Qubad İbadoğlu: “İnsanlar hesab edirlər ki, istənilən qaydanın yanından rüşvətlə keçmək mümkündür”


“Koronavirusun Cənubi Qafqaz ölkələrində yayılmasının və 4 avqust 2020-ci il tarixinə olan təsirlərinin statistik təhlili göstərir ki, hazırda bu sahədə ən yaxşı vəziyyət Gürcüstandadır. 2020-ci il avqustun 1-ə olan məlumata görə, Gürcüstan əhalisinin sayı təxminən 4 milyona yaxındır, onun 284,761 nəfəri azərbaycanlılar, 168,102 nəfəri ermənilərdir. Gürcüstandan sonra Azərbaycanın vəziyyəti yaxşı görünür. Regionda ən pis vəziyyət Ermənistandadır. Azərbaycan və Ermənistan hakimiyyəti ölkələrində koronavirusa yoluxanların sayının çox olmasını əhalinin karantin rejiminə əməl etməməsi ilə izah edirlər. Hər iki ölkə prosesi cərimələrlə tənzimləməyə çalışır, amma buna nail ola bilmir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
 
Q.İbadoğlu qeyd edib ki, Gürcüstan bu prosesi daha yaxşı edir: “Mənim bu məlumatları bölüşməklə Azərbaycan və Ermənistan hakimiyyətinin xalqa iradlarına qarşı arqumentləri təqdim etmək istərdim. Sual edirəm, necə olur ki, Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər həmin ölkədə karantin rejiminin qaydalarına və tələblərinə əməl edirlər və gürcülər bu prosesi idarə edə bilir, amma Azərbaycanda yaşayan azərbaycanlılar və Ermənistanda yaşayan ermənilər isə öz hakimiyyətlərinin eşitmir və qaydalara riayət etmir? Hesab edirəm ki, bura 3 başlıca səbəb vardır. Birincisi, idarəetmədir, gürcü hakimiyyəti bunu azərbaycan və erməni hakimiyyətindən yaxşı bacarır. İkincisi, hakimiyyəti inamdır, Gürcüstanda yaşayan gürcülərlə yanaşı, azərbaycanlılar da, ermənilər də hakimiyyətlərinə inanıralar, amma nə Azərbaycanda yaşayan azərbaycanlılar, nə də Ermənistanda yaşayan ermənilər öz hakimiyyətlərinə inanmırlar. Üçüncüsü, korrupsiyadır, Azərbaycanda azərbaycanlılar, Ermənistanda da ermənilər hesab edirlər ki, istənilən qaydanın yanından rüşvətlə keçmək mümkündür. Odur ki, yaranmış vəziyyətə görə günahı xalqda deyil, hakimiyyələrdə axtarmaq lazımdır. Azərbaycanlı Gürcüstanda da azərbaycanlıdır, Azərbaycanda da, orda qaydalara əməl edir, amma burda yox. Həmçinin erməni də Gürcüstanda da ermənidir, Ermənistanda da, orda qaydalara əməl edir, Ermənistanda yox. Göründüyü kimi səbəb etnik deyil, idarəetmənin keyfiyyətidir. Gürcüstanda idarəetmənin keyfiyyəti və hakimiyyətə inam Azərbaycan və Ermənistandan yuxarı, korrupsiyanın səviyyəsi isə aşağıdır”.
Tarix: 5-08-2020, 07:06
Xəbəri paylaş



Xəbər lenti