Mehman Əliyev: “Reaksiyalar olmasaydı, Əli Kərimli çoxdan həbs edilərdi”


Son iki həftə ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 40-dan artıq üzvü saxlanılıb. Bunlardan 16 nəfər haqqında cinayət işi başlanaraq, barələrində həbs qərarı verilib. Daha 12 nəfər karantin rejimini pozmaq ittihamı əsasında inzibati qaydada 30 sutkalıq həbs edilib. 10 nəfər sərbəst buraxılıb.  Digərlərinin aqibəti haqda hələ ki məlumat yoxdur.
 
Cinayət məsuliyyətinə cəlb edilənlər iyulun 15-də orduya dəstək yürüşündə təxribat törətməkdə – parlamentin binasına hücumda, polis maşınını aşırıb, polislərə xəsarət yetirməkdə ittiham olunur. Həbs olunan AXCP funksionerlərindən ikisinə – Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı və Məmməd İbrahimə başqa maddələrlə yanaşı, dövlət çevrilişinə cəhd ittihamı da irəli sürülüb.
 
AXCP sədri Əli Kərimli baş verənləri rəhbərlik etdiyi təşkilata qarşı repressiya adlandırıb. O bildirib ki, bu repressiyalar prezidentin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda çıxışından qaynaqlanır.
 
Bu həbslərdə Ə.Kərimlini günahlandıranlar, baş verənləri şəxsən ona qarşı münasibətin nəticəsi hesab edənlər var. Amma o özü bu fikirlə razılaşmır. Ə.Kərimlinin fikrincə, əsl səbəb AXCP-ni potensial təhlükə görmələri, hazırda narazı elektoratın təmsilçisinin məhz bu partiya olmasıdır:
 
Ə.Kərimli həbsdəki partiya fəallarının buraxılması müqabilində konkret təkliflər səsləndirib: “Heç bir halda razılaşa bilmərəm ki, günahsız insanlar, dostlarım, cəbhəçi həmkarlarım məni bəhanə edərək, repressiyalara məruz qoyulsunlar. Ona görə də Azərbaycan hakimiyyətinə müraciət edirəm. Əgər doğrudan da sizin üçün problem Əli Kərimlidirsə, o zaman bu günahsız insanlardan əl çəkin. Onları azadlığa buraxın, məni həbs edin. Mənə münasibətə görə niyə bu qədər günahsız insan repressiyaya məruz qalmalıdır, ölkə vətəndaş qarşıdurmasına sürüklənməlidir? Əgər hər hansı səbəbdən bu təklif sizi qane etmədisə, mən başqa variant da təklif edə bilərəm. Bu il partiyanın qurultayını keçirməliyik. Bu adamları azad edirsinizsə, Xalq Cəbhəsi Partiyasının normal, konstitusion fəaliyyətinə mane olmursunuzsa, mən də millətin qarşısında bəyan edirəm ki, partiyamızı və dostlarımı repressiyalardan qorumaq naminə partiya sədrliyindən istefa verərəm, yenidən namizəd olmaram, sədr seçilmərəm. Bu da olar mənim tərəfimdən partiyamızı və dostlarımı qorumaq üçün atılan fədakar addım…”
 
AXCP ətrafında baş verənləri, o cümlədən Ə.Kərimlinin təklifini şərh edən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, AXCP sədri mənəvi məsuliyyətini dərk edərək belə bir bəyanat verir: “Əli Kərimlinin ətrafındakılar həbs olunur, böyük təzyiq var. Bizdə olan məlumata görə, həbs edilənlərdən işgəncə yoluyla Əli Kərimliyə qarşı ifadə almaq cəhdləri var. Lider azadlıqda qalıb, ətrafındakıları zindana salırlar. Belə bir vəziyyətdə mənəvi baxımdan məsuliyyətini başa düşür, ona görə də bəyan edir ki, “mən kənarda deyiləm, məsuliyyəti daşımağa hazıram”. Onun bu cür bəyanatı normaldır. Belə hallar olub. Hətta girov götürülənlər olanda kimsə gedib ki, girovları buraxın, məni götürün. Əli Kərimlinin addımı da budur. Ətrafındakı adamlarla, həbs olunanlarla həmrəylik nümunəsidir. Onlar görsün ki, liderləri onların arxasında gizlənmir”.
 
M.Əliyev hesab edir ki, iyulun 15-i gecəsi baş verənlər planlaşdırılmış şəkildə həyata keçirilmişdi. Onun sözlərinə görə, həmin vaxt parlamentin qapısının açıq qoyulması da təsadüf deyildi: “Tovuz hadisələrindən istifadə edib, parlamentə müdaxilə bəhanəsi ilə repressiyalar həyata keçirildi. Parlamentin qapılarının açılması aydındır ki, təşkil olunmuş proses idi. İdeoloqlar bu repressiyalara don geyindirmək üçün başqa bəhanə tapa bilməyiblər. Repressiyalara cəmiyyətdən də dəstək almaq üçün vətənpərvərlik mövzusundan istifadə olunur. Azərbaycan üçün ağrılı məsələ olan Qarabağ problemindən sui-istifadə edib, kimlərdənsə qisas almaq anormal haldır”.
 
Məhz cəbhəçilərin hədəfdə olmasının səbəbinə gəlincə, M.Əliyev bunu ölkədə sosial-qtisadi böhranın dərinləşməsi, etirazçı kütlənin önündə gedə biləcək qüvvənin də AXCP olmasıyla əlaqələndirir. Onun fikrincə,  getdikcə dərinləşən sosial-iqtisadi böhranın fonunda sosial şəbəkələr hesabına azad informasiya cəmiyyəti formalaşır. Bu da cəmiyyətlə hakimiyyət arasındakı uçurumu daha da böyüdür: “Cəmiyyətin, etirazçı kəsimin önündə gedən strukturlaşmış qüvvələr, partiyalar var. Bunların arasında prinsipial mövqedə duran da AXCP-dir. Hakimiyyət də bundan narahatdır ki, getdikcə cəmiyyətdə narazılıqlar artacaq və təşkilatlanmış qüvvə burada aparıcı rol oynaya bilər. Ona görə də həmin qüvvənin zərərsizləşdirilməsi planı meydana çıxıb. Əsas səbəb budur”.
 
M.Əliyev Qərbin, beynəlxalq dairələrin Azərbaycanda baş verənlərə səssiz qalmayacağını düşünür. Onun sözlərinə görə, AXCP üzvlərinin həbsi barədə iyulun 30-da “The Washington Post” qəzetində dərc olunan yazı da bunun siqnalıdır: “O redaksiya məqaləsinin arxasında təkcə redaksiyanın mövqeyi yox, ABŞ-ın siyasi mövqeyi dayanır. Reaksiyalar həmişə olub. Olmasaydı, Əli Kərimli çoxdan həbs edilərdi, AXCP-nin bütün üzvləri çoxdan zindanda olardılar. Hakimiyyət üzdə özünü elə göstərir ki, beynəlxalq təşkilatların mövqeyini nəzərə almır. Nəzərə almasaydı, çox şey edərdi…”Pressklub
Tarix: 3-08-2020, 12:36
Xəbəri paylaş



Xəbər lenti