“Bəzi məmurlar pandemiyaya vətəndaşlardan qurtulmaq üçün fürsət kimi baxırlar“


Karantin rejiminin tətbiqi bir çox vacib tədbirlərlə yanaşı vətəndaşların qəbulunu da arxa plana keçirib. Onlayn qəbullar baş tutsa da, bu, əvvəlki effekti vermir. Vətəndaşlar vəziyyətdən çıxış yolunu daha çox KİV-lə əməkdaşlıqda görürlər. Son vaxtlar redaksiyamızın poçtuna daxil olan şikayətlərin çoxluğu da bunu deməyə əsas verir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Yenisabah.az-a açıqlamasında  vətəndaşların məsafədən onlayn qəbuluna pis baxmadığını, hətta bunu dəstəklədiyini deyib:
“Pandemiyadan əvvəl də bizdə bəzi rəhbərlər, konkret desək, Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynli belə bir ənənənin əsasını qoymuşdu. Bu ona görə rahatdır ki, bir şəxs durub yüzlərlə kilometr yol gəlmir, problemini məsafədən demək daha sərfəlidir. Çox adamın həmin yolu gəlmək üçün heç pulu olmur. Ona görə də pandemiya dövründə onlayn qəbulların populyarlaşması müsbət haldır və davam etməlidir. Amma canlı qəbulların da öz üstün cəhətləri var. Təbii ki, əvvəl rayonlarda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, onların müavinləri, Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri qəbullar keçirirdi. Pandemiya dövründə isə bunlar səngidi”.  
Sahib Məmmədov vurğulayıb ki, indiki şəraitdə karantin qaydalarına əməl etməklə, sosial məsafə və izolyasiya tədbirləri  gözləməklə canlı qəbullar keçirilə bilər:
“Çünki bizdə yüksək vəzifəli şəxslər-Prezidentin köməkçiləri, nazirlər, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri  brifinqlər keçirirlər, jurnalistləri dəvət edirlər, biz bunların hamısını görürük. Yəni təxminən bu formatda canlı qəbullar da keçirilə bilər. Amma yenə də mən onun tərəfindəyəm ki, bundan sonra vətəndaşların onlayn qəbulu daha da genişləndirilsin. Lazım gəlsə, bu, qanunvericiliklə lap bərkidilsin. Müəyyən qəbullar onlayn, müəyyən qəbullar isə oflayn olmalıdır. Amma bütün halda vətəndaşın problemi həll olmalıdır. 
Vətəndaşlarin mətbuata sıxlıqla müraciət etmə səbəbi isə karantin dönəmində əhalinin problemlərinin artması ilə bağlıdır. Onu yalnız onlayn qəbulla əlaqələndirmək düzgün deyil. Çünki sosial qapanmanın yaratdığı məhrumiyyətlər insanlara daha çox problem gətirib”. 
Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə bir qədər fərqli mövqe sərgiləyib. Qeyd edib ki, həllini gözləyən problemlərin ortadan qaldırılması üçün məmurlarla vətəndaşlar arasında canlı təmaslara ehtiyac var:
“Karantin rejimi yumşalıb, SMS-lə icazə ləğv olunub. Bazar, dükan adamla doludur. Cavabdeh qurumların yarıtmaz fəaliyyəti üzündən bəzən bir avtobusda 200 nəfərin yol getdiyinin şahidi oluruq. Çimərliklərdə adam əlindən tərpənmək olmur. Əgər vətəndaş küçədə, avtobusda, bazarda koronavirusa yoluxmursa, məmurların qəbul otağında da yoluxmayacaq. Pandemiya üzündən yüzlərlə problem üst-üstə qalaqlanıb. Vətəndaşla canlı ünsiyyətə girmək, həmin problemləri həll etmək lazımdır".
Seymur Verdizadə bildirib ki, Azərbaycanda məmurlar həmişə vətəndaşlarla ünsiyyətdən yayınmağa meyl ediblər: 
"Heç pandemiyadan əvvəl də məmurlar vətəndaşlarla qol-boyun deyildilər. Nəinki yüksək ranqlı, hətta orta ranqlı məmurun qəbuluna düşmək həmişə müşkül olub. Hesab edirəm ki, bəzi məmurlar pandemiyaya vətəndaşlardan yaxalarını qurtarmaq üçün fürsət kimi baxırlar. Bu cür idarəçilik yolverilməzdir. Məncə, maska taxmaq və sosial məsafəni saxlamaq şərtiylə ənənəvi qəbulları bərpa etmək lazımdır".
Sayad HƏSƏNLİ
Tarix: 10-08-2020, 21:39
Xəbəri paylaş



Xəbər lenti