Gənc yazar Kəramət Böyükçöl son günlərin sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Onun iki gün fasiləsiz olaraq öz Facebook profilində canlı yayım açması, bəzi şəxslər və dövlət qurumları haqqında ən sərt ifadələrə yol verməsi, təhqirlər yağdırması, sonunda polis əməkdaşları tərəfindən kirayə qaldığı mənzildə saxlanılması baş verdi.Avqustun 19-da isə K.Böyükçöl sərbəst buraxılıb.Onun ətrafında gedən müzakirələrdə iktirəlik yaranıb. Gənc yazarı müdafiə edənlər də, işlətdiyi söyüşlərə, təhqirlərə görə sərt şəkildə tənqid atəşinə tutanlar da var.
Çoxları içkili vəziyyətdə canlı yayım açaraq, bu cür durum yaradan K.Böyükçölün həbsindən daha çox müalicə olunmasını vacib sayır və bu yöndə çağırışlar edir. Onun cəzalandırılması istiqamətində tələblərə də rast gəlirik.
AĞ Partiya başqanı Tural Abbaslı yaranan mövcud durumun hər kəsi üzdüyünü söylədi: “Təbii ki, kimin işlətməyindən və kimə qarşı işləməsindən asılı olmayaraq mən təhqirin hər formasının əleyhinəyəm. Ümumiyyətlə, ictimai-siyasi leksikondan təhqiri çıxartmaq lazımdır. Təhqir həm bizim milli-mənəvi dəyərlərimizə zidd olan bir yanaşmadır, həm də qanunvericiliklə qadağan olunan. Odur ki, gənc və istedadlı bir yazıçının ağzından təhqir eşitmək təbii ki, bizi üzür. Ancaq burada məsələnin ikinci bir tərəfi var ki, bu yazıçını kim və hansı şərait bu vəziyyətə gətirib çıxarıb. Mən düşünürəm ki, əsas müzakirə olunmalı və həll olunmalı olan bu məsələdir. Əslində isə Kəramət ziyalı kəsimə qarşı yürüdülən yanlış və ziyanlı siyasətinin simvoludur”.
ALDP rəhbəri Fuad Əliyev: “Buna nə deyəsən? İnsanlar təhqir və söyüşlərdən uzaq olmalıdır. Ona içkili vəziyyətdə bu fikirləri səsləndirmək haqq qazandırmır. Rusların bir deyimi var: “Ayıq adamın fikrində olanlar dəm adamın dilindədir”. Belə çıxır ki, dövlət tərəfindən ona verilən imtiyazlara baxmayaraq, o qəlbindəkini dilə gətirir”.
“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov: “Kimliyindən asılı olmayaraq, ritorikasında söyüş, təhqir olan adamlar cəmiyyətdə qınanmalı, qanunla cəzalanmalıdır. Azadlıq, demokratiya, sosial şəbəkə söyüş və təhqir üçün deyil. Texnologiyaların verdiyi imkanlar fikri, düşüncələri bölüşmək, cəmiyyətin bilmədiyi fikirləri onlara çatdırmaq üçündür. Ona görə bu ritorikaya haqq qazandırmaq mümkün deyil. Ziyalı, yaşından asılı olmayaraq aydın o şəxsdir ki, cəmiyyətə nəsə öyrədir, onu səhv yoldan çəkindirir. Özünü ziyalı sayan, az-çox qələmi olan kimsə ritorikasında cəmiyyətə ziyanlı ifadələr öyrədirsə onu qınamaq adi vətəndaşlıq borcudur. Zaman-zaman şəxsən özüm də, dostlarım da sosial şəbəkələrdə müəyyən siyasi qrupun trolları tərəfindən söyüş və təhqirlərə məruz qalmışıq. Dövlət başçısı ölkənin atributlarından biridir. Onu hədəfə alan təhqiramiz ifadələr qəti şəkildə yolverilməzdir. Tənqid, etiraz başqa şeydir, təhqir, söyüş isə başqa. Buna görə xüsusi cəza maddəsi var. Amma düşünürəm ki, dövlət onu bağışlayacaq, gəncliyinə, durumuna görə. Bəlkə də Kəramət Böyükçöl affekt vəziyyətində olub. Şəxsən izləməsəm də, oxuduqlarıma görə içkili vəziyyətdə belə olub. Atasının açıqlamasını oxudum, başa düşdüyüm bu oldu ki, o da Kəraməti içkidən uzaqlaşdıra bilməyib və bu halda olduqda onun aqressiyası güclənir. Hesab edirəm ki, onun müalicəyə ehtiyacı var və dövlət bu məsələdə onu nəzərə alacaq”.
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi öz Facebook profilində dövlətdən K.Böyükçölün bağışlanılmasını xahiş edib: “Mən bilmirəm, Kəraməti həbsə məhkum edəcəklər, ya yox?! Amma biz Kəramətlə və Kəramətlərlə bir cəmiyyətdə yaşamağa məhkumuq. Ona görə bu adamlar bizimlə, biz bu adamlarla, hamımız bu dövlətdə normal insanlar, vətəndaşlar olaraq yaşamağı öyrənməliyik. Kimisə tənqid edəndə də, tərif edəndə də ümumi qəbul olunmuş etiketi gözləmək lazımdır. Spirtli içki içsən də, qazlı-qazsız su içsən də, istənilən halda nə sənin tənqidin qərəzə, təhqirə keçməlidir, nə də tərifin yaltaqlığa, məddahlığa. İkisi də ifratdır. Mənim də bir balaca qələm, söz adamı kimi dövlətdən xahişim, umacağım budur: Kəramətin sözü həddini aşıbsa belə, onu sözə bağışlasın. Kəramətin özünə də sözüm var: biz içmirik, ölməmişik ki. Nədir bu istedadlı ədəbi gəncliyi spirtə məğlub edən səbəb?! Anlamıram. Bu içkinin daşını atın. Yoxsa sözün düzünü də desəniz, sizə həmişə daş atacaqlar. Bir də kimsəni təhqir etməyin. Hətta heç kimsəni. Təhqir acizlərin silahıdır. Sən ki özünü aciz saymırsan...”.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı qəti şəkildə söyüşün əleyhinədir: “Tutduğu vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq təhqir yolverilməzdir. Söyüşə həmişə nifrət etmişəm. Kimliyindən asılı olmadan nəyə görə söydüyünü bilsəm də, söyüş söyənə haqq qazandırmıram. Söyüş acizlik əlamətidir. Bəzən həllini tapa bilmədiyi problemlərin qarşısında aciz qalan insan etirazını söyüşlə bildirir. Söyüş söyənin cəmiyyətdə tutduğu mövqeyindən, vəzifəsindən asılı olmadan bu təhqirdir. Təəssüflər olsun ki, söyüş artıq siyasətə yönəlir. Kəramətin düşdüyü vəziyyət müvəqqətidir. Onu həbs etmək yox, müalicə etmək lazımdır”./
“Yeni Müsavat”/
Tarix: 19-08-2020, 22:10