Xaricdə qalan, ölkəyə geri dönə bilməyən soydaşlarımız getdikcə daha çarəsiz duruma düşürlər Ölkə xaricində qalan vətəndaşlarımızın bir qismi çarəsiz vəziyyətdədir. Geri, Vətənə dönmək üçün əlində pulu qalmayanlar, çarter reysləri üçün təklif olunan biletlərin bahalığından şikayətlənənlər öz çarəsizliklərini sosial media üzərindən ifadə edirlər. Bir neçə vətəndaşımızın maddi imkanı yaxşı olan səxavətli insanlardan kömək umaraq yardım hesabı açdığı da məlumdur.
Çarəsiz vətəndaşlarımızdan biri də iki azyaşlı övladı ilə Ukraynada qalan Xəyal Həsənovdur. AYNA-ya danışan Həsənov deyir ki, ailəsi ilə 4 aydır Xarkovda gözləyir: “Buraya mart ayının əvvəlində uşaqların müalicəsi üçün gəlmişdik. 26 gün xəstəxanada qaldıq. Karantin olanda səfirliklə əlaqə saxladıq, dedilər, “kömək edəcəyik”. Çarter reysləri təşkil olunanda isə deyildi ki, “pulu ödəməyə razısınızsa, sizi qeydə alaq””.
Xəyal Həsənov əllərində olan pulun dörd ayda xərcləndiyini və indi çarter reyslər üçün təklif olunan biletlərin baha qiymətə olduğunu bildirir: “Bir nəfər üçün bilet 510 manatdır. Əlavə də koronavirus testi üçün vəsait lazımdır. Bu məbləğ toplamda 2700 manatdan artıq edir. Bizim hazırda kirayə qalmağa da əlimizdə vəsait yoxdur. AZAL-la əlaqə saxladım, deyirlər, “biz bilet satmırıq, səfirliklə əlaqə saxlayın”. Səfirlik isə “pulunuz varsa, adınızı siyahıya qeyd edək” deyir”.
“Biz yük təyyarəsi ilə də uçmağa razıyıq. Dörd aydır bizi gözlədirlər, amma heç bir qurum bizimlə düz-əməlli maraqlanmır. İki azyaşlı uşaqla yad ölkədə təkbaşına qalmışıq”, - deyən soydaşımız hazırda Ukrayna vətəndaşı olan yardımsevər bir xanımın evinə sığındıqlarını qeyd edir.
Mövcud problemi AYNA-ya şərh edən Milli Hüquq Evinin (MHE) rəhbəri, hüquqşünas Nicat Gözəlov deyir ki, Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli Qərarının 4-cü bəndində "azyaşlı uşağı olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verilməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının, 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirilməklə, xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin" yazılıb: “Bu, məcburən icra edilməli olan qərardır. Bu qərarı da həyata keçirməli olanlar AZAL, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyidir. Bütün bu işlər Xarici İşlər Nazirliyinin rəhbərliyi altında həyata keçirilməlidir. Xarici İşlər Nazirliyi Azərbaycandan kənarda olan bütün vətəndaşlarımızı siyahıya almalı və Operativ Qərargaha göndərməlidir. Operativ Qərargah həmin zonalar üzrə siyahıya alınmış şəxslərin sayı nəzərə alınmaqla çarter reyslərinin təşkilini AZAL ilə birlikdə həyata keçirilməsi üçün müvafiq strukturlara göndərməlidir”.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın AYNA-ya dediyinə görə, diplomatik nümayəndəliklərimiz mütamadi olaraq xarici ölkələrdə müvəqqəti qalan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarımızla bağlı məlumatı operativ şəkildə XİN-ə çatdırır: “Xarici İşlər Nazirliyi bu məlumatı eyni ilə operativ şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargahın diqqətinə çatdırır. Ümumiyyətlə, bugünədək 20 mindən çox Azərbaycan vətəndaşı ölkəyə geri qaytarılıb və vətəndaşlarımızın geri qaytarılması prosesi bugünkü gündə də davam etməkdədir”.
“Ölkəyə vətəndaşların geri qaytarılması hazırda davam edən karantin rejimi kontekstində, karantin yerlərinin birbaşa hazırlığı ilə əlaqəli şəkildə həyata keçirilir. Hazırda Türkiyə vasitəsilə xüsusi uçuşlar təşkil olunur. Həm AZAL, həm Türk Hava Yolları vasitəsilə Türkiyədə və digər ölkələrdə olan vətəndaşlarımız tranzit yoldan istifadə etməklə və 48 saat öncədən testdən keçmək şərtilə ölkəyə geri qayıdırlar. “Evə gedirəm” protalında qeydiyyatdan keçən vətəndaşlarımızın ölkəyə qaytarılması prosesi də davam edir. Portalda qeydiyyatdan keçmə ardıcıllığına görə vətəndaşlarımız həm hava, həm də quru yol vasitəsilə Azərbayacana geri qaytarılırlar”, - Abdullayeva bildirir.
“Evə gedirəm” portalında digər ölkələrdən də gəlmək istəyən vətəndaşlarımızın qeydiyyatdan keçməsi və gətirilməsi düşünülürmü?” sualına gəldikdə, XİN sözçüsü qeyd edir ki, hazırkı mərhələdə yalnız Rusiyada olan vətəndaşlarımızın geri qaytarılması prosesi davam etməkdədir.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinə ünvanladığımız sorğuda bir sıra suallara cavab ala bilmədik. Belə ki:
- XİN xarici ölkələrdə qalan və gəlməli olan vətəndaşlarımızın konkret siyahısını hazırlayıb Operativ Qərargaha təqdim edibmi? Edibsə, bu siyahıda hansı ölkələr üzrə neçə nəfər var? Etməyibsə, bu istiqamətdə əvəzləyici tədbir kimi hansı işlər görülüb və görülməkdədir?
- Gəlməli olduğu halda növbə gözləyən vətəndaşlarımızın konkret sayı nə qədərdir?
- AZAL-ın təqdim etdiyi biletlərin yüksək olduğundan şikayətlənənlər, buna görə ölkəmizə dönə bilməyən vətəndaşlar var. Onlar orada çarəsiz durumda olduqlarını bildirirlər. Bu istiqamətdə - istər bilet qiymətlərində güzəştlərin edilməsi, istərsə də orada çarəsiz durumda qalanlara dəstək göstərilməsi olsun - XİN hansı tədbirlər həyata keçirir?
- Ümumi olaraq hər kəsi düşündürən bir sual da var ki, xaricdə qalan, gəlmək üçün haray salan vətəndaşlarımızın gətirilməsində konkret hansı problemlər var? Gəlməli olan vətəndaşlarımızın gətirilməsi prosesi nə vaxta başa çatar?
- Sosial mediada gedən müzakirələrdə, Ukraynaya vətəndaşlarımızı gətirmək üçün gedən təyyarələrin boş gəldiyi deyilir. Əgər belədirsə, olmazdımı ki, qarşılıqlı razılaşma əsasında həmin təyyarələrdə vətəndaşlarımızın gəlməsi üçün şərait yaradılardı?
Mövzunu davam etdirəcəyik. Digər həmvətənlərimizin də səsinə səs verməyə çalışacağıq. Mövcud problemlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Azərbaycan Hava Yollarına (AZAL) da sorğu ünvanlamışıq, hazırda cavab gözləyirik.
Müəllif:
Aləmdə Nəsib
Tarix: 9-07-2020, 21:38