"Dənizə hara qədər girmək olar işarəsini pozanların hamısı Azərbaycan dilində danışanlar idi"


Oğlumla bağlı bir xeyli arzularım var. İstəyirdim ki, oğlum Azərbaycan dilini bilməsin, ingilis, fransızca danışsın, heç olmasa, rusca düşünsün, rusca fikirləşsin, rusca sevsin, rusca ayrılsın. Bu o demək deyil ki, mən öz dilimi bəyənmirəm, öz dilimə dırnaqarası, yuxarıdan aşağı baxıram. Elə deyil. Sadəcə, dil birbaşa təfəkkür hadisəsi olduğuna görə oğlumun azərbaycanca sevməsi, avtobusa azərbaycanca minib-düşməsi, çimərliyə azərbaycanca gedib-gəlməsi, dənizə azərbaycanca girib-çıxması, kafe və resotanlarda azərbaycanca yeyib-içməsi məni bir ata kimi çox narahat edir.

Bir dəfə dostumun ailəsi ilə birlikdə çimərliyə getmişdim. Kənardan diqqətlə fikir veririrdim, kim rus dilində danışırdısa onun oturduğu stolun ətrafında balaca bir zibil qabı vardı, qarpızın heç tumunu da yerə düşməyə qoymurdular. Azərbaycan dilində danışan ailələr isə qarpızı yeyib qabığını başının üstündən geri tullayırdı.


Yaşlı bir qadın vardı, xalat geyinmişdi, qıçını aralayıb qumun üstündə oturmuşdu, Azərbaycan dilində nəsə danışa-danışa semiçka çıtlayırdı, qabığını da ağzının seliyi ilə birlikdə yerə tüpürürdü.


Dostumun balaca oğlu var, yekə-yekə arvadlar yellənncəkdə yellənir, Azərbaycan dilində bir-birlərinə nəsə deyirdilər, uşaq da yanlarında zır-zır ağlayırdı, biri yerindən qalxıb demədi ki, bala, gəl bir az da sən yellən.


Azərbaycan dilində danışan adamlar dənizdə bir-birin boynundan tutub suya basır, özü də çıxıb oturur çiynində, fikirləşmir ki, bəlkə altındakının ürəyi partladı. Birdən altdakı azərbaycanlı delfin kimi sudan çıxıb göyə tullanır, təzədən o birisini basır altına, oturur üstündə.


Biri uzaqdan qışqırır:

- Ayə, qoyma, qaçdı.

O biri bağırır:

- Ayə, tut, tut, getdi.

Bir dəstəsi də bu tərəfdən səsin atıb başına:

- Vur, vur, ulğumun sıx, boğ...


Rus dilində danışan ailələr isə dənizdə elə çimirdilər, elə bil suyu sığallayırdılar. Danışanda elə danışırlar, ancaq ağızlarının tərpəndiyini görürsən. Qumu ayaqlarının üstünə elə səliqə ilə tökürdülər, elə bil cücələrə dən səpirlər. Azərbaycan dilində danışanlar bir-birlərin quma elə basdırırlar, Allah göstərməsin, elə bil dəfn edirlər, adamı ordan dartıb çıxarmaq üçün işə əlavə texnika cəlb olunmalıdır. Dənizə hara qədər girmək olar işarəsini pozanların hamısı Azərbaycan dilində danışanlar idi. Paltar dəyişmək üçün ayrılmış xüsusi yerlərdə növbəni pozanların hamısı Azərbaycan dilində danışanlar idi. Qumu bir-birinin ağzına dolduran uşaqların hamısı Azərbaycan dilində danışanlar idi.


Çimərliyə bir avtobus rusdilli istirahətə gəlmişdi, yerə düşən kimi ilk növbədə hərəsi əlinə sellofan alıb ətrafındakı zibilləri, qarpız qabığını yığmağa başladılar. Bir azərbaycandilli isə dənizdə qarpızla üzürdü.


Fikir verin, bir insanın azərbaycandilli, yoxsa rusdilli olub-olmaması ətraf mühitin mühafizəsi, məişət kimi ən primitiv şeylərdə - dənizə, günəşə, quma, qarpıza münasibətdə belə aydın şəkildə görünür, nəinki daha qlobal, bəşəri, böyük mahiyyət kəsb edən məsələlərdə. Adam necə narahat olmasın, necə ağrımasın? Ona görə də oğlumun gələcəyindən dəhşət narahatam. Mən dişimdən-boğazımdan kəsib onun ən bahalı bağçalara getməsini istəyirdim ki, davranışın rusca formasını öyrənsin, ingilis, fransız, ispan, heç olmasa, rusca düşünməsini, rusca sevməsini, rusca ayrılmasını arzulayırdım. Mən heç onun tanınmış şair, ziyalı babası Qəşəm Nəcəfzadəyə oxşamasını istəmirdim, o isə gedib bir hozunun tayı olacaq, qarpızı yeyib qabığını başının üstündən geri fırladan bir azərbaycandilli olacaq.


Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı...


Kəramət Böyükçöl
Tarix: 16-05-2021, 10:36
Xəbəri paylaş



Xəbər lenti