Rusiyanın imperiya ambisiyaları səngimək bilmir


Rusiyanın imperiya ambisiyaları səngimək bilmir
Rus qoşunlarının Qarabağda yerləşdirilməsindən sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil
 
Sabah, iyunun 24-də Moskvada Qələbə Paradının keçirilməsi planlaşdırılır. Müasir Rusiya üçün Böyük Vətən Müharibəsində qələbə dünya qarşısında özünə inam özünütəsdiq üçün yeganə imkandır. Kreml faşist Almaniyası üzərindəki qələbədən təbliğat məqsədi ilə istifadə edir ki, Ukrayna və Qərblə qarşıdurmada insanların dəstəyini qazana bilsin.
 
Bu gün Rusiyada ölkənin II Dünya Müharibəsindəki rolunu yüksəltməklə, tarixə böyük əhəmiyyət verməklə, bunu dövlət ideologiyasına çevirməyə çalışırlar. İkinci Dünya Müharibəsinin hadisələrini və nəticələrini istədiyi kimi qələmə verən Rusiya, Donbasda və Suriyada apardığı təcavüzkar siyəstini və hərbi iştirakını faşizmlə mübarizə olaraq haqq qazandırır. Milyonlarla rusun düşüncəsində müharibə artıq ölüm və qıtlıq, xarablıq və qorxu ilə assosiasiya olunmur. İdeologiya öz işini görür və Rusiyanı böyük bir qələbənin varisi kimi ucaltmaq fikri artıq beyinlərdə öz yerini möhkəmləndirib.
 
Dünyanın Rusiyanın Suriyadakı avantürizmini, Krımın ilhaqı və Donbasdakı əməliyyatları qınadığı halda, Kreml təbliğatı bunu Rusiyanın dünyanı xaos və faşizmdən qorumaq səylərinin davamı kimi təqdim edir. Rusiya iqtisadiyyatını inkişaf etdirmək və əhalisinin maddi vəziyyətini yaxşılaşdırmaq əvəzinə, Qələbə Paradından vətəndaşlarının kütləvi zombiləşdirilməsi üçün istifadə edir.
War In Donbass A Ukrainian Tragedy
“Böyük ölkə demək olar ki, təkbaşına dünyanı “qəhvəyi vəbadan” xilas etdi” - hansı rus bu pafosdan sonra öz Prezidenti ilə fəxr etməz?! Qələbə Paradı ərəfəsində Prezident Putin bir sıra maraqlı açıqlamalar verdi. Belə ki, Pavel Zarubinin "Rossiya 1" televiziya kanalında nümayiş olunan “Rusiya. Kreml. Putin” verilişində Putin Sovet respublikalarının SSRİ-dən çıxması ilə bağlı məsələyə toxundu. Qeyd etdi ki, Sovet İttifaqı yaradılan zaman respublikaların oradan çıxmaq hüququ təsbit edilsə də, lakin prosedur tənzimlənmədi: "Sovet İttifaqı yaradıldıqda, respublikaların birlikdən çıxma hüququ müqavilədə təsbit edildi, amma prosedur müəyyən edilmədiyindən, sual yaranır: hansısa bir ölkə Sovet İttifaqının tərkibinə daxil olarsa və bundan sonra öz baqajına çoxlu sayda Rusiya torpaqlarını, ənənəvi olaraq Rusiyanın tarixi ərazilərini alarsa və sonra birdən İttifaqdan ayrılmaq qərarına gələrsə, necə çıxa bilər? Heç olmasa, gəldikləri baqajla ayrılsınlar. Dediklərimin heç biri o zamankı Konstitusiyada yazılmayıb. Odur ki, tamamilə əminəm ki, mövcud Konstitusiyaya düzəlişlər etməklə, biz düzgün addım atırıq”.
 
Bu açıqlama, xüsusən də keçmiş Sovet respublikalarında elə bir rezonans doğurdu ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin sözlərini aydınlaşdırmağa məcbur oldu: "Rusiyanın qonşularına qarşı ərazi iddiaları yoxdur".
 
Peskov qeyd etdi ki, verilişdə Putin Rusiyanın ərazi iddiaları haqqında danışmayıb, sadəcə SSRİ Konstitusiyasındakı səhvləri təkrarlamamaq üçün Konstitusiyaya düzəlişlərin edilməsinin vacibliyini vurğulayıb.
 
Ancaq son onilliklər ərzində baş verən hadisələr Rusiyanın qonşularına qarşı ərazi iddiaları irəli sürdüyünü göstərir. Bunun ən son bariz nümunəsi Krımın ilhaqıdır. Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgə kimi tanınmamış qurumlar da bu kateqoriyaya daxil edilə bilər. Beynəlxalq ictimaiyyətin nəzərində bu ərazilər Rusiya tərəfindən işğal olunub.
 
