Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - "Fərəcov da bizə kömək etmir..." - VİDEO

Sumqayıt şəhərində sakinlər qeyri-qanuni tikinti ilə bağlı ciddi narahatlıq keçirir. Şəhərin Koroğlu küçəsi, ev 196A ünvanında yaşayan Həsənov Səbuhi Həmid oğlu redaksiyamıza müraciət edərək bildirib ki, yaşadığı evin qarşısında hündürmərtəbəli obyektin qanunsuz şəkildə tikintisi aparılır.

Bizimesr.com xəbər verir ki, sakinin sözlərinə görə, tikinti işləri zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəyib: “Tikinti aparılan müddətdə bir neçə evdə çatlar əmələ gəlib, evlər bir-birindən aralanıb. Bu isə sakinlər üçün ciddi təhlükə yaradır”.

Məsələ ilə bağlı tikinti rəhbərliyinə müraciət etdiklərini deyən sakin bildirir ki, onlara şikayət etməmələri tövsiyə olunub: “Dedilər ki, heç yerə şikayət etməyin, nə lazımdırsa özüm həll edəcəm. Amma artıq 4 aydır heç bir tədbir görülməyib. İndi isə tikinti rəhbəri bizi qəbul etmir”.

Sakinlər problemin həlli üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti-nə də müraciət etdiklərini, lakin bu qurumdan da nəticə əldə edə bilmədiklərini qeyd edirlər.

Hazırda ərazidə yaşayan vətəndaşlar vəziyyətin getdikcə daha təhlükəli hal aldığını bildirərək aidiyyəti qurumların məsələyə təcili müdaxilə etməsini tələb edirlər. Onlar həmçinin mediadan dəstək gözlədiklərini və problemin ictimailəşdirilməsinin vacib olduğunu vurğulayıblar.

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bizimesr.com

 



Tarix: Bu gün, 17:43
Xəbəri paylaş



Xəbər lenti