Mehmet Ali Güller
“Cumhuriyet” qəzeti, Türkiyə, 06 iyun 2020-ci il
Artıq Suriyadan Liviyaya qədər uzanan və Kiprlə Aralıq dənizini əhatə edən yalnız bir cəbhə var. Bunu Liviya və Suriyadakı hadisələrin eyni hədəflə (Əsəd və Qəddafini məhv etmək üçün) və eyni müddətdə (2011-ci ildə) başlaması və ya dünən Liviyadan Suriyaya əsgər və silah axınının olması ilə əlaqələndirmirik. Bunu keçən aydan bəri baş verən bir vəziyyət dəyişikliyinə görə deyirik.
Nəyin dəyişdiyini dəqiq müəyyənləşdirmək üçün həqiqətlərə baxmaq lazımdır.
Türkiyə Liviyada NATO-nun dəstəyini alıb
ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Cefri: “Suriyadakı hərbi mövcudluğumuzu davam etdirəcəyik və məqsədimiz Suriyadakı müharibəni Rusiya üçün dalana çevirməkdir”. (14.05.2020)
Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdü: “NATO Türkiyənin dəstəklədiyi Trablus hökumətinə dəstək verəcək”. (15.05.2020)
BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir Pederson: “Suriya konstitusiyası layihəsinin öyrənilməsi üçün Cenevrədə danışıqları başlatmağa hazırıq”. (19.05.2020)
Prezidentin mətbuat katibi İbrahim Kalın: “Rusiyanın və bir sıra ölkələrin dəstəyi Liviyadakı zorakılığı artırır”. (26.05.2020)
ABŞ Müdafiə Nazirliyinin nəzdindəki Afrika Qüvvələri Komandanlığı: “Rusiya Liviyaya döyüş təyyarələrini yerləşdirdi”. (26.05.2020)
Rus mətbuatı: “Türk tankları artıq Liviyadadır”. (31.05.2020)
“ABŞ Liviyadakı Rusiya hadisəsinə qarşı Tunisə qoşun yeritməyi təklif edir”. (31.05.2020)
Ərdoğan, Liviya Milli Konsensus Hökuməti Prezident Şurasının sədri Sərrac ilə görüşdü: “Biz Sərrac ilə Berlin prosesindən NATO-ya qədər bütün beynəlxalq platformalarda hərəkət edəcəyik. “Həftarı bir kənara qoymaq mümkün deyil” deyən dövlət başçıları səhv edirlər”. (04.06.2020)
ABŞ-ın “Kürd birliyi” hədəfi
Bu hadisələrlə paralel olaraq, digər bir hadisə də ABŞ-ın bölgədəki fəaliyyətini PKK və Bərzanini əməkdaşlığa istiqamətləndirmək idi.
YPG lideri Mazlum Kobani: “Kürdlər arasında dialoqun ilk mərhələsi uğurlu oldu. Dialoqun ikinci mərhələsi başladı. Uğur qazanacağıq və birlikdə tarix yazacağıq”. (29.05.2020)
Beləliklə, Ceyms Cefrinin 2019-cu ilin dekabr ayından bəri davam etdiyi fəaliyyət nəticə verib. İlk görüş 21 dekabr 2019-cu il tarixində, Suriya Kürd Milli Şurasının (ENKS) yüksək vəzifəli icraçısı Fuat Aliko ilə YPG komandiri Mazlum Kobani arasında olub. Sonra Ceyms Cefri, 11 yanvar 2020-ci ildə İstanbulda Bərzaninin ENKS təşkilatı ilə görüşdü və onlardan PYD-YPG ilə birlik yaratmalarını istəyib. Cefrinin bu təmaslarını daha sonra hərbi təmaslar izləyib. Yaxın Şərqdəki ABŞ qüvvələrinin komandiri general Frank MakKenzi yanvarın 26-da YPG komandiri Mazlum Kobani ilə görüşüb.
Ardınca bu dəfə Cefri, AKP-PYD-KDP üçbucağında başladığı diplomatiyaya sahiblik etdi. Suriyada şəhid olan türk əsgərləri üçün “Şəhidlərimiz bölgədədir” dedi və bir neçə müsahibə verdi. Daha sonra İraqa getdi və 17 fevral 2020-ci ildə Neçirvan Bərzani ilə görüşdü. İki gün sonra, 19 fevralda Suriyaya getdi, burada da Mazlum Kobani ilə görüşdü. Maraqlıdır ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu da eyni gün ENKS Prezident Şurasının üzvü Nemet Davud ilə görüşüb.
ABŞ bu diplomatik trafiki idarə edərkən “yeni neft strategiyası”nın tələbi olaraq, Firatın şərqinə və PYD-nin nəzarətindəki Hasek bölgəsinə xüsusilə may ayında silah və hərbi texnikalar da köçürüb.
ABŞ-ın 3 hədəfi
İşləri sadaladıq. Bəs bu faktlar nə deməkdir?
1. ABŞ Suriyanı Rusiya üçün bataqlığa çevirmək istəyir.
2. ABŞ, Liviya və Suriyada Türkiyə ilə Rusiyanı üz-üzə qoymağa çalışır.
3. ABŞ Türkiyə-Rusiya qarşıdurmasından faydalanaraq, Firat çayının şərqində PYD-nin nəzarətində olan neft bölgəsi almaq istəyir.
ABŞ bunu edərsə, strateji müdafiə sahəsində qazanc əldə edə biləcəyini hesablayır.
Nə etməli?
Düzdür, ABŞ bu strategiyada müvəffəq olarsa, Suriyadakı “pisin yaxşısını” təmin edəcək və Suriyaya federal konstitusiyanı və Suriyadakı PYD muxtar bölgəsini qəbul etdirəcək.
Şübhəsiz ki, bunda Türkiyənin bütöv strategiyasının olmaması və AKP hökumətinin iki gündəliyinin olması da rol alır.
Tamam, Türkiyənin Suriyada apardığı əməliyyatlar “ABŞ koridoru”nu Firatta sonlandırdı. Amma AKP-nin Firatın qərbində öz nüfuz dairəsi içində bir ASO (Azad Suriya Ordusu) koridoru qurmaqla Firatın qərbində azad koridor bölgəsinə razı olma şərtlərini də yaratdı.
Həmişə söylədik, indi də söyləyirik – AKP-nin Suriyada Rusiyaya yer verməsi üçün Rusiya ilə əməkdaşlıq etməsi, bunu ABŞ-la sövdələşmədə istifadə etmək siyasəti, yeni neo-Abdulhəmidçilik olduqca problemli bir yanaşmadır.
AKP bu yaxınlarda ABŞ-a Rusiya ilə münasibətlərinin strateji deyil, taktiki olduğu mesajını verib. Balans siyasəti və həyata keçirilən taktiki seçim mesajları böyük bir səhvdir. Türkiyənin ehtiyacı Suriya-Ağ dəniz -Liviya xəttindəki əsas təhdid sayılan ABŞ-a qarşı Rusiya ilə əməkdaşlığı strateji səviyyəyə qaldırmaqdır.
Tərcümə Strateq.az-ındır.