Karantin erkən nikahlar üçün “gizli hücrələr” yaradır


Karantin erkən nikahlar üçün “gizli hücrələr” yaradır
Hüquq müdafiəçisi: “Bağlı qapılar arxasında nə baş verdiyi məlum deyil”
 
Erkən nikah ölkəmizdəki sosial problemlərdən biridir. Bu problemlə mübarizə çərçivəsində qanunlar qəbul olunur, onunla mübarizəyə yönəlmiş müxtəlif sənədlər var, lakin yetkinlik yaşına çatmayan qızların zorla ərə verilməsi faktlarına hələ də çox rast gəlinir. Əlbəttə, rəsmi olaraq yetkinlik yaşına çatmayan qızların ərə verilməsi mümkün deyil. Buna görə, baxmayaraq ki, qanunla yalnız rəsmi nikah şəhadətnaməsi olduqda nigah bağlana bilər, qız, sadəcə valideynləri tərəfindən seçilən həyat yoldaşının evinə köçürülür.
 
Düzdür, BMT son illərdə yavaş-yavaş olsa da, Azərbaycanda erkən nikahların sayının azaldığını qeyd edir. Lakin təşkilatın mütəxəssisləri xəbərdarlıq edirlər ki, koronavirus pandemiyası dünyanın bir çox yerində bu cür nikahların sayını artıra bilər. Ailələr iqtisadi yüklərini azaltmaq üçün bu yola daha tez-tez müraciət etməyə başlayacaq.
 
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova AYNA-ya açıqlamasında, pandemiya səbəbindən Azərbaycanda erkən nikahların artmasının mümkünlüyündən narahatlıq ifadə edib: “İndi məktəblər bağlanıb, şagirdlərin taleyinə nəzarət azalıb. Bağlı qapılar arxasında nə baş verdiyi məlum deyil. Sosial təcrid dövründə hər kəs evdə oturur və insanların adi həyat ritmi pozulub. QHT nümayəndələri rayonlara gedib monitorinq keçirə bilmirlər. İndi, əslində bölgələr öz həyatını, paytaxt isə öz fərqli həyatını yaşayır. Belə şəraitdə erkən nikahların sayı arta bilər, çünki karantin səbəbindən dövlət qurumlarının, QHT-lərin, ictimaiyyətin müəyyən proseslərdən xəbərsiz olduğunu anlayanlar və bundan faydalananlar var. İndi kütləvi tədbirlər qadağandır və bütün evləndirmə prosesi çox dar bir dairədə keçirilir”.
Mehriban Zeynalova: “Bir çox ölkələrdə seksual maarifləndirmə fənn ...
Təşkilat rəhbərinin sözlərinə görə, bölgələrdə icra hakimiyyətlərinin, bələdiyyələrin və polisin erkən nikahların sayının artmasına imkan verməməsi vacibdir: “Onlara həvalə olunan ərazidə nələrin baş verdiyindən xəbərdar olmalıdırlar. Belə hallarla rastlaşan qonşular, qohumlar da laqeyd qalmamalı və bu kimi halların qarşısını almaq üçün müvafiq qurumlarla əlaqə saxlamalıdırlar”.
 
O ki, qaldı karantin dövründə gəlirlərin itkisi, yoxsulluq səbəbindən erkən nikahların sayının nə qədər artmasına, Zeynalova bu göstəricilərin bir neçə aydan sonra məlum olacağını və yalnız bundan sonra hansısa mülahizələr yürüdülə biləcəyini qeyd edib.
 
Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalov isə AYNA-ya bildirib ki, erkən nikahlar, yəni 18 yaşına çatmamış şəxslərlə gerçəkləşdirilən evliliklər rəsmi qurumlar tərəfindən qeydə alınmadığı üçün, belə nikahların sayını dəqiq qiymətləndirmək mümkün deyil: “Yetərincə inandırıcı (lakin tam deyil) bir göstərici - nikahdan kənar doğulmuş uşaqların sayıdır. 15-17 yaş qrupu üçün bu sahədə rekord 2010-11-ci illərdə olub. O zaman yetkinlik yaşına çatmayan analar tərəfindən nikahdankənar doğulan uşaqların say nisbəti 2,5% idi, yəni ölkədə doğulan hər 40-cı uşaq. İndi bu rəqəm 1,5% -dir. Azalma olduqca əhəmiyyətlidir. Rəqəmlərdə bu, özünü daha dəqiq göstərir. Yetkinlik yaşına çatmayan analardan doğulan uşaqların sayı iki dəfə azalıb: 2011-ci ildə 4.392 idisə, 2018-ci ildə 2.129 uşağa qədər azalıb”.
Как, кто и когда в Азербайджане убивает детей? Эльдар Зейналов ...
“Bundan əlavə, statistikaya görə, kənd yerlərində gənc analar şəhərə nisbətən 2 dəfə daha çox uşaq dünyaya gətirirlər (1,0%-ə qarşı 2,1%). Bu, hökumətin gender siyasətinə qarşı, hələ ki, uğurla çıxan kənd ənənələri ilə əlaqənin gücünü göstərir”, - ekspert deyib.
 
Uşaqların doğum tarixinə baxanda məlum olur ki, onların anaları cinsi akta 14-16 yaşlarında giriblər ki, bu da qanunla qadağan edilib. Bizdə bu qanuna çox da ciddi riayət olunmur. Olunsa, gərək minlərlə “pedofil” ər qanun qarşısında cavab versin. Uşaqların doğuş dinamikasına baxsaq, son illərdə cəmiyyətdə pedofillərə münasibətin müəyyən qədər sərtləşdiyini söyləmək mümkündür. Ancaq pedofillər cinsi akt zamanı daha yaxşı qorunmağa başlayıblarsa, bu, sözügedən cütlüklərin sayının heç də az olmaması deməkdir.
 
“Biz nəzərə almalıyıq ki, axır vaxtlar rəsmi nikah münasibətlərinə maraq artmaqdadır. Ümumi əhali artımı fonunda, 2011-2018-ci illərdə doğuşların ümumi sayı 1,27 dəfə azalıb (176 mindən 139 minə düşüb). Həmin dövr üçün hər 1000 nəfərə düşən nikahların sayı 9.7-dən 6.4-ə qədər azalıb, boşanmaların sayı isə əksinə artıb (1,2-dən 1,5-ə qədər). Son 10 ildə uşaqların sabit olaraq, təxminən 15-16%-i  nikahdan kənar  doğulurdu. Evliliklərin orta yaşı da artır, indi qadınlar üçün ilk evlilik dövrü 23,7 yaş, kişilər üçün 27,7 yaşdır”, - E.Zeynalov vurğulayıb.
 
Onun sözlərinə görə, cəmiyyətin evliliyə, uşaq doğuşuna, ailənin planlaşdırılmasına münasibətinin dəyişdiyi göz qabağındadır və bu da erkən nikahların dinamikasına təsir göstərir: “Ancaq ümumilikdə cəmiyyətin bu cür münasibətlərə total mənfi münasibəti hələ də formalaşmayıb. Pandemiya pedofil tendensiyanın artımını stimullaşdıra bilmir. Uşaqların evdə oturması, bütün günü valideynlərinin nəzarəti altında olması, məktəbə getməməsi və gənclərin yığıldığı məclislərə getməməsi halında onların cinsi istismara məruz qalması ehtimalı azdır”.
 
Lakin riskləri azaltmaq üçün hakimiyyət, ilk növbədə, erkən evlilik və uşaqların cinsi istismarı ilə bağlı sərt bir mövqe ortaya qoymalıdır. Hüquq müdafiəçisinin fikrincə, bunun üçün əlverişli şərait yaranıb: “Ailə, Qadın və Uşaqlarla İş üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəhbərliyi dəyişib, hətta Birinci vitse-prezidentimiz də qadındır. Necə deyərlər, indi kartlar onların əlindədir”.
Tarix: 10-07-2020, 21:58
Xəbəri paylaş



Xəbər lenti