Demokratik ölkələrdə vətəndaşlara bütün imkanlar yaradıldığı halda, Rusiyada kasıb təbəqə dövlət dəstəyindən məhrum qalıb
Koronavirus pandemiyası səbəbindən işsiz qalan insanların sosial müdafiəsi üçün dünyanın, demək olar ki, bütün ölkələrində tədbirlər planı hazırlanır, sahibkarlığa dəstək göstərilir. Bəzi ölkələrdə görülən tədbirlər vaxtında və adekvat oldu, bəzi ölkələr isə gecikdi.
Bu vəziyyətdə olan insanlar seçdikləri hökumətlərin məsuliyyət hiss edəcəyini və vətəndaşların problemlərinə həssas yanaşacağına ümid edirlər. Demokratik ölkələrdə insanların bu ümidləri yerdə qalmır. Lakin avtoritar, demokratik təsisatları zəif olan ölkələrdə işlər bir qədər mürəkkəbdir.
Birinci halda ölkənin böyük məbləğdə xarici borcu olsa belə (məsələn, ABŞ-ın 23.5 trilyon, Almaniyanın 2,5 trilyon dollar), ölkələrin rəhbərlikləri həm fiziki şəxslər, həm də özəl şirkətlərin, iqtisadiyyatın dəstəklənməsi üçün vəsait tapır. İkinci tip ölkələrə gəldikdə isə, ÜDM-ə nisbətdə az miqdarda xarici borcu və ehtiyat fondlarında böyük ehtiyatları olsa da, seçiciləri qarşısında məsuliyyət hiss etmədikləri üçün, sonrakı aclıq iğtişaşlarını və xaosu nəzərə almadan, əhaliyə kömək etmək üçün mümkün qədər az pul ayırmağa çalışırlar.
Hazırkı vəziyyətdə əhaliyə ən çox yardımı Qərb ölkələri göstərdi: ABŞ - 3,258 trilyon dollar, Almaniya - 1,4 trilyon dollar, Yaponiya - 989 milyard dollar, Böyük Britaniya - 765 milyard dollar, İtaliya - 430 milyard dollar, Fransa - 376 milyard dollar, İspaniya - 219 milyard dollar, Avstraliya - 109 milyard dollar, Kanada - 75 milyard dollar. Və bu, hələ son hədd deyil. Çünki bu ölkələr vaxtaşırı maliyyələşdirməni nəzərdən keçirir və əlavə vəsaitlər də ayırır.
Bəzi ölkələrdə isə dövlət ölkənin hər bir sakininə, o cümlədən uşaqlara müəyyən məbləğ ödəyir: ABŞ - 1200 dollar, Hong Kong - 1300 dollar və s. Bir qisim ölkələrdə vətəndaşlar kommunal ödənişlərdən azad olunurlar: Gürcüstan, Fransa və s. Başqa bir ölkə banklara kredit tətilini elan etməyi öz öhdəsinə götürüb: Yunanıstan). Fransa hökuməti maaşların 84%-ni ödəyir, üstəlik, elektrik enerjisi və kommunal xidmətlərə görə 3 aylıq təxirə salınma elan edib və iş yerlərinin qorunmasına, təxminən 345 milyard avro xərcləyir.
İqtisadi böhrandan çətinliklə çıxa bilən Yunanıstan öz vətəndaşlarına 800 avro birdəfəlik ödənişlər verib, dövlət kreditlərin 60 faizini öz üzərinə götürüb və kredtilər üçün 3 ay tətil imkanı yaradıb.
Böyük Britaniya kiçik müəssisələrə 10 min funt sterlinqədək qrant ayırıb, ipoteka kreditlərində üç aylıq dondurma, işəgötürənlərə verilən qrantların dayandırılmasına zəmanət, evdə qalmaq məcburiyyətində qalan işçilərə maaşın 80 faizini ödəyir! Ümumilikdə, büdcədən dəstək proqramları üçün 330 milyard funt sterlinq, kredit dəstəyi proqramı üçün isə 435 milyard funt sterlinq ayrılıb.
Çex Respublikasında işsiz qalan vətəndaşlara əməkhaqlarının 80%-i dövlət hesabına ödənilir. Bundan başqa, hər bir fərdi sahibkara 1000 avro yardım verilir.
Rusiyada isə... Xeyli götür-qoydan sonra, əhaliyə dəstək məqsədilə 1 trilyon rubl (13 milyard dollar) dəyərində anti-böhran proqramı qəbul edildi. Yenə də əslində adi insanların çox şey almadıqları məlum oldu. Yəni adambaşına 12,5 min rubl (160 dollar) düşür. Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, 18 milyon insan ayda, təxminən 200 milyard rubl (2,6 milyard dollar) qazanır.
Prezident Putin isə bölgələrə daha 200 milyard rubl - hər bölgəyə 3,5 milyard rubl ayıracağına söz verdi. Və o, “Yabloko” partiyasından Sankt-Peterburq Qanunverici Məclisinin deputatı Boris Vişnevskinin təklif etdiyi kimi 12 trilyon rubldan ibarət "küpəni"nin ağzını yoxsul vətəndaşlar üçün deyil, ölkənin təbii sərvətlərini, dövlət şirkətlərini, dövlət korporasiyalarını və məhkəmə banklarını idarə edən öz adamları üçün açdı. Sıravi vətəndaşlar, digər avtoritar rejimlərdə olduğu kimi, yenə də gerçək sosial dəstəkdən kənarda qaldılar...