Dollarda 35% devalivasiya gözlənilir: “ABŞ-ın özünütəcrid siyasəti dollar üçün ölümcül olacaq”

 
 
Dollar kəskin devalivasiyaya məruz qalacaq.
 
Ovqat.com xəbər verir ki, bu iddianı  dünyaca məşhur Yale (Yel) universitetinin professoru və transmilli investisiya bankı “Morgan Stanley”-nin Asiya bölümünün sabiq  rəhbəri Stephen Rouch (Stifen Roç) irəli sürüb.
 
Professorun fikrincə, dolların devalivasiyası 35% civarında ola bilər.
 
Ötən həftə eyni iddia ilə çıxış edən professor bir çox həmkarları tərəfindən sərt tənqidə məruz qalsa da, bu həftə də öz proqnozunu dəyişdirməyib. O, “Market Watch” nəşrinə verdiyi açıqlamasında bir az da irəli gedərək təxmin etdiyi devalivasiyanın yaxın zamanlarda başlayacağını bildirib.
 
Professorun fikrincə, devalivasiyanın səbəbi ABŞ-da işsizlik səviyyəsinin artması və ölkənin qlobal iqtisadiyyatdan uzaqlaşması ilə əlaqəlidir. Koronavirus epidemiyasının yayılması nəticəsində ABŞ-da 49 milyona yaxın işsizlər ordusunun yaranmasının iqtisadiyyata mütləq mənfi təsir göstərəcəyini bildirən iqtisadçının fikrincə, bu, son 50 ilin ən pis göstəricisidir. Roçun sözlərinə görə, ABŞ Mərkəzi Bankı pandemiyaya qarşı mübarizəyə misli görünməmiş maliyyə və pul dəstəyi ayırır və bu da onun büdcəsindəki cari açığı 4 trilyon dollardan 7,2 trilyon dollara qədər artıracaq.
 
Tanınmış iqtisadçı bildirib ki, böyük maliyyə təşviqləri milli əmanətlərə və cari defisitə ciddi zərbə vuracaq: "ABŞ iqtisadiyyatı uzun müddətdir çox aşağı dövlət əmanətləri və cari hesab kəsirinin xroniki problemi ilə ciddi makro-disbalanslardan əziyyət çəkir. Dollar çox ciddi şəkildə dəyər itirəcək".
 
İqtisadçının proqnozlarına görə, ABŞ-da milli əmanətlərin azalması və xərclərin 35% artması gözlənilir: "Ümumiyyətlə, bu vəziyyət ABŞ-ın maliyyə aktivlərinə mənfi təsir göstərir. Daha yüksək qiymətə daha çox malların idxalı inflyasiyanın mümkünlüyündən xəbər verir və bu, faiz dərəcələri üçün əlverişsiz vəziyyət deməkdir".
 
 
Roçun fikrincə, bu devalivasiyadan sonra dollar dünya iqtisadiyyatı üzərindəki hegemoniyasını da itirəcək: "Amerika qloballaşan iqtisadi sistemdən təcrid olunur və özünü dünyanın qalan hissəsindən ayırmağa çalışır. Bu isə ölümcül tendensiyadır".
 
 
Stifen Roç həmçinin qlobal mühitin dəyişməsi ilə ABŞ-dakı böyük büdcə kəsirinin dollar böhranına səbəb ola biləcəyini proqnozlaşdırır.
 




Tarix: 23-06-2020, 21:51
Xəbəri paylaş



Xəbər lenti