İqbal Ağazadə: “18 yaşlı uşaqları göndəririk hərbiyə, gedib kor güllənin qurbanı olur”



“Gənclərin hərbi xidmətə çağırış yaşı 18 yox, 23 yaşından 35 yaşına qədər müəyyən edilməlidir”.
Bu təkliflə Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış edib. O hesab edir ki, 18 yaşlı gənclərə müstəqil həyata alışmağa imkan verilməlidir: “18 yaşlı uşaqlarımızın gecələr üstünü örtməkdən tutmuş qarşısına yemək qoymağa qədər biz valideynlər edirik. Aman verməliyik ki, onlar müstəqil həyata atılsın, öz ayaqları üzərində dayansınlar, müəyyən qədər həyat təcrübəsi toplasınlar, sonra gedib xidmət etsinlər. 18 yaşlı uşaqları göndəririk hərbiyə, gedib kor güllənin qurbanı olur”.
Məsələyə münasibət bildirən parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa Cebhe.info-ya açıqlamasında qeyd olunan təklifin məntiqi izahının olmadığını əsas gətirib:
“Bu məsələdə əsaslı məntiq görmürəm. Elə edək ki, analar oğullarının üstünü örtməsin, özləri örtsün. Buna görə yaşı dəyişmək olmaz. O zaman ölkənin bütün sistemini və Konstitusiyada dəyişiklik etmək lazım olacaq. 18 yaş normaldır. Adətən 20 yaşda olan gənc psixoloji cəhətdən özünü rahat hiss etmədiyindən, xidmət edə bilmir. Gənc yaşında daha çox şeylər götürə bilir. Yaxşı olar ki, Azərbaycanda peşəkar ordu istiqamətində ciddi addımlar atılsın. Məsələn, Qarabağda əməliyyat keçirmək üçün 20 minlik peşəkar ordu yaratmalıyıq. Onda müəyyən etmək olar ki, 23-30 yaş arası gənclər peşəkar orduya cəlb olunsun. Bu, daha yaxşı olardı. 18 yaşda olan şəxs əgər deputat seçilə və nikaha girə bilirsə, demək ki, yetkinlik yaşına çatıb. Təsəvvür edin ki, 23 yaşında adam əsgərliyə gedir, 25 yaşda hərbi xidməti bitirir. Əsgərlikdən sonra gizir rütbəsi almaq istəyən şəxs bu rütbəni 25 yaşda alacaq? Yaxud orduda müddətdən artıq hərbi xidmət keçmək istəyənin aqibəti necə olacaq? Məncə, İqbal bəy bu məsələni daha mükəmməl əsaslandırsaydı, yaxşı olardı. Mən hərbi xidmət yaşının 18 qalmasının tərəfdarıyam. Çünki Azərbaycanda yetkinlik yaşı 18-dən hesablanır”.
Millət vəkili əlavə edib ki, hərbi xidmət yaşı 23 olsa, o zaman gənclərimiz 18 yaşda evlənəcək: “Tutaq ki, ali məktəbə qəbul ola bilməyən gənc nə etməlidir? 23 yaşına qədər gözləməli, evlənməli, sonra iki övladı olandan sonra hərbi xidmətə getməlidir? Kim gedər? 3 uşağı olanı necə əsgərliyə aparmaq olar? O, hərbi xidmət keçəcək? Onun fikri ailəsinin və uşaqlarının yanında qalacaq. Bəs sosial təminatını kim və necə həyata keçirəcək? Bu, həm də problemlər və böyük mübahisələr doğuracaq məsələdir”.
Tarix: 29-07-2020, 13:28
Xəbəri paylaş



Xəbər lenti