Səudiyyə Ərəbistanı Rusiyanı Avropanın neft bazarından çıxarır

 

Azərbaycan da zərər çəkir..

Səudiyyə Ərəbistanı Rusiyanı Avropanın neft bazarından çıxarmaqdadır. Belə ki, bu ölkənin Avropaya satdığı neftin qiymətinə təklif etdiyi endirimlər nəticəsini verir.

Reuters-in yazdığına görə, Avropa ölkələri aprelin əvvəlindən etibarən ərəb neftinin alışını kəskin artırıblar. Polşa isə ümumiyyətlə, Rusiyanın dəniz neftini almaqdan tamamən imtina edib. Aprelin əvvəlindən bəri bu ölkə rekord həcmdə - 560 min ton Səudiyyə nefti alıb. Treyderlərin məlumatına görə, may ayında da ərəb neftinin Polşaya çatdırılma həcmlərində dəyişiklik nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Rusiya Polşaya yalnız uzunmüddətli müqavilə əsasında boru kəməri ilə neft sata biləcək.

Aprel ayında həmçinin Səudiyyə neftinin İtaliya, Türkiyə, Yunanıstan və Fransaya satışında da ciddi artım qeydə alınıb. “Refinitiv Eikon”un məlumatına görə, bu ay Avropada ərəb neftinin satış həcmi 29 milyon barelə çatacaq. Bu, 2016-cı ildəki rekord həcmdən bir qədər az olsa da, artımın pandemiyaya görə istehlakın azaldığı bir vaxtda baş verməsi Səudiyyə neftinin Avropa bazarında payının daha çox böyüməsindən xəbər verir.

Qeyd edək ki, Azərbaycan neftinin də əsas satış bazarı Avropa, xüsusilə də İtaliyadır. Ucuz ərəb neftinin bu bazarda möhkəmlənməsi bizim neftimizin də satışına ciddi maneələr yaradır./Musavat.com/

Tarix: 22-04-2020, 11:54
Xəbəri paylaş



Xəbər lenti