“Ağ adamın həddindən çox rəisləri var”(hindu ata sözü)Ağstafa mədəniyyət idarəsinin müdirini yarım ton narkotik maddə yetişdirdiyi üçün tutublar. Özü də hörmətli qardaşımız bu vacib mədəniyyət hadisəsini təklikdə, hansısa gizli formada eləmirmiş. Kamali-ədəblə plantasiya salıbmış, işçilər cəlb edibmiş (işsizliklə mübarizəyə töhfə verirmiş). Əslində mədəniyyət sözü beynəlxalq aləmdə kultura, kültür şəklində işlənir və bunun hərfi mənası əkinçilik deməkdir. Bəşəriyyətin mədəni inkişafı məhz ovçuluq və yığıcılıqdan əkinçiliyə keçidlə sürətlənmişdir, hətta “başlamışdır” demək olar. Bu mənada, ağstafalı mədəniyyət işçisi özünü tam doğrultmaqda idi, nahaq yerə fəaliyyəti yarımçıq qırdılar.
Üstəlik, elə ərazilər, dövlət quruluşları var ki, oralarda baş verənləri dərk etmək, qəbul etmək üçün mütləq nəşələnmək lazımdır. Misal üçün, fikir versəniz, bizə ağır narkotik vasitələr - opium, heroin, həşiş, kristal kokain (bəlkə bunların bəzisi eyni şeydir, dəqiq bilmirəm, bu sahədə bisavadlığıma görə üzrxahlıq edirəm) əsasən müsəlman ölkələrindən - İrandan, Əfqanıstandan, Pakistandan gətirilir. Dünyada hal əhli olanların çoxu müsəlman ərazilərində yaşayır. Düzdür, Əfqanıstanda narkotik plantasiyalarının inkişafına ABŞ-ın orada demokratiya yayması da müsbət təsir eləmişdir, ancaq bu başqa temadır.
Uzun sözün qısası, Azərbaycanda mədəni sferada çalışmaq üçün mütləq narkotik becərməlisən. Bu yerdə şairin ölməz misraları yadımıza düşür, köşəmizə şəfəq salır: “Əbülfəs müəllim, adına qurban, Bəlkə sənə görə açılır səhər?” Gör bunu yazanda şair damara nə vurubdur...
Ərazilərdən söz düşmüşkən, hazırda dost və qardaş Belarusda prezident seçkisinə start verilibdir. Bunun özü də qəribə haldır ki, hələ orada prezidenti seçirlər. Mən elə bilirdim Lukaşenko çoxdan ömürlük prezident elan olunub. Qanacaqsız adamlardır. Respublika üçün o boyda can qoyur, lakin hələ də onu neçə ildən bir seçməlidirlər. Nəyə gərək belə axmaq prosedurlar? Görürsən adam yaxşı işləyir, qoy qalsın yerində. Ölənəcən. Bəlkə ölməsə ölümsüz elan etmək də olar. Əlqərəz, orda bəzi həyasız alternativ namizədlər ortaya çıxmışdı, lakin Lukaşenko onları dərhal türməyə basdı. Mənə ləzzət eləyən həmin namizədlərdən birinə qarşı sürülən ittihamdır: “Hakimiyyətə gəlməyə cəhd göstərmişdir”. Fantastikadır. Ləzzətlidir. Qiymətlidir. Prezident seçkisi elan edirsən və prezident olmaq istəyən şəxsi məhz bu istəyə düşməkdə suçlayıb içəri basırsan.
Ancaq əlbəttə, Belarusun bu dövlətçilik təcrübəsi hansısa kəşf, yenilik, oxumuş uşaqlar demişkən, innovasiya və nou-hau deyildir. Azərbaycanda həmişə uğurla tətbiq edilən üsuldur. Örnək üçün, bizdə 30 ildir siyasi partiyaları, müxalifətçiləri “hakimiyyətə gəlmək cəhdində” suçlayırlar. Deyirlər nə üçün vəzifələri ələ keçirmək istəyirsiniz, yaxşı oğlan müxalifətdə ölər. Təklifin, proqramdan-zaddan nəyinsə varsa, zəhmət çək, yaz göndər idarəyə, biz özümüz bunu həyata keçirərik - lazım bilsək. Lazım bilməsək, rədd edərik. Ancaq sən hakimiyyətə gəlmək istə... Bu, biabırçı haldır. İnsanlığa yaraşmayan ağır cinayətdir. Dövlət quruluşunu, sabitliyi dağıtmaq cəhdidir.
Hələ bu uğurlu qaralama siyasətinin müxtəlif qolları, istiqamətləri vardır. Məsələn, siyasətlə məşğul olmaq ümumiyyətlə çirkinlik, əxlaqsızlıq sayılır. Bizim parlament (anlamı “danışanlar” deməkdir) dünyada tək-tək orqanlardan biridir ki, orada spiker (mənası “natiq” deməkdir) vaxtilə deputatlara açıq demişdi ki, mən burada kiminsə siyasi diskussiya açmağına, müzakirə aparmasına imkan verməyəcəyəm. Əlbəttə, bu anda keçmiş ədliyyə nazirimiz Südabə xanımın ünlü “Demokratiyanı beşiyində boğmaq lazımdır” kəlamı yada düşür, ancaq çox qədimlərə getməyək, ən yeni tariximiz daha parlaqdır.
Yaxud “jurnalistin vəzifəsi ancaq qüsurları axtarmaq deyil”. Şairlər regionların inkişaf planında aqrotexniki tədbirlərə dəstək verməlidir. Alimlər koronavirusa aid şeirlər yazmalıdır. İnsan hüquqlarını yalnız hökumət təyin edir. Sərbəst toplaşmaq üçün şəhər icra hakimindən kağız alınmalıdır. Hələ ona mer deyirlər, baxmayaraq heç vaxt seçilməyibdir. Prinsipcə, meri seçmək nəyə lazımdır? Məsuliyyətsiz adamlara belə vacib işləri tapşırmaq olmaz. Üç aydır biz bunların ağzına bir maskanı yapışdıra bilmirik. Bunlar heç avtobusa minib-düşməyi öyrənməyibdir...
Zamin HACI
Tarix: 26-06-2020, 14:43