Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda iyunun 14-də baş verən zəlzələ nəticəsində zərər görən evlərin sakinləri üçün bölgəyə 500 çadır göndərilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, AFAD-a məxsus 13 maşın və 59 əməkdaş təbii fəlakət bölgəsinə yollanıb.
Ən son məlumata görə, Yeddisu rayonunun Elmalı və Dinarbəy kəndlərində 10 ev dağılıb. Kaynarpınar kəndindəki təhlükəsizlik poçtu çöküb və burada xidmət aparan 3 nəfər yaralanıb. Yeddi nəfər dağıntılar altından çıxarılıb. Yaralananların vəziyyəti normaldır.
Məlumat verilib ki, vitse-prezident Fuat Oktay və Daxili İşlər naziri Süleyman Soylu təbii fəlakət bölgəsinə gedəcəklər.
Qeyd edək ki, iyunun 14-də yerli vaxtla saat 17:24-də 5,7 bal gücündə baş verən zəlzələdən sonra saat 20-yə qədər 4,7 bal və ondan zəif olmaqla 22-dən çox yeraltı təkan olub. Elazığ, Muş, Ərzurum və Diyarbəkir bölgələrində də hiss olunan yeraltı təkan əhali arasında böyük təşviş yaradıb. Ekspertlərin ilkin açıqlamalarına görə, zəlzələnin episentri Anadolu bölgəsinin ən aktiv seysmoloji zolaqlarından birindədir.
***19:40
Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda iyunun 14-də yerli vaxtla saat 17:24-də 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində Kaynarpınar kəndindəki təhlükəsizlik poçtunda xidmət aparan üç nəfər yaralanıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki. bu barədə Bingöl valisi Kadır Əkinçi açıqlama verib.
Bölgə KİV-lərinin məlumatına görə, bəzi tikililərdə çatlar əmələ gəlib. Dağ yollarında uçqunlar baş verib.
Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum bildirib ki, nazirliyin əməkdaşları təbii fəlakət bölgəsinə ezam olunublar.
Qeyd edək ki, Elazığ, Muş, Ərzurum və Diyarbəkir bölgələrində də hiss edilən yeraltı təkan əhali arasında böyük təşvişə səbəb olub. Ekspertlərin ilkin açıqlamalarına görə, zəlzələnin episentri Anadolu bölgəsinin ən aktiv seysmoloji zolaqlarından birinə düşür.
***19:04
Türkiyənin Bingöl vilayətində 5,7 bal gücündə zəlzələ baş verib.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar iyunun 14-də yerli vaxtla saat 17:24-də qeydə alınıb. Zəlzələ ətrafdakı vilayətlərdə də hiss olunub. Əhali arasında böyük təşviş yaranıb.
Dağıntı və xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.