Təbiblər Sindikatı Baş Nazirin sözlərinə görə üzr istəməsini tələb edir Misirdə koronavirusa yoluxma və qurbanların sayının artması hökumətlə Təbiblər Sindikatı arasında mübahisəyə səbəb olub. AYNA xarici mətbuata istinadən bildirir ki, Baş Nazir Mustafa Mədbuli ölüm hallarının artmasında həkimləri günahlandırıb. O bildirib ki, tibb işçilərinin öz iş yerlərini tərk etməsi ölüm hallarında əsaslı rol oynayır.
Ölkənin Təbiblər Sindikatı isə bunu qəbul etməyib. Bildirilib ki, hər gün 80-90 COVID-19 xəstəsinin ölümü tibbi ləvazimat çatışmazlığı və xəstəxanaların imkanlarının məhdud olması ilə bağlıdır. “İndiyədək 74 həkim koronavirusdan vəfat edib, 3 min tibb işçisi yoluxub. Baş Nazirdən tələb edirik ki, sözlərinə görə həkimlərdən üzr istəsin. Bu cür bəyanatlar xəstələrin və yaxınlarının həkimlərə aqressiv davranışını daha da gücləndirə bilər”, - deyə Təbiblər Sindikatı vurğulayıb.
Qeyd edək ki, son sutka ərzində Misirdə 1332 yoluxma qeydə alınıb. 87 COVID-19 xəstəsi isə vəfat edib.
Tarix: 24-06-2020, 13:07