“Hər yerdə əsgərlər, polis bölmələri, baza bölgələri və kəşfiyyat şəbəkələri dolaşır. Türk ordusu addım-addım Qəndilə doğru irəliləyir. Bölgəyə hakimlik edir”.
Cebhe.info-nun məlumatına görə, PKK terror təşkilatını idarə edənlərdən biri hesab olunan İsmayıl Nazlıkul belə deyib. Eyni zamanda, Oda TV-nin əməkdaşı professor Hüseyin Nazlıkulun qardaşı və PKK-nın qondarma Mərkəzi Komitəsinin üzvü, “Kasım Engin” kod adlı İsmail Nazlıkul, təşkilatın media orqanına açıqlama verib.
PKK rəhbəri etiraf edərək bildirib ki, Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin əsas idarəçiləri hədəfə alan nöqtəli əməliyyatlar nəticəsində PKK çox ağır itkilər verib. O, Şimali İraqın MİT-in qərargahına çevrildiyini söyləyib.
“Onlarla türk hərbi qərargahının və yüzlərlə polis məntəqəsinin inşa edilməsi, türk dövləti üçün çalışan minlərlə yerli məlumat şəbəkəsinin meydana gəlməsi təhlükəli həddə çatıb. Türk dövləti əməliyyatdan əvvəl hər nöqtədən kəşfiyyat xəbəri aldı, daha sonra onlarla komandirimiz Zeki Şenqali, Diyar Qarip və Tekoşer Zaqros KDP (Kürdüstan Demokrat Partiyası) tərəfindən MİT-yə verilən kəşfiyyat məlumatı ilə öldürüldü”-Nazlıkul belə deyib.
Onun sözlərinə görə, Türkiyə tərəfindən axtarışda olan və adı “Terrorçuların qırmızı siyahısı”na salınmış Zin Avesta kod adlı Hafize Özdemir bu ilin fevral ayında xərçəng xəstəliyindən ölüb. 1993-cü ildə PKK sıralarına qoşulan 44 yaşlı Özdemir barədə məlumat verən şəxsə Türkiyə hökuməti 10 milyon lirə mükafat vəd etmişdi. Nazlıkul onu da bildirib ki, Şimali İraq Kürd Muxtariyyatı MİT-lə sıx əməkdaşlıq edir. Bunun nəticəsində Türkiyə kəşfiyyatı bölgəyə hakim olub. Qəndilə çıxış imkanı verən Zini Verte kəşfiyyat mərkəzlərindən birinə çevrilib.
“Türk dövləti hər yeri tutur, tutduğu əraziləri tərk etmir, yeni polis bölmələri və baza məntəqələri qurur. Xüsusi təyinatlıların və “komando qüvvələri”nin taborlarından əsgərlər yerləşdirir. Mövcud olduğu bölgələrinin sayını gündən-günə artırmaqla addım-addım Qəndilə doğru irəliləyir. KDP bizi sıxışdırma əməliyyatlarına rəhbərlik edir. Bradost başda olmaqla bütün sahələrdə olduğu kimi, indi də Zini Vertedə məskunlaşıblar”-PKK baş terrorçusu etiraf edib.