Teqnell: “Yoluxma sayının artması əhalinin daha çox test edilməsi ilə əlaqədardır” Koronavirus pandemiyası səbəbi ilə sərt karantin məhdudiyyətlərinin rədd edilməsi fikrini dəstəkləyən aparıcı İsveç virusoloqu Anders Teqnell Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) sərt tənqid edib. AYNA xarici mediaya istinadən bildirir ki, ekspert deyib ki, ÜST İsveçdə infeksiyanın yayılması ilə bağlı məlumatları səhv şərh edir.
“ÜST İsveçlə bağlı məlumatları səhv şərh edərək, koronavirusun "təhlükəli canlanma" yaşandığı 11 ölkənin siyahısına salıb. Bu, tamamilə anlaşılmazdır. İsveçdə son bir həftə ərzində yoluxma sayının artması əhalinin daha çox test edilməsi ilə əlaqədardır. Əksinə, bu gün ölkəmizdə xəstəxanaya yerləşdirmə və koronavirus nəticəsində ölənlərin sayı azalmaqdadır. Bu isə İsveçdə vəziyyətin pisləşməsi deyil, epidemiyanın tənəzzülüdür”, - deyə Teqnell vurğulayıb. Virusoloq deyib ki, ÜST rəsmiləri belə bir şərhdən əvvəl İsveç hökuməti ilə əlaqə qurub, məlumatlar almayıblar: “Belə bir yanlış şərh İsveçə zərbədir”.
Qeyd edək ki, ÜST son həftədə virusun təhlükəli yayıldığı 11 ölkənin adını açıqlayıb ki, bu ölkələr içərisində İsveçin də adı yer alıb. Onu da bildirək ki, həmin 11 ölkə arasında Azərbaycan da qeyd edilib.
Tarix: 26-06-2020, 21:07