Karantin qurbanlarının taqəti kəsilib: - “Artıq dözə bilmirik”



Karantin qurbanlarının taqəti kəsilib: - “Artıq dözə bilmirik”
Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, müəyyən yumşalmalar olsa da, xüsusi karantin rejimi avqustun 31-dən uzadıldı. O cümlədən, sərtləşdirilmiş karantin rejiminin davam etdiyi 13 rayon və şəhərdə kafe-restoranların, çayxanaların, şadlıq evlərinin, iri ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağa aradan qaldırılmayıb. Dünən verilən rəsmi açıqlamaya görə, belə müəssisələrin fəaliyyəti avqustun 17-dən etibarən bərpa edilə bilər. Lakin bu da hələ dəqiq bəlli deyil.
Nəticədə çörəyi yuxarıda sadalanan müəssisələrdən çıxan yüzminlərlə insan işsiz, qazancsız qalıb. AYNA bir neçə belə vətəndaşımızın dərdini dinləyib. Beləliklə:
Kənan Nəsirli: “Mən karantinə qədər “Gənclik Mall”un nəzdində fəaliyyət göstərən “LC Waikiki” mağazalar şəbəkəsində satıcı işləyirdim. Təəssüf hissi ilə bildirirəm ki, əksəriyyətdə olduğu kimi, karantin rejimi mənə də sıxıntılar yaradır. İşsiz olduğum üçün öz tələbatlarımı ödəyə bilmirəm. Həmçinin, yollar bağlı olduğu üçün rayona da gedə bilmirəm. Universitetdən yeni məzun olmağıma baxmayaraq, məlum məsələ bütün planlarımı alt-üst edib. Təbii ki, hər şeyin başında da pulsuzluq gəlir. Ona görə də tezliklə yollar açılmalı, iş yerləri əvvəlki vəziyyətinə gətirilməlidir. Heç olmasa, iş yerləri bağlandığı üçün işsiz qalan insanlara müəyyən maliyyə yardımları edilməlidir. İş yerlərinin bağlanması, pulsuzluq, əyləncələrin olmaması, insanın bütün günü evdə robot kimi olması əsəb, stress və digər xəstəliklərin yaranmasına səbəb olub”.

Nuridə Əliyeva: “5 aydır ki, iş yerimiz fəaliyyətini dayandırıb. Mən AMAY ticarət mərkəzində dərzi işləyirdim. May ayına qədər qızımın tələbə təqaüdi ilə birtəhər dolandıq. Yoldaşım rəhmətə gedib. Qızım 4-cü kursu bitirən kimi, təbii olaraq təqaüdü də kəsildi. Oğlum isə keçən ay hərbi xidmətini başa vurub qayıdıb və gələn kimi məcbur olaraq modul tipli xəstəxanada porter kimi işə düzəlib. Çox sıxıntı keçirirəm. Uşaqlarımın üzünə baxmağa utanıram. Ticarət mərkəzlərində mənim kimi işindən məhrum olan nə qədər insan var. Həm də ki, mənim onlayn işləməyim də mümkün deyil. Bütün ləvazimatlarım işlədiyim yerdədir. Məlum məsələdir ki, əmək alətləri olmadan da işləyə bilmərəm”.
Kamal Əlizadə: “Kafe və restoranların fəaliyyətini dayandırması həm maddi, həm də mənəvi baxımdan mənə hərtərəfli sıxıntı yaradıb. İşlədiyim müddət ərzində gündəlik olaraq 15-20 manat qazanır və pis-yaxşı özümü təmin edirdim. Mənəvi baxımdan isə işsiz qalmaq müxtəlif psixoloji sıxıntılar yaşamağıma səbəb olub. Məlum məsələdir ki, bu, tək məndə yox, bütün dost-tanışlarımda da belədir. Digər tərəfdən, yaşadığım Mingəçevir şəhərində işsizlik sayı çox, normal iş yerləri isə azdır. Yəni çox ağır şəraitli işlər olsa da, maaş az olur. Məsələn, mən karantinə qədər barmen işləyirdim. İş rejimi çox ağır olmasa da, iş saatı çox idi və aldığım maaşa dəymirdi. Digərlərini özünüz düşünün. Ən azından hökumət karantin vaxtı işlərini itirən hər kəs üçün maddi yardım ayırmalı idi.
Cavid Eyvazov: “Mən “28 Mall”un nəzdində fəaliyyət göstərən geyim mağazalarının birində işləyirdim. Karantin rejiminin uzanması həm aylıq gəlirimizə mənfi təsir etdi, həm də mağazanın satışı dayandı. Yəni marketinq baxımından demək olar ki, iflasa uğradıq. Mall-un nəzdindəki restoranların işçiləri isə bundan da məhrum olublar. Ancaq onlayn satış olanda işə gələ bilirlər və maaşlarının yarısını alırlar. Restoranların mətbəxində işləyənlər, xidmətçilər və digərləri ümumiyyətlə maaş ala bilmirlər. Çünki onların maaş alması üçün restoranların fəaliyyət göstərməsi lazımdır ki, dolayısı ilə onlar da maaş ala bilsinlər. Mall-ların işləməməsi də təbii ki, onların maaş almasına mane olur və nəticədə sosial həyatlarında müxtəlif çətinliklər yaradır. Mən də onlayn işlədiyim üçün maaşımın yarısını alıram. Əvvəllər müəyyən bonuslar olurdu ki, bu, mənim maaşıma müsbət təsir göstərirdi. Amma karantin bizi alacağımız bonuslardan da məhrum elədi”.
İsa Cəfərquliyev: “Mən demək olar ki, uşaqlıqdan müxtəlif şadlıq saraylarında ofisiant işləmişəm. Yəni, bacardığım və görə biləcəyim ən yaxşı iş budur. Həm də artıq bu işdə böyük təcrübə yığmışam və sənətimə çevrilib. Təbii ki, karantin rejimi və toyların keçirilməsinə qadağa qoyulması şadlıq saraylarının da fəaliyyətini dayandırıb və mənim kimi minlərlə insan işsiz qalıb. Əlbəttə ki, bu işsizlik və başqa iş görə bilməməyim mənə həm maddi, həm də mənəvi sıxıntılar yaşadır. Bir gənc olaraq mənim də tələbatlarım və təminatlarım var. Bu yaşımda ailədən pul almağa da üzüm gəlmir. Bütün bunlar isə psixolji cəhətdən da sarsılmağıma gətirib çıxarıb. Xüsusən də Bakı kimi çox xərc tələb edən şəhərdə işsiz qalmaq və pulsuz olmaq qətiyyən sərf etmir. Bütün bunlar məni hər tərəfdən çox sarsıdır. İstəyim odur ki, karantin rejimi tezliklə sona çatsın və biz də əvvəlki normal həyatımıza qayıdaq”.ayna.az/
Tarix: 10-08-2020, 09:19
Xəbəri paylaş



Xəbər lenti