Liviyada Milli Razılaşma Hökumətinin qiyamçılar üzərində qələbə qazanması Türkiyənin bu bölgədəki geosiyasi mövqelərini təmin edib.
Artıq qiyamçıların başçısı Xəlifə Həftər Liviya ordusunun irəliləməsi fonunda məğlubiyyətə çox yaxın görünür. Təbii ki, bütün bunlar Türkiyənin rəsmi Tripoliyə hərbi dəstək verməsi və “Qəzəb vulkanı” adlı əməliyyata başlamasından sonra mümkün olub. Türkiyəyə məxsus uçan pilotsuz aparatların və dronların endirdiyi dəqiq aviazərbələr qiyamçıların mövqelərini tamamilə sarsıdıb. Fəyaz Sərac hökumətinin qələbə qazanmaq şansının hər gün artması general Həftərə dəstək verən ölkələri mövqeyinə yenidən baxmağa vadar edib.
Ümumiyyətlə, Liviyada gedən döyüşləri bu ölkədə marağı olan iki böyük koalisiyanın qarşıdurması kimi də nəzərdən keçirmək olar. Yəni bu proses yalnız Liviya Milli Razılaşma Hökuməti ilə qiyamçı Həftər arasında silahlı münaqişə deyil. Hər iki tərəfin arxasında böyük dövlətlərin olması Liviya uğrunda böyük geostrateji mübarizənin getdiyini göstərir. Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Yunanıstan qiyamçılara, Türkiyə, ABŞ, Qətər, İtaliya, Tunis MRH-ə dəstək verir. Almaniya bu məsələdə özünü bitərəf kimi təqdim etməyə çalışsa da Liviyada marağının olduğunu açıq nümayiş etdirir. Ona görə də böyük dövlətlər Liviyada davam edən Vətəndaş müharibəsində öz iştirakını getdikcə daha açıq şəkildə büruzə verir. Lakin bütün proseslər
Türkiyənin 2019-cu ilin noyabr ayında Liviyanın baş naziri Fəyaz Səracla hərbi yardım haqqında müqavilə imzalamasından sonra dəyişməyə başladı. Türkiyə hərbçilərinin Liviyaya göndərilməsindən sonra Həftər milislərinin Tripoli hava limanını ələ keçirməsinin qarşısı alındı. Ardınca isə Türkiyə hərbi hava qüvvələrinin əməliyyatda iştirakı Həftərin yaşayış məntəqələrinə, hərbi bazalara nəzarəti itirməsi ilə nəticələndi.
Hazırda Liviyada geosiyasi balans Türkiyənin xeyrinə dəyişməkdədir. Rusiya, BƏƏ və Misirin qiyamçılara fəal hərbi yardımları artıq fayda vermir. Diqqətçəkən məqamlardan biri isə bu ilin fevral ayında Suriyanın İdlib bölgəsində olduğu kimi, Liviyada da Rusiya və Türkiyənin geosiyasi maraqlarının toqquşmasıdır. İdlibdə olduğu kimi, Liviyada da Rusiya və Türkiyə arasında qeri-rəsmi hərbi qarşıdurma yaşanır. Türkiyə PUA-ları Rusiyanın Həftərə verdiyi “Pansir-S” raketdən müdafiə sistemlərini sıradan çıxarır, “Qrad” qurğularını vurur. Rusiyanın muzdlu “Vaqner” qrupu isə türk zabitlərin təlim keçdiyi Liviya ordusuna qarşı döyüşür.
Ancaq bütün səylərə baxmayaraq, qüvvələr nisbəti Türkiyənin xeyrinə dəyişir. Ekspertlərin fikrincə, hadisələr belə davam edərsə, Suriyanın şimalına nəzarət edən Türkiyənin Liviyada da möhkəmlənməsi, hətta neft və qaz yataqlarının istismarında pay sahibinə çevrilməsi rəsmi Ankaranın Yaxın Şərqdə təsirini xeyli gücləndirə bilər.
Yaranmış vəziyyəti təhlil edən Avropa Xarici Münasibətlər Şurası da Türkiyənin mövqelərinin güclənməsi ilə bölgədə yeni geosyasi mənzərənin yaranmasına diqqət çəkib. “Avropa ölkələri Liviya münaqişəsinin siyasi yollarla çözülməsini canlandırmalıdırlar, çünki Türkiyənin bu ölkədə hazırkı mövqeyinin güclü olması buna imkan verir”-adıçəkilən analitik mərkəzin təhlilində belə deyilir.
