Məmur övladının xoşbəxt olmağa haqqı yoxdurmu?




Bu gün səhər tezdən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin oğluna toy etməsi ilə bağlı xəbərləri oxuyub xeyli təəccübləndim. Çünki hazırda COVİD-19 virusuna yoluxma hallarının davam etməsi səbəbindən kütləvi tədbirlərin, xüsusilə də toy məclislərinin keçirilməsinə nə qədər həssas yanaşıldığını çox yaxşı bilirəm. Qənaətimə görə, bunu hər kəs bilir. Xüsusilə də, “Fairmont” otelində karantin qaydalarının pozulmasına münasibətdə nümayiş olunan sərt reaksiyadan sonra... Bu baxımdan, hətta karantin rejiminin tələblərini, qaydalara əməl olunmasının vacibliyini bir kənara qoysaq da belə, bir rayonun icra hakimiyyəti başçısının, yaxud hansısa yüksək dövlət vəzifəsində çalışan bir şəxsin nəinki oğluna, yaxud qızına toy edəcəyini, heç bunu ağlından keçirə biləcəyini belə düşünmürəm.
Əslində nə baş verib?
Karantin rejiminin uzandığını, koronavurus təhlükəsininin tamamilə aradan qaldırılmasının kifayət qədər vaxt apara biləcəyini düşünən və uzun müddətdir ki, nişanlı olan iki gənc, hətta yaxınlarının, doğmalarının iştirakı ilə kiçik bir məclis keçirməkdən belə imtina edərək nigaha giriblər. Oğlan şəxsi avtomobilində nişanlısısının qapısına gəlib, valideynlərinin xeyir-duasını alaraq, onu öz evinə aparıb. Səssiz-sədasız... Həyatlarının ən gözəl gününü ikilikdə yaşayıblar. Son nəticədə bu onların günüdür və onların da haqqıdır. Əslində çox gözəl, təqdir olunası, uzun müddətdir ki, karantin rejiminin başa çatmasını, toylara, şənliklərə icazə veriləcəyi günü səbirsizliklə gözləyən gənclərimiz, onların doğmaları və yaxınları üçün nümunə ola biləcək bir hadisə baş verib. Məmur övladı olanda nə dəyişir axı? Məgər, iki sevən gəncin bir-birilərinə qovuşmaq üçün təmtəraqlı məclislərdən imtina etməyə, əslində hər kəsdən çox onların olan bir günü ikilikdə yaşamağa, xoşbəxt olmağa haqları yoxdur? Valideynlərinin kimliyinin, daşıdıqları vəzifənin son nəticədə onların sevgisinə, xoşbəxtliyinə nə aidiyyatı var?
Gənclər cəsarətli və doğru qərar qəbul ediblər. Ömür qısadır və heç kim həyatında sabah nəyin baş verəcəyini bilmir. Təxminən 8-9 ay öncə COVİD-19 adlanan virusun bütün dünyanı bürüyəcəyini, milyonlarla insanın bu ölümcül virusa yoluxacağını, yüzminlərin həyatlarını itirəcəyini kimsə təxmin edə bilməzdi...
Vaxt gözləmir, həyatımız ildırım sürətilə ötüb keçir. İndi 1 dəqiqənin, bir anın xöşbəxtliyi belə bir ömrə bərabərdir!
Yaxından tanıdığım, bir-birini böyük məhəbbətlə sevən insanlar var. Toy gününün vaxtını bir neçə dəfə dəyişiblər. Bunun nə demək olduğunu, həsrətlə toy gününü gözləyən gənclərimizə necə təsir göstərdiyini öz həyatlarında yaşayanlar daha yaxşı başa düşər... Əslində Tural və gənc xanımının bu addımını yaxşı nümunə kimi təbliğ etmək, gənclərimizin önünü açmaq lazımdır. 

Günel
Tarix: 17-07-2020, 11:32
Xəbəri paylaş



Xəbər lenti