Bizim müğənnilərin, şou-biznes adamlarının vətənpərvərliklə bağlı addımları məsxərəyə qoyulur, lağlağıya çevrilir, qeyri-səmimilik kimi qarşılanır. Toplumun belə reaksiyası, ikrah hissi ilə qəbul eləməsi də haradasa anlaşılandır.
Çünki həmin toy əhli, şou adamlarının hərəkətləri süni təsir bağışlayır, bəzi hallarda əttökənlik var. Xalq onları həmişə efirdə şadyanalıq edən, hoppanıb-düşən görüb, ziyalı kimi qəbul etməyib, çıxışları şit, bayağı təəssürat oyadıb, ona görə son hadisələrdə sənət adamlarının davranışlarına cəmiyyətdən müsbət münasibət görmək olmur.
Gəlin baxaq, aşıq, xınayaxdı mərasimlərinin təşkilatçısı Nazilə Səfərli qoltuğuna kondisioner vurub şəhid generalın evinə gedir, anası da geri qaytarır. Müğənni Ədalət Şükürov, Aygün Kazımova, Zamiq və s. xalqın şadlıq evlərində, şou verilişlərdə görməyə adət etdiyi sənətçilər səfərbərlik şöbələrinin qarşısında növbəyə düzülür, orduya könüllü yazılmaq üçün qeyiyyatdan keçirlər, sonra sosial mediada hesablarında paylaşırlar və bütün addımlar cəmiyyətdə reklam olaraq qəbul edilir.
Maraqlıdır, məsələn, Türkiyədə pop ulduz Tarkan, ya da Amerikada məşhur repçi Eminem və s. sənət adamları bu cür təşəbbüslərlə çıxış etsələr, ölkələrində onları hoydu-hoyduya götürlərlərmi?
Bəstəkar, kulturoloq və musiqişünas Elmir Mirzəyev “Yeni Müsavat”a söylədi ki, şou adamlarının bunu səmimi olaraq etməsinə kimsə inanmır:
“Bu müğənnilər, şou camaatı çox dəqiq bilir ki, müharibəyə şəxsən onlar gedəsi deyillər. Sadəcə, insanların bu hisslərindən istifadə edib reytinq yığırlar.
Süni vətənpərvərlik nümayişkaranə edilirsə, bunun saxta olması artıq aksiomadır. Bu anlamda hələ 1775-ci ildə Samuel Conson tərəfindən səsləndirilmiş və bu gün də aktual olan “Vətənpərvərlik yaramazların son sığınacağıdır” ifadəsini də unutmayaq".
Elmir Mirzəyev: “Süni vətənpərvərlik nümayişkaranə edilirsə, bunun saxta olması artıq aksiomdur”E.Mirzəyev bir xatirəsini də bölüşdü: “Demək, 80-ci illərin sonunda bir bəstəkar Qarabağ haqda böyük əsər yazmışdı, oğlu da dirijor idi, o əsəri ifa etmişdi böyük vətənpərvərlik jesti kimi.
Hərbi əməliyyatlar başlanan kimi də Mədəniyyət Nazirliyinə qaçıb “bron” istəmişdi. Orada mat qalmışdılar ki, ay qardaş, “bron” nədir, bizdə yoxdur belə şey, sonda yenə də bir kağız alıb çıxmışdı oradan. İndi də çox-çox “vətənpərvərdir” həmin adam.
Həqiqi vətənpərvərlik nümunələri isə cəmiyyətimizdə minlərlədir, şəhid olana qədər ictimai anlamda kimsənin onlardan xəbəri olmayan mərhum polkovnik-leytenant Raquf Orucov, general-mayor Polad Həşimov və minlərlə onlar kimi qəhrəman və sadə insanlar..."
Hərbi ekspert, psixoloq Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki, başqa ölkələrdə də belə reaksiyalar görürük. Onun fikrincə, orduya könüllü yazılmaq pis addım deyil:“Sadəcə, nümayişdirsə, şoudursa, əlbəttə, lağa qoyacaqlar. İkincisi, bu gün könüllü yazılmaqla heç də bizi orduya aparmırlar. Lakin sabah səfərbərlik elan olunsa, hamını aparacaqlar, istər könüllü yazılan olsun, istər olmasın...”
Ekspert vurğuladı ki, Azərbaycanın Silahlı Qüvvələrində könüllü xidmət anlayışı yoxdur: “Qarabağ döyüşlərində özümüzü könüllü sayırdıq. Amma hərbi qulluqçu kimi qəbul edirdilər.
Mən hərbi komissarlığın binasına daxil olana qədər könüllüyəm, ondan sonra əgər qəbul edirlərsə, əmrə tabe olan hərbi qulluqçu sayılıram. Ona görə həmin siyahı ilə sabah orduya aparsalar, hərəsi bir vəzifə tutacaq".
A.İsazadə könüllü orduya yazılmağı, şəhid ailələrinə köməyin mediaya çıxarılmasını düzgün saymır: “Əgər bunu etmisənsə, reklamdır. Sosial şəbəkədə də reklam kimi qarşılayırlar. Amma bəzilərinin xoşuna gəlir.
Məsələn, Vahid Mustafayev könüllü yazılıb və ona inanıram. Çünki I Qarabağ müharibəsində bir yerdə döyüş gedə-gedə səngərdə olmuşuq. Vahid mülki jurnalist idi, amma eyni güllənin altında otururduq.
Ona görə Vahidin könüllü yazılmasına inanıram. Amma kimsə buna inanmaya bilər. Mən Vahidi qorxmaz kimi tanıyıram.
Əgər o vaxt qorxmurdusa, deməli, yenə qorxmayacaq. Sadəcə, bəziləri bunu reklam kimi anlaya bilər. O adamları da qınamamalıyıq.
Unutmayaq ki, son 20 ildə televiziyalar reklam və şou üzərində qurulub. O qədər şouya öyrəşmişik ki, ciddi vətənpərvərlik addımları atılanda ona inanmırıq".
Fərqanə Mehmanqızı: “Kim kütlədən hansı xalı yığıbsa, xalq da onu özünə qaytarır”Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, bu mövzuda uzun fikir bildirməyə ehtiyac görmür. Onun fikrincə, bu məsələlər çeynənib.
F.Mehmanqızının sözlərinə görə, müğənnilərin bu gün üzləşdiyi münasibət təsadüfi deyil: “Kim kütlədən hansı xalı yığıbsa, xalq da onu özünə qaytarır. Yəni cəmiyyətin reaksiyası adekvatdır.
Şou adamlarının hərəkətləri cəmiyyət tərəfindən lağa qoyulursa, bunun səbəbini özlərində axtarmalıdırlar. Çünki sənət adamlarının kütləyə ötürdüyü enerji nədən ibarət olubsa, görmək istədiyi nə idisə, indi özünə qayıdır".
Psixoloq şəhid generalın ailəsinə dövlət tərəfindən dəstək verildiyini, ayrı-ayrı adamların həmin yardımları oğlu əsgər gedən aztəminatlı ailələrə verməli olduğunu düşünür:
“Mən təklif edərdim ki, imkansız ailələrin uşaqları orduya xidmətə gedəndə müxtəlif şirkətlər, imkanlı adamlar o evlərə kömək eləsinlər.Bir yandan həmin əsgərin gözü arxada qalmaz, ailəsindən narahat olmaz, bir yandan da ordu, əsgər, zabitlə bir həmrəylik dayanışması olardı, ənənəyə çevrilərdi".
Emil SALAMOĞLU
Tarix: 21-07-2020, 12:05