Seçkilərə müdaxilə, hərbi baza planı, neft-qaz sənayesinə nəzarət planı olub
Rusiya Liviyada hərbi baza yaratmaq və bölgədə ABŞ-a qarşı çıxmaq məqsədi güdür. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi Liviya hökuməti tərəfindən tutulan rus agentlərinin ifadələrinə əsasən məqalə dərc edib.
Liviya Milli Barış Hökuməti ölkədəki Rusiyanın özəl hərbi qurumlarından birinin işçilərinin bölgədəki hərbi və iqtisadi vəziyyət haqqında məlumat topladığını Agentliyə bildirib. Dindirilmə zamanı Maksim Şuqaley və Samer Suefan deyiblər ki, onlara Liviyadakı seçkilərdə Rusiyaya sadiq namizədlərin seçilmələrini təmin etmək vəzifəsi verilib. Onlara başqa iki Rusiya agenti - Alekandr Prokofiev və Konstantin Aleksandrov tərəfindən kömək edildiyi iddia olunur.
Məqalədə qeyd olunub ki, rusların Liviyada hərbi baza qurması və ABŞ-a qarşı planlarla bağlı konkret sənədlərin olduğu mobil telefon və kompüterlər ələ keçirilib. Bundan əlavə, agentlər Rusiyanın Liviyadakı neft və qaz sənayesinə tam nəzarəti təmin edə bilmək üçün səy göstəriblər.