Son günlər Rusiya mediasında türk ordusunun Suriyada yeni dron əməliyyatı həyata keçirə biləcəyi ilə bağlı narahatlıq müşahidə edilməkdədir.Hətta bu hücumun qarşısını almaq üçün rus ordusunun Əsəd rejimi ilə birlikdə türk əsgərinə qarşı birgə hücum əməliyyatları həyata keçirməklə bağlı təkliflər irəli sürülür.
Maraqlıdır, indiki məqamda Rusiya və Suriya ordularının Türkiyəyə qaşrı birgə cəbhə alması mümkündürmü? Belə bir cəbhələşmədən kim daha çox zərər görər?
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri Türkiyənin ona qarşı həyata keçirilən istənilən təxribatçı addıma qətiyyətlə cavab verəcəyini vurğulayıb:
“”Sülh çeşməsi” əməliyyatı nəticəsində Suriya ordusuna böyük zərbə vuruldu. Bu zərbələr fonunda Rusiyanın Suriyadakı hərbi maşını, onun nüfuzu da darmadağın edildi. Rusiyanın havadan müdafiə sistemləri də gözdən salındı. Türkiyənin silahlı inansız hava aparatlarının möhtəşəm hücumu ilə Rusiyanın Suriyanın havadan müdafiə sistemləri gözardı edildi. Artıq Suriyada Rusiya tərəfindən yaradılan qapalı hava məkanı məsələsi gündəmdən düşdü. Çünki türk dronları uzaq məsafədəki hədəfləri belə uğurla sıradan çıxara bildi.
Son görüşdəki Rusiya-Türkiyə anlaşmasına gəlincə, bildirmişdik ki, bu, uzunmüddətli bir anlaşma deyil. Çünki bu anlaşma İdlib bölgəsində məskunlaşan insanların təhlükəsizliyi ilə bağlı ciddi təminat vermir. Rusiya bu məsəlsədə öz üzərinə ciddi bir öhdəlik götürməyib. Ən əsası, bəzi qüvvələr tərəfindən dəstəklənən minlərlə terrorçu hələ də bölgədədir.
M-4 şossesi boyunca türk və rus hərbçiləri birgə patrul xidməti həyata keçirir. Hansı ki, bu fəaliyyətin də ciddi bir nəticə verəcəyi sual doğurur. Çünki bölgədəki əhali rus hərbçiləri və hərbi polisinin patrul xidməti keçirməsinə dəfələrlə etiraz edib. Odur ki, bölgədə hər an hərbi hərəkətliliyin yaşanması mümkündür.
Moskva görüşündən sonra da Türkiyə bidlridi ki, “Sülh çeşməsi” əməliyyatı dayandırılmayıb. Bu əməliyyatın zərbə qüvvəsi olan türk ordusu Suriyada mövcudluğunu qoruyub saxlayır. Buna görə də əgər Əsəd ordusu Suriyadakı türk ordusuna qarşı hər hansı təxribatçı addım atarsa, o zaman onları türk əsgərinin əlindən heç bir qüvvə xilas edə bilməyəcək. Rus ordusu bu məsələdə Əsədə dəstək verərsə, bu, Kremlə də heç bir xeyir gətirməyəcək. Türkiyə sərhədləri yaxınlığında nəinki Rusiya, hətta ABŞ belə türk ordusu üzərində uğur əldə edə bilməz. Çünki hərbi əməliyyatlar uzanarsa, o zaman hərbi təchizat məsələsi gündəmə gələcək ki, bu da Rusiya üçün problemə çevriləcək. Türkiyə lazım gələrdə İstanbul boğazını belə bağlaya bilər. Ona görə də Rusiya boyundan yuxarı tullanmaya çalışarsa, bu, onun üçün ciddi problemlərə səbəb ola bilər. Rusiya Suriya və Aralıq dənizi sahillərini birdəfəlik itirə bilər. Unutmaq olmaz ki, Türkiyə İdlib məsələsində tək deyil. Türkiyənin haqlı mövqeyini ABŞ və NATO da müdafiə edir”.