“Xalq bir şey əldə etmədən, nə vaxta qədər babalarının qələbələrindən doğan və süni şəkildə saxlanılan eyforiya hesabına yaşamalıdır” Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendumun tarixi yaxınlaşır. Bununla əlaqədar olaraq Rusiya Prezidenti Vladimir Putin bir çox televiziya kanallarında çıxış edərək, yeni vədlərlə seçicilərin beynini fəal şəkildə doldurur. O, çoxuşaqlı ailələrə yeni əlavə ödənişlər, varlı ruslar üçün gəlir vergisinin artırılması və güzəştli ipotekaların genişləndirilməsi planlarını elan etdi.
Bəli, bu sözlərin müəllifi həmin adamdır ki, bir müddət əvvək Rusiyanın bütün yaşlı insanlarını aldatdı: dedi ki, insanların pensiya yaşı artırılmayacaq, amma artırdı.
İyunun 25-də Rusiyanın ən şərq bölgələrində ilk seçki məntəqələri açılıdı. Ümumxalq səsverməsi zamanı ruslar Konstitusiyaya Putinin müddətini sıfırlayacaq, ona daha iki 6 illik müddətə bu vəzifədə işləməsinə imkan verəcək dəyişikliklərə səs verməli olacaqlar. Qanuna görə, Putin 2024-cü ildə vəzifəsini tərk etməli idi. Dəyişikliklərlə bağlı səsvermə iyulun 1-dək davam edəcək. Səsvermənin nəticələrinə görə, Putinin istədiyini alacağına şübhə yoxdur.
Maraqlıdır ki, dünyanı bürüyən koronavirus pandemiyası Rusiyadan da yan keçməyib, amma Putin insanların həyatını riskə ataraq, bu referenduma gedir. Niyə bu qədər tələsir Putin? Axı, 2024-cü ilə qədər o, istədiyi vaxt bu sıfırlama əməliyyatını həyata keçirə bilərdi. Bəlkə də populyarlığını çox tez itirəcəyindən qorxur? Axı sabah vəziyyət dəyişsə, "xalqın mütləq əksəriyyətinin" səsverməsinə inandırmaq olmayacaq əhalini və dünyanı.
Televiziya çıxışı amanı Putin Rusiya əhalisinə bir çox vədlər verdi ki, onun hamısını sadalamağın mənası yoxdur. Əgər Putin uzun müddət hakimiyyətdə qalmağı planlayırsa, həm Rusiyanı, həm də onun qonşularını nə gözləyir?
Rusiyalı dissident, “Azad Rusiya” Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin rəhbəri Yeqor Kuroptev AYNA-nın bu yöndə suallarını cavablandırıb. Deyib ki, Konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə daha bir sirk tamaşasıdır: “Bununla Putin həm xalqa, həm də elitaya hakimiyyətdə əbədiliyinin mesajını verir, həm də demək istəyir ki, xalqın onun tutduğu xətdən başqasını dəstəkləməsinin heç bir perspektivi yoxdur. Bir neçə aydır ki, həm çar, həm də onun marionetləri cammatın beyninə müxtəlif vasitələrlə bunu yeridirlər”.
“Hər kəsə aydındır ki, bu səsvermə də, düzəlişlərin özü də qanunsuzdur və bir məqsədə xidmət edir - hakimiyyəti nəyin bahasına olursa-olsun, əldə saxlamaq. Bunun əksi tribunaldır. Zarafat etmirəm. Sizcə, sivil dünya nüvə çamadanına kontrolu itirən Putin və cinayətdəki tərəfdaşları ilə necə davranacaq? Məhkəmələr, tribunallar, real həbs müddətləri və ən azı müsadirə. Putinə qulluq edən rus elitası bu gələcəyi yaxşı görür və odur ki, hakimiyyətdən dişləri və dırnaqları ilə yapışacaqlar”, - ekspert bildirib.
Kuroptev hazırda vəziyyətin kritik olduğunu qeyd edib: “İqtisadi böhran nəticəsində xalq çox kasıblayıb. İnsan hüquqları və demokratiya ilə maraqlanmayanlar da artıq Putinə çox qəzəblidirlər. Odur ki, paradlar və referendumlarla onlar hakimiyyəti dəstəkləyənlərin qalıqlarını bir arada toplamağa çalışırlar. Ancaq insanlar milyonlarla dollara başa gələn paradların əvəzinə yemək və ailələrini təmin etmək istəyirlər. Ruslar özləri bir şey əldə etmədən nə qədər vaxt babalarının qələbələrindən doğan və süni şəkildə saxlanılan eyforiya hesabına yaşamalıdırlar?”.
“O ki, qaldı Rusiyanın qonşularına, onlar da yaxşı başa düşür ki, kobud şəkildə ətraf dövlətləri nəyəsə məcbur etmək taktikası get-gedə öz effektivliyini itirir. Gürcüstan və Ukrayna bu məsələdə öz problemlərini çoxdan həll edib. Bəli, Kreml bu ölkələrin azadlığa buraxılmaması üçün üstlərinə müharibəyə getdi, ancaq nəticədə büdcədən dotasiya ilə yarıac dolandırılan əhali, ölkəyə qarşı sanksiyalar və bütün dünyanın hörmətsizliyi ilə üz-üzə qaldı. Erməni xalqı 2018-ci ildə Rusiyaya birləşmə xəyallarında olanları birdəfəlik silib atdı. Düzdür, Kreml hələ də İrəvanda vəziyyəti gərginləşdirmək üçün çalışır, amma çox şükür ki, bu günə qədər uğursuzluğa düçar olur. Çünki xalq öz qərarlarını qorumaq üçün sona qədər dayanmağa hazırdır”, - siyasi şərhçi vurğulayıb.
Azərbaycana gəldikdə: “Yeri gəlmişkən, Azərbaycan da bir müddətdir ki, şaquli əlaqələri zəiflədərk, cəmiyyətlə dialoqa üstünlük verir. Bu, müsbət məqamdır və bir müddətdən sonra öz nəticələrini verməyə başlayacaq”.
“İndi Putinin öz adamları vasitəsi ilə Belarusda vəziyyəti necə destabilizasiya etməyə çalışdığının şahidiyik. Bununla Putin Belorusun Rusiyanın tərkibinə birləşməsindən imtina etdiyinə görə Aleksandr Lukaşenkodan intiqam alır. Nəticədə, hətta belaruslar da dəyişikliklər tələbi ilə küçələrə çıxırlar. Yalnız Kreml özünün sırf diktator “oğrular dünyasında” yaşayır, amma orada da, belə düşünürəm ki, tezliklə rus xalqı onların dərsini vermək istəyəcək. Çünki oğurlamaq və yalan danışmaq bir şeydir, amma yarıtmaz siyasət nəticəsində xalqın əlində olan son ehtiyatları almaq, başqa şey”, - müsahibimiz əlavə edib.
Müəllif:
Rauf Orucov
Tarix: 26-06-2020, 21:01