Artan yol qəzaları: trafik canavarının “yay mövsümü”...



Ekspert: “Əsas səbəb sürücülərin çoxunun qeyri-peşəkarlığı, yol hərəkət qaydalarını pozmasıdır”

Son günlər ağır, hətta 5 nəfərin həyatını itirdiyi yol qəzaları baş verib. Ümumiyyətlə, yol qəzalarının sayı artıb. Yay mövsümü, aydındır ki, yollarda hərəkətliliyi artırır. Amma bir başından o biri başına cəmi 550 kilometr olan ölkədə bu qədər ağır qəzaların baş verməsi haqlı suallar doğurur.
Əvvəl bunu köhnə model sovet avtomobillərinin çoxluğu ilə izah edirdilər. Amma indi statistika göstərir ki, son ağır qəzalar modern avtomobillərin payına düşür.  Piyada ölümlərinin sayının artması da narahatlıq doğurur. Əsas magistral yollarımız xeyli düzəlib, amma qəzaların artma statistikası azalmır.
2021-ci ilin birinci yarısında baş vermiş yol-nəqliyyat hadisələri barədə yayılmış statistikaya görə, ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olmuş, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Müəyyən edilmişdir ki, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97%) yol-nəqliyyat hadisəsi (piyadalar tərəfindən 18 - 2,4%) baş vermişdir. Bu qayda pozuntularının 302-si (39,9%) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i (31,8%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-si (9,5%) yolayrıclarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u (1,3%) nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olmuşdur (5 ölü, 9 yaralı). Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2%) və toqquşma (270 - 35,7%) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 - 9,9%, aşma 66-8,7%). Həlak olan 290 nəfərdən (qadınlar 53 nəfər, 7-16 yaş 26 nəfər,) 123-ü piyada, 87-si sürücü, 68-i sərnişin, 10-u velosipedçi, 2-si isə digər hərəkət iştirakçısı olub. Qəzaların səbəbləri nədir? Gecə reysləri yenə bərpa olunubmu?


Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, xüsusən yaz-yay aylarında yol nəqliyyat hadisələrinin sayı artır: “Burada da əsas səbəb sürücülərin çoxunun qeyri-peşəkarlığı, yol hərəkət qaydalarını pozmasıdır. Eyni zamanda, yol təsərrüfatının, hava və iqlim şəraitinin də təsiri var. Məsələn, kondisionersiz avtomobildə hərəkət edən sürücü ilə kondisionerli, komfortlu avtomobildə hərəkət edən sürücü arasında yola diqqət məsələsində böyük fərq var. Və bu da yol nəqliyyat hadisələrinə səbəb olan amillərdən biridir. Ona görə bütün dünya üzrə mütəxəssislər tövsiyə edir ki, kondisioneri olmayan, işləməyən avtomobillərdə sürücülər günün qaynar vaxtlarında, qızmar vaxtlarında yola çıxmasınlar. Belə nəqliyyat vasitəsindən mümkün qədər az istifadə etsinlər və ya qısa mənzilli yola çıxa bilərlər. Yəni bu cür avtomobillərlə uzaq rayonlara bir neçə yüz kilometri qət etmək risklidir. Amma təəssüflər olsun ki, xüsusən taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülər qənaət etmək məqsədi ilə kondisioner olsa da, istifadə etmirlər. Günün istisi vurur və təbii ki, insanda artıq reaksiya qabiliyyəti azalır. Bunu mütəxəssislər də sübut edib ki, günün təsirindən kondisionerin olmamasından avtomobildəki o qızmar mühit sürücünü süstləşdirir və beləliklə, reaksiya azalır. Ona görə yaz-yay aylarında qızmar hava şəraitində yol nəqliyyat hadisələrinin sayı artır”.
Ekspert deyir ki, kondisionersiz avtomobillərin sürücüləri qayda pozmağa daha meyllidir: “İstinin təsirindən qurtulub tez bir zamanda mənzil başına çatmağa çalışırlar. Hansısa bir sürücü ona yol vermədikdə aqressiv bir reaksiya göstərir, dalaşırlar, bir-birini təhqir edirlər. Və sonda da qayda pozub yol nəqliyyat hadisələrinə gətirib çıxarır, yol nəqliyyat hadisələrinə səbəb olurlar. Bununla belə sürücülərin davranışından çox şey asılıdır. Yəni normal təfəkkürü olan, normal düşüncə tərzi olan, yol hərəkət qaydalarını bilən, ona əməl edən, özünə və ətrafdakilara hörmətlə yanaşan sürücülər çox nadir halda qəza törədirlər və yaxud da onların düşdüyü qəzalar çox cüzi maddi zərərlə nəticələnir. Görülən tədbirlərə rəğmən Azərbaycanda yol nəqliyyat hadisələrinin sayı hələ də azalmır və bu bizi ciddi narahat edir. Xüsusən sürət həddinin aşma çox yayılıb. Çox təəssüf olsun bəzi sürücülər, harada kamera, radar və polis postu və yaxud da polis əməkdaşı, polis maşını varsa, orda normal sürücüyə çevrilir, amma sadalananlar olmayan yerdə qayda pozurlar, təhlükəsizlik kəmərindən istifadə etmirlər, mobil telefon ilə danışırlar, sürət həddini aşırlar. Ona görə yol polisi müəyyən təşəbbüslər irəli sürdü, hətta yol polisi avtomobillərinin maketlərinin yollara quraşdırdı. Bu da effekt vermədi. Maketlərin üstündə sayrışan effektləri sökdülər, başqa hərəkətlər etdilər”.
Ekspert çıxış yolunu yollarda əlavə kamera və radarların quraşdırılmasında görür: “Yolları ya biz radar və kamera ilə bəzəməliyik, ya da radarların yeri tez-tez dəyişdirilməlidir. Rayonlar, şəhərlərarası taksi fəaliyyəti ilə, qanunsuz və yaxud da qanuni sərnişin daşıma ilə məşğul olan şəxslər radar və kameraların yerini əzbər bilir. Ona görə o kameralara, radarlara çatanda olurlar dırnaqarası mülayim, nümunəvi sürücü. Yəni ancaq qazanc, insan həyatına dəyər vermək yaddan çıxır, nə özünə nə də daşıdığı sərnişinlərə dəyər vermir bu adamlar. Ona görə stasionar radarlardan əlavə, həm də mobil radarlar olmalıdır. Müxtəlif vasitələr var, onlardan istifadə etmək lazımdır ki, bu cür hadisələrin sayı azalsın. Amma əsas məqam təbliğat işidir. Təbliğat və nəzarət mexanizmi gücləndirilməlidir”.
Tarix: 14-07-2021, 09:00
Xəbəri paylaş



Xəbər lenti