Kreml qonşularına qarşı ərazi iddialarını “Rusiya hərbi doktrinası” pərdəsi altında gizlədir ki, bu doktrinanın da bir hissəsi, guya ki, xaricdə yaşayan Rusiya vətəndaşlarının müdafiəsidir. Xatırlayırsınızsa, 2000-ci illərin əvvəllərində Rusiya Abxaziya və Cənubi Osetiya sakinlərinə kütləvi şəkildə Rusiya pasportlarını verməyə başladı və artıq 2008-ci ilin avqust ayında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyev Gürcüstanla müharibənin başlandığını bu amillə izah etdi: "Rusiya vətəndaşlarının həyat və ləyaqətlərini, harada olursa olsun, qorumaq borcumuzdur".
 
Krımda da eyni vəziyyət təkrarlandı. 1 mart 2014-cü ildə Federasiya Şurası Rusiya Prezidenti Vladimir Putinə Ukrayndakı Rusiya vətəndaşlarını qorumaq üçün qoşunlardan istifadə etməyə icazə verdi. Prezident isə Ukraynadakı silahlı qüvvələrdən "bu ölkədə ictimai-siyasi vəziyyət normallaşana qədər" istifadə hüququnu tələb etdi.
SSRİ-ni dağıdanlar cəzalandırılacaqlar » Avrasiya
Bundan əvvəl, 2009-cu ildə Federasiya Şurası "Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin Rusiya Federasiyasının ərazisindən kənarda operativ istifadəsi haqqında" qərar qəbul etdi. Bu sərəncamla Rusiya Prezidentinə RF Silahlı Qüvvələrinin birləşmələrinin Rusiya ərazisindən kənarda istifadəsi barədə müstəqil qərar qəbul etməyə icazə verildi.
 
Nəticədə Rusiya Prezidenti “Müdafiə haqqında” Qanunun 10-cu maddəsinin 2.1-ci bəndinə əsasən, xaricdəki silahlı qüvvələrdən Rusiya Federasiyasının ərazisindən kənarda yerləşən rus qoşunlarına "hücumu dəf etmək", "başqa dövlətə qarşı təcavüzü dəf etmək və ya qarşısını almaq” üçün, xaricdəki vətəndaşlarını qorumaq və nəhayət piratçılığa qarşı mübarizə və naviqasiya təhlükəsizliyini təmin etmək üçün "operativ" istifadə etmək hüququ əldə etdi.
 
2019-cu ilin yazında Putin "Ukraynanın Donetsk və Luqansk bölgələrinin bəzi ərazilərinin sakinlərinə" sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını vermək barədə fərman imzaladı. Bununla da Putin Ukraynanın ərazisinə rəsmi qaydada qoşunların daxil olmasının əsasını qoydu. Yuxarıda göstərilənlərə əsasən, Rusiya pasportlarını verməklə Kremlin öz ərazi iddialarını dəstəkləməyə çalışdığını söyləmək olar.
 
Bu məsələdə Azərbaycanla bağlı da müəyyən zondajlar edildi. Kremlin qeyri-rəsmi sözçüsü Vladimir Jirinovski bir neçə dəfə Qarabağın Rusiyaya "birləşdirilməsinin" mümkünlüyü fikrini səsləndirdi. 2013-cü ildə erməni ictimai xadim Zori Balayan Putinə açıq məktub göndərdi. Məktubda Qarabağ xanlığının Rusiya imperiyasına daxil olmasını təmin edən 1813-cü il (Rusiya-İran müharibəsindən sonra) Gülüstan Sülh Müqaviləsinin əhəmiyyəti müzakirə edilirdi.
 
Keçən il isə "Dağlıq Qarabağın Müdafiə naziri" və "Qarabağ Silahlı Qüvvələrinin komandiri" və indi "Təhlükəsizlik Şurasının katibi" olan Samvel Babayan Qarabağın Rusiya protektoratı altına verilməsini təmininin ideal variant olması barədə tez-tez söz açırdı. Bu fikrin süni şəkildə cəmiyyətin müzakirəsinə buraxıldığını görmək olar. Hadisələrin inkişafına və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin məntiqinə diqqət etsək, Kremlin Qarabağda Rusiya sülhməramlılar kontingentini yerləşdirmək niyyətinin olduğunu görərik.  Xatırladaq ki, eyni proseslər Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgədə də həyata keçirilmişdi. Rus qoşunlarının hər hansı bir statusda Qarabağda yerləşdirilməsindən sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil.
Müəllif: Asif Aydınlı   
Tarix: 23-06-2020, 15:22
Xəbəri paylaş



Xəbər lenti