Politoloqların fikrincə, avropalılar Türkiyənin Liviyada güclənən mövqeyindən yeni siyasi reallığın yaradılması üçün istifadə etməlidir. Məqalədə qeyd edilir ki, MRH qoşunlarının son hərbi uğurları qərbi Liviyanın Həftər qüvvələrindən tam təmizlənməsinə imkan verib.
Qeyd olunur ki, milli hökumətin uğurları Türkiyə hava hücumundan müdafiə sistemlərinin və dronlarının köməyi ilə mümkün olub. Belə bir vəziyyətdə Həftər hava məkanında üstünlüyü ələ ala bilməsə, uduzmaqda davam edəcək.
Mərkəzin yazdığına görə, Ankara Həftərı Tripolidən və onun ətraflarından tam çıxarmaq əzmindədir. Təhlilçilər Türkiyənin Liviyada Rusiyanın Suriyadakı siyasətindən öyrəndiyini bildirirlər. Türkiyə hərbiyyəsi də Liviyaya hökumətin dəvəti ilə gəlib və bu məsələdə Avropa ölkələri arasında fikir ayrılığından istifadə edib. Məqalədə deyilir ki, belə görünür, Həftərın əsas müttəfiqlərindən Rusiya da mövqeyini yenidən nəzərdən keçirir. Moskva son zamanlar Liviya parlamentinin spikeri Aqil Salehin yeni təşəbbüsünü dəstəkləməklə fəaliyyətini siyasi müstəviyə keçirmək qərarına gəlib. Məqalədə deyilir ki, Avropa ölkələri məhz yaranmış bu vəziyyətdən fürsətlənərək Türkiyənin artmaqda olan nüfuzundan maksimum faydalanmalıdırlar. Müəllifin fikrincə, Avropa ölkələri bu yaxşı fürsəti əldən verməməlidirlər.
Əgər bu imkan əldən verilsə, onda Avropanın lap yaxınlığındakı bu münaqişə daha da dərinləşəcək, Türkiyənin artan nüfuzu isə iştirakçısı olduğu müharibəni daha da qəlizləşdirəcək. Bu baxımdan, Türkiyənin Yaxın Şərqdə mövqelərinin möhkəmlənməsi və Rusiya, Misir, BƏƏ kimi əsas oyunçuları sıxışdırmağa başlaması Suriya münaqişəsinin həllində Ankaranın əlini gücləndirə bilər.
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Liviyada və Suriyadakı münaqişələr fərqlidir. Suriyada baş verənlər Türkiyə üçün daha önəmli xarakter daşıyır:
“Suriya məsələsi Türkiyənin təhlükəsizliyinin birbaşa təminatıdır. Çünki Suriyada və İraqdakı terrorçular birbaşa Türkiyənin ərazi bütövlüyünü təhdid edir, onun ərazi bütövlüyünə təhlükə yaradır. Ona görə də Suriyada və İraqdakı terrorçulara qarşı mübarizə aparmaq Türkiyənin ən təbii haqqıdır. Bu məqsədlə də həmin ölkələrdə maraqlarını təmin edən dövlətlərlə bu və ya digər şəkildə anlaşması var. Türkiyə, Rusiya və İran həm Suriyada, həm də İraqdakı proseslərə fərqli yanaşır. Bu ölkələrin ortaq maraqları Suriyanın və İraqın ərazi bütövlüyü ilə bağlıdır. Əlbəttə, Rusiya əvvəllər Suriyanın federativ dövlətə bölünməsini dəstəkləyirdi. Yaxud İraqın şimalında Kürd Muxtar Vilayətini dəstəkləyirdi. Hətta həmin ərazidə Rusiyanın neft şirkətləri fəaliyyət göstərirdi. Hətta Rusiya İraqın şimalına 6 milyard dollar sərmayə yatırmağa hazırlaşırdı. Lakin vəziyyət dəyişdi. Buna baxmayaraq, Rusiya İraqın şimalındakı qüvvələrlə əməkdaşlığı davam etdirir. Hətta perspektivdə İraqın ehtimal olunan parçalanmasına dəstək də verə bilər. Amma mövcud şəraitdə İraq və Suriyanın ərazi bütövlüyü Türkiyə və Rusiyanı qane etdiyindən bu məsələdə ortaq mövqe nümayiş etdirirlər.
Rusiyanın Bəşər Əsədi və onun silahlı dəstəklərinə hərbi, siyasi dəstək verməsi, onları silahlandırması Moskva ilə Ankaranın toqquşduğu əsas nöqtədir. Bu özünü İdlibdə daha çox büruzə verir. İdlibdə Türkiyə və Rusiyanın birgə patrul xidməti həyata keçirmək barədə razılaşması olsa da gərginlik hələ qalmaqdadır. Yəni razılaşmalar bir müddət sonra qarşıdurma yenidən baş qaldıra bilər. Lakin Suriyada və İraqda Türkiyənin maraqlarının təmin ediləcəyi ehtimalı yüksəkdir. Bu, hər iki ölkədə sabit hakimiyyət yaradılması, Türkiyənin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına təhlükə yaradan qüvvələrin Suriya və İradqan çıxarılmasından ibarətdir. Hər iki ölkədə qanunsuz silahlı dəstələr tərksilah edilməldir. Ötən Türkiyə və ABŞ arasında imzalanmış 11 maddəlik sazişə görə, Vaşinqton silahlı terrorçu qrupların tərksilah olunacağına dair öhdəlik götürüb. Perspektivdə Rusiyanın dəstəklədiyi silahlı dəstələrlə də bağlı Türkiyə ilə ortaq razılaşma olmalıdır. Yəni “yol xəritəsi” qəbul olunmalıdır. Əks təqdirdə, Rusiya Suriyadakı PKK-nı da dəstəkləyə bilər. Məlumdur ki, Kreml PKK-nın Rusiyada nümayəndələyinin açılmasına etiraz etməyib. Yaxud 2015-ci ildə Türkiyə ilə yaşanmış “Su-24” qalmaqalından sonra HDP lideri Səlahəddin Dəmirtaş Rusiyaya səfər etdi və prezident Putinlə görüşdü. Yəni Rusiya və Türkiyə arasında soyuqluq yaranacağı təqdirdə, Moskva PKK kartından təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq. Liviyada isə vəziyyət fərqlidir. BMT tərəfindən tanınan Liviya hökuməti Türkiyə hərbçilərini ölkəyə dəvət edib. Üstəlik, Türkiyə və Liviya arasında su sərhəddi var. Həmin ərazidə də neft və qaz yataqları yerləşir. Bu baxımdan, Liviya məsələsi Türkiyənin ərazi bütövlünüə təssir göstərməsə də iki ölkə arsındakı əməkdaşlığa dəstək verir. Bu yaxınlarda Türkiyədəki Milli Razılaşma Hökuməti iki şəhəri qiyamçılardan azad edib. Həftər isə Türkiyəni hədələyərək türk həbçilərini bombalayacaqlarını bildirib. Rusiya isə Həftərə dəstək məqsədilə altı ədəd “MİQ-29”, iki ədəd “SU-24” təyyarəsi verib. Bu təyyarələr Rusiyanın muzdlu “Vaqner” qrupunun əlindədir. Rəsmi Ankara da xəbərdarlıq edib ki, Türkiyə hərbçilərinin mövqelərinə zərbə endiriləcəyi halda, Türkiyənin Liviyada hərbi əməliyyatlar aparması qanuniləşəcək. Bu həm də Rusiyaya mesajdır. Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən telefon danışığında Liviyadakı vəziyyət də müzakirə olunub. Bundan sonra Rusiya və Türkiyənin xarici işlər nazirləri arasında Liviya məsələsi danışıqlar predmeti olub. İraq, Suriya, Liviya eyni geosiyasi zolaqda yerləşir. Bu xətt üzərində Türkiyə ilə Rusiyanın toqquşan çoxsaylı maraqları var. Həmin fikir ayrığını isə bir dəfəyə həll etmək mümkün deyil. Çünki tərəflər eyni cəbhədə deyil. Türkiyə xəttin bir tərəfində, Rusiya isə digər tərəfindədir. Rusiya Həftəri müdafiə edir, Türkiyə isə beynəlxalq ictimaiyyət tərəfindən qanuni sayılan hökuməti dəstəkləyir. Suriyada Türkiyə öz ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün mübarizə aparır, Rusiya Bəşər Əsəd rejimini müdafiə edir. Bu təzad tərəflərin birdəfəlik plan qurub həmin istiqamətdə hərəkət etməsinə mane olur”.
Sədrəddin Soltan onu da bildirdi ki, Rusiyanın Suriyada üstünlüyünün qalması, əsasən, iki amildən asılıdır. Birincisi, Rusiyanın iqtisadi, sosial vəziyyəti ilə bağlıdır. Çünki Suriyada hərbi iştirakını davam etdirilməsi maliyyə xərcləri tələb edir. İkinci amil Bəşər Əsəddən sonra hakimiyyətə gələcək siyasi qüvvənin Rusiyanın Suriyada qalmasına münasibətindən asılıdır. Yəni hakimiyyət dəyişikliyi Rusiyanın Suriyada qalmasına təsir göstərər bilər. Amma Türkiyə və Suriya əbədi qonşu olacaq. Tarix isə sübut edir ki, üçüncü xarici qüvvə nə vaxtsa həmin ərazini tərk etməlidir.