni prezident üçün ikili fayda verdi: bu yolla o, nüfuzlu tənqidçilərini mövqelərindən məhrum etdi və Çeçenistan müharibəsindən tutmuş Moskvadakı “terror hücumlarına” kimi olayları istədiyi şəkildə izah etmək imkanını qazandı.
Bu, prezidentin populyarlıq reytinqlərinə də dəstək oldu, Rusiya və onun yeni liderinin imicini təsbit etdi və dövlətin yeni düşmənlərinin kimliyini müəyyənləşdirdi.
O zamandan bəri əyalətlərdə yaşayan rusiyalılar yalnız Vladimir Putinin göstərmək istədiyi məzmunu seyr edirlər.
Rusiyada təxminən 3000 televiziya kanalı var və onların əksəriyyəti xəbərlərdən tamamilə yayınır, efirə gedən siyasi xəbərlər isə hökumət tərəfindən ciddi şəkildə yoxlanılmaqdadır.
“Mənə dəyməyin”: bölgələrə ismarışVladimir Putin etibarlı siyasətçiləri qubernator vəzifələrinə təyin etməklə Rusiyanın 83 bölgəsində nəzarəti tədricən öz əlinə aldı.
O, 2004-cü ildə qubernatorlar üçün regional seçkiləri ləğv etdi – bunun əvəzinə regional qanunvericilərə üç namizəddən birini seçmək təklif olunur.
Tənqidçilər Vladimir Putini “demokratiyanı ləğv etməkdə” günahlandırsalar da, Çeçenistan kimi bölgələrdə onun strategiyası özünü doğrultdu.
Regional seçkilər, 2012-ci ildə demokratiya tərəfdarlarının etiraz dalğası ardınca qısa bir müddətdə geriyə qayıtdı, ancaq 2013-cü ildə Putin yeni qanunvericilik vasitəsiylə hakimiyyət üzərində nəzarəti bərpa etdi.
Liberalizmlə flirt, amma yalnız üzdə2011-2013-cü illərdə Moskva və Rusiyanın digər bölgələrində ədalətli seçki və demokratik islahatlar tələbiylə, Bolotnaya etirazları kimi tanınan kütləvi nümayişlər yer alır.
Bu, 90-cı illərdən bəri Rusiyanın gördüyü ən böyük etiraz dalğası idi. “Ərəb baharı” ilə yanaşı 1989-cu ildəki olayları xatırladan digər “rəngli inqilablar” da baş verirdi.
Vladimir Putin hesab edir ki, xalq hərəkətləri Rusiyanın işlərinə müdaxilə üçün Qərb tərəfindən istifadə olunan alətdir.
Zahirən də olsa, hakimiyyət qısa müddət ərzində liberal eksperimentlərə yol açır: siyasi mərkəzsizləşdirmə çağırışı səsləniri və bölgələrə öz iqtisadiyyatları üzərində daha çox nəzarət vəd olunur.
“İslahat” sözü hər çıxışda işlənilsə də, belə ifadələrin ömrü uzun olmadı. Təhlükə sovuşan kimi strategiyadan imtina etdilər.
Krımda və “yaxın xaricdə” güc nümayişiİnqilabdan sonra Ukraynadakı hakimiyyət boşluğu Putinə taktiki fürsət çərçivəsi yaratdı. 2014-cü ilin fevralında Krımın ildırım sürətiylə ilhaqı Putinin ən böyük qələbəsi və Qərb üçün alçaldıcı zərbə oldu.
Rusiya dünya ictimaiyyətinin gözü qarşısında qonşu ölkənin ərazisini ələ keçirməklə öz gücünü nümayiş etdirirdi. Qərb isə onu dayandırmaq üçün heç nə edə bilmədi.
Regional analitiklərin fikrincə, Putin başa düşdü ki, (Soyuq müharibə dövründə olduğu kimi) istədiyinə nail olmaq üçün supergüc olmağa ehtiyacı yoxdur.
Beləliklə, Putin bilir ki, Qərb və NATO ilə münasibətləri tənzimləmək üçün kifayət qədər qüdrətlidir. Yəni, Rusiya təşəbbüsü öz əlinə alıb, Qərblə münasibətlərin sürətini və formasını müəyyən edə bilər.
Krım Rusiyanın ən böyük zərbəsi idi, lakin bu ayrıca bir hadisə deyildi. Putin SSRİ-nin dağılmasından sonra “yaxın xaricdə” yaranan müstəqil dövlətləri öz təbii təsir zonası hesab edir və bunu Gürcüstan münaqişəsinin (2008) misalında görmək olar.
Qərbin zəif nöqtəsindən istifadə: SuriyaQərb ölkələri arasında ahəngin çatışmazlığından faydalanan Vladimir Putin xarici siyasət sahəsində bu zəifliyi öz xeyrinə çevirə bildi. Bəşər Əsədə tərəf çıxan Rusiyanın Suriyaya müdaxiləsi, çox böyük üstünlüklər yaratdı.
Bir tərəfdən Vladimir Putin Yaxın Şərqdəki sabitlik üçün mühüm ərazi üzərində nəzarət əldə etdi. Digər tərəfdən bu yeni silah və hərbi taktikaları sınamaq imkanı verdi.
Bu addım (Əsəd sülaləsi də daxil) tarixi müttəfiqlərə və “yaxın xaricdə” olanlara güclü siqnal idi: Rusiya köhnə dostlarından imtina etmir.
Rusiya üçün yeni çar?Putin hakimiyyətdə olduğu müddətdə genişlənmə siyasətinə bəraət qazandıran “Rus torpaqlarını birləşdirən” feodal konsepsiyanı oyatmağa müvəffəq oldu.
Bu baxımdan Krım və “yaxın xaricin” niyə bu qədər vacib olduğunu görmək çətin deyil.
Arkadi Ostrovski kimi bəzi müşahidəçilər hesab edir ki, bu müasir çarın ortaya çıxmasına zəmin yarada bilər: partiya siyasətindən üstün olan unikal Rusiya lideri.
Əlamətdardır ki, son seçkilərdə Putin müstəqil namizəd kimi çıxış etdi.
Hazırda Vladimir Putinin mövqeləri sarsılmaz görünür, amma 2024-cü ildə onun dördüncü müddəti bitdikdən sonra nə olacaq?
Bu suala cavab vermək çətin olsa da, istədiyi planı cızmaq Vladimir Putin üçün asan işdir.
Eva Ontiveros
BBC
Tarix: 4-07-2020, 21:16