İnternet provayderlər abunəçilərə kompensasiya ödəməlidir


İnternet provayderlər abunəçilərə kompensasiya ödəməlidir
“Ümumiyyətlə, jurnalistlərin, vətəndaş cəmiyyətinin, vətənpərvər insanların internetə girişini məhdudlaşdırmaqla, düşmənlə informasiya müharibəsində resurslarımızı zəiflətdik”
 
Sentyabrın 27-də Qarabağda hərbi əməliyyatların başlamasından bəri, dövlətə məxsus “Bakinternet” provayderi abunəçiləri üçün internetə girişi dayandırdı və xidmətləri yalnız bu ayın əvvəlində bərpa etdi – o da məhdud şəkildə. Hazırda şirkət şəbəkənin sürətini də məhdudlaşdırıb, lakin xidmət təminatçısı vətəndaşlara ödənilən pulun əvəzini ödəmək fikrində deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) bəyanatında adı çəkilən dövlət internet xidmət təminatçısı tərəfindən şəbəkənin sürətinin azaldılması və hərbi əməliyyatların ilk günlərində internetə girişin dayandırılması barədə bir şey deyilməməsi də maraqlıdır.
 
Ayın sonlarına yaxın müvafiq qurum ölkə daxilində internetə girişin məhdudlaşdırılmasına dair bir açıqlama yayaraq, bu qərarı Ermənistandan gələn genişmiqyaslı təxribatların qarşısını almaq məqsədi ilə izah etdi. Bu gün ölkədə sosial şəbəkələr və messencerlərin işi məhdudlaşdırılıb – “Facebook”, “Twitter”, “Instagram”, “Linkedln”, “TikTok”, “WhatsApp”, “Skype”, “Zoom” və “YouTube” bloklanıb.
 
Diqqətəlayiqdir ki, müharibənin ilk günlərində internetə girişin məhdudlaşdırılması ilə bağlı bəyanat, dövlət internet provayderi “Bakinternet”in istifadəçilərinin şəbəkədən tamamilə ayrılması ilə heç bir şəkildə əlaqələndirilməyib, özəl internet provayderləri bütün bu müddət ərzində məhdudiyyətlərlə də olsa, işləyirdi. “Bakinternet” abunəçiləri sual qarşısında qalmışdılar: ola bilərmi ki, təxribatlar yalnız dövlət şirkətinin xidmətlərinin istifadəçiləri ilə əlaqədardır, amma özəl provayderlərin abunəçiləri bu cür hücumlardan qorunur?
 
Oktyabr ayının əvvəlində “Bakinternet” istifadəçiləri üçün şəