LİVİYADA KƏSİŞƏN İTTİFAQ MARAQLARI:Rusiya Avropaya gedən qaz xəttinə nəzarəti ələ keçirə biləcəkmi? - TƏHLİL


Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 26 may 2020-ci il

 

Rusiya ilə bir neçə mövzuda anlaşa bilmişik. Liviya mövzusunda da bir çox problem Prezident Ərdoğan və Putinin birbaşa müdaxiləsiylə həll edilib.

İndi gəldiyimiz vəziyyətə nəzər saldıqda, yeni böhran şəraitinin yarandığını görə bilirik.  Türkiyə beynəlxalq maraqları daxilində hərəkət etdiyi Liviyada ciddi uğurlara imza atır. Daha açıq səsləndirsək, Türkiyənin hərbi dəstək verdiyi Milli Birlik Hökuməti bu sahədə ciddi uğurlar qazanır.

Uzun müddətdən bəri Rusiya və Fransa, aradabir ABŞ, BƏƏ, Misir kimi koalisiyalara güvənən Həftar əlində olan ən vacib hərbi bazalarını itirib.

Bu məğlubiyyətdən Rusiya dəhşətə gəlməlidir – hansı ki, Həftara dəstək üçün 8 hərbi təyyarə göndərmişdi. Putinin “Bizim Liviyada, faktiki olaraq, hərbi qüvvəmiz yoxdur və biz savaşmırıq” deməsinə baxmayaraq, bölgədə Rusiya var və hər cür müdaxilə ilə Həftarın uğuru üçün çalışır.

Yaxşı, bəs nə üçün Rusiya açıq şəkildə Həftarın yanında olduğunu bildirməyə çəkinir?

Soruşulduqda, özünü tərəfləri masa arxasına gətirən mövqedə gördüyünü bəyan edir. Amma faktiki addımlara nəzər salsaq, Həftara ciddi dəstəyin arxasında Rusiya var!

Rusiya hər dəfə Suriya məsələsində mövqeyini qanuni hökumətlərə verdiyi dəstək çərçivəsində müəyyənləşdirdiyini bildirib. Suriyada “legitimlik” arqumentiylə Əsədi dəstəkləyən Rusiyanın BMT-nin Liviyada tanıdığı qanuni Tripoli Hökumətinə qarşı çıxması öz arqumentini heçə saymaq mənasına gəlir. Buna görə də Həftara dəstək verməyə davam edərkən, ənənəvi tezisini də təkzib etməmək üçün qanuni hökumətə qarşı olduğunu göstərməməyə çalışır. Bir tərəfdən, Türkiyə ilə münasibətləri korlamaq istəmir, digər tərəfdən də Liviyanın Avropanı təmin edən qaz kəmərini nəzarət altına almağa çalışır. Yəqin ki, buna da Həftardan başqa bir kimsəylə nail ola bilməyəcəyni anlayır, ona görə də qanuni hökumətin Türkiyə ilə anlaşmasını, rəsmi formada olmasa da,  qeyri-rəsmi şəkildə əngəlləmək istəyir.

Eyn zamanda, Rusiya ABŞ tərəfindən özünə qarşı qurulan mühasirəni də Liviyadakı nüfuzu ilə yarmaq istəyir. Fransa və Rusiyanın bu mənada ittifaq qurmaq şansı Makronun əlindən çıxıb, Liviyada yenidən söz sahibi olmaq arzusunun arxasında isə təbii qaz ehtiyacının olduğunu unutmamaq lazımdır.

İtaliya, Liviya və Türkiyənin yan-yana gəlməsi Fransa, Rusiya, BƏƏ, Yunanıstan, Misir və İsrail alyansını bərk narahat edir. Həftarın “faydalı oyuncaq” olaraq qəbul edildiyi aydındır. Buna görə də, Türkiyənin Liviyadakı varlığı Həftara qarşı yox, onu dəstəkləyən ittifaqa qarşıdır.

Avropa təbii qaz ehtiyacı məsələsində Rusiyadan asılılıqdan qurtulmaq niyyətindəykən, Liviya üzərində təsirini gücləndirmək istəyən Rusiyanın necə bir hədəf seçdiyini anlamaq lazımdır. Bunu edərkən, Türkiyə üzərindən Rusiyaya aid hər hansı təbii qaz xəttinə zərər verməməlidir. Buna görə də Liviyada Türkiyə ilə qarşı-qarşıya gəlmək, Türkiyə-Rusiya arasındakı enerji xətlərinin təhlükəyə atılması deməkdir.  Türkiyənin bu mövzudakı kozırı bəllidir.  Bu, diplomatik əlaqələrin çalışmasını daim aktual saxlayacaq.

Həftarın masadan qaldırılması, qanuni Liviya hökuməti ilə razılaşmasına mane olunmasının  əsas hədəfi Liviya ilə Türkiyə arasında müqavilənin qəsdən pozulmasıdır. İtaliyanın münasibəti və Fransanın yer aldığı ittifaqa qarşı çıxması mənalı siyasi qazancdır. İtaliya Fransanın hər fürsəti dəyərləndirərək bölgəyə girmək cəhdinin qarşısını Türkiyə-Liviya xəttini dəstəkləyərək almaq istəyir. Bu xətt isə İtaliya daxilində “siyasi azadlıq” mənasını daşıyır.

Liviyanın gerçək övladı, bir zamanlar “Səhra aslanı” adlandırılan və Qərbin müstəmləkə siyasətinə qarşı mübarizə aparan şəhid Ömər Muxtar kimi hadisələrə yanaşan qəhrəmanların yerinə, Həftar kimi satqınların niyə dəstəkləndiyini anlamaq indi çətin deyil!

Tərcümə Strateq.az-ındır

Tarix: 28-05-2020, 11:53
Xəbəri paylaş



Xəbər lenti