İsveçin koronavirus pandemiyasına qarşı strategiyası digər Avropa ölkələrinə baxanda xeyli yüngül olub. Bu ölkədə barlar, restoranlar bağlanmayıb, məcburi qadağalar qoyulmayıb.
Ölkənin sərhədləri açıqdır. Barlar, restoran və kafelər müştərilərə xidmət göstərərkən “masalar elə məsafədə qoyulur ki, qələbəlik yaranmasın”, adamlar yeyib-içən zaman həmişə əyləşmiş vəziyyətdə olurlar.
Saç salonları, idman zalları, yoqa studiyaları, hətta bəzi kinoteatrlar işləyir. Vətəndaşlara yalnız vacib hallarda səyahət etmək tövsiyəsi verilib. Kütləvi tranzitə heç bir məhdudiyyət qoyulmayıb.
Məcburiyyət və könüllülük
İsveçin strategiyası bəzi məcburi məhdudiyyətləri könüllü sosial məsafə saxlama kimi açıq tövsiyələrlə birləşdirir. Aprelin 1-dən qocalar evlərinə ziyarətlər dayandırılıb, “yaşlıların koronavirusun yayılmasına qarşı daha çox qorunmalı olduqları” əsas gətirilib. Muzeylər bağlanıb. İdman və mədəniyyət tədbirləri, 50-dən artıq adamın bir yerə yığışması qadağan olunub. Orta məktəblərdə və universitetlərdə dərslər dayandırılıb, onlayn dərs keçilir.
Amma bir çox ölkələrlə müqayisədə İsveçin bu qadağaları daha yüngül sayılır, adamlar karantinlə üzləşmədən gündəlik işləri ilə məşğul olurlar, ictimai yerlərdə maska taxmaq məcburiyyəti də yoxdur.
İsveçin Səhiyyə naziri Lena Hallengren deyir ki, İsveçdə həyat öz axarı ilə gedir. O, “Azadlıq” radiosuna müsahibəsində ölkənin strategiyasının digər ölkələrlə eyni məqsəd daşıdığını söyləyib. “Yəni, məqsəd xəstəliyin yayılmasının, səhiyyə sisteminin çökməsinin qarşısını almaq, zəifləri qorumaqdır. Bu strategiya İsveç xalqının şəxsi məsuliyyət daşıyacağına bəslənən inama əsaslanır”, Hallengren deyib.
“Çox məsuliyyətlidirlər”
“İsveç xalqı buna əsasən əməl edib. Onlar çox məsuliyyətlidirlər. Biz ölkə daxilində əməkdaşlıq edirik, İsveç xalqı heyrətamizdir və hüquqi tədbirlərə faktiki əməl edirlər, eyni zamanda çox böyük məsuliyyət daşıyırlar. Ölkənin işçi qüvvəsinin 30 faizə yaxını evdən işləyir, ictimai nəqliyyatdan istifadə 60 faiz azalıb”-deyə nazir vurğulayıb. Hallengren deyib ki, İsveç hökuməti məhdudlaşdırıcı strategiyanın tam karantin kimi bir neçə həftə deyil, bir neçə ay davam edəcəyinə ümid edir.
Hökumətin yanaşmasını isveçlilər əsasən dəstəkləsələr də, heç də hamı məmnun görünmür. Sosial mediada əhalinin sıx göründüyü barların, restoranların, Stokholmum mərkəzi parklarının fotoları yayılır və bu da narahatlıq yaradır.
Aprelin 26-da Stokholdan beş restoran bağlanıb, müfəttişlər müştərilərin həddən çox olduğunu, fiziki məsafəni gözləmədiklərini aşkarlayıb. Həmin restoranlara qabaqcadan xəbərdarlıq olunubmuş.
Martın sonunda 2 minədək isveçli tədqiqatçı petisiya imzalayaraq hökuməti “Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq” koronavirusa qarşı dərhal tədbirlər görməyə çağırıblar. Petisiyanı imzalayanlar sırasında Nobel Fondunun sədri Karl Henrik Heldin də olub.
İsveçin “könüllü əməkdaşlıq və fərdi məsuliyyət” strategiyası“sürü immuniteti” yaratmaq məqsədi daşımır, bunu dövlətin baş epidemioloquAnders Tegnelldeyib. Sürü, yaxud kütlə immuniteti o deməkdir ki, əhalinin böyük hissəsində xəstəliyə qarşı immunitet yaranır, immunitet yaranmayan şəxsləri dolayısı ilə “sürü mühafizəsi” ilə təmin edir. Amma alimlərin fikrincə, COVID-19-dan sağalan şəxsdə immunitet yaranacağı, yaxud yenidən yoluxa biləcəyi aydın deyil.
Rəqəmlər
İsveçdə yayılmış bir tədqiqata görə, mayın əvvəlinədək ölkənin 10 milyonluq əhalisinin üçdə biri koronavirusa yoluxmuş olacaq.
Aprelin 29-dək İsveçdə koronavirusa 20 minə yaxın təsdiqlənmiş yoluxma və 2 min 355 ölüm halı qeydə alınıb. Adambaşına düşən yoluxma və ölü sayıİrlandiya ilə müqayisə oluna bilər. Bu ölkə isə sərt karantin tədbirləri görüb.
Amma məsələn, əhali sayıİsveçlə eyni olan, sərt qadağalar tətbiq etmişÇexiyadakı rəqəmlər daha fərqlidir: 7 min 504 yoluxma, 227 ölüm. Digər tərəfdən, İsveçdə hər 100 min nəfərə 23 ölü düşdüyü halda, Belçikada bu 64, İspaniyada 51, İtaliyada 45, Fransada 35, Britaniyada 31, Niderlandda 27-dir.
Bütün bu ölkələr məcburi karantin tədbirləri görüblər, məktəblər, şirkətlər bağlanıb. İsveçin səhiyyə naziri ölkəsinin epidemiyanın pik həddinə hələ çatmadığını etiraf edir.
Onun sözlərinə görə, ölkə xəstəxanalarında, intensiv terapiya şöbələrində əlavə çarpayılar var. üstəlik, hökumət gələcəkdə məhdudiyyətləri gücləndirməyə həmişə hazırdır. Aprelin əvvəlində parlamentin qəbul etdiyi qanun hökumətə sərt fövqəladə tədbirlər görmək səlahiyyəti verib. (azadliq.org)
Tarix: 30-04-2020, 15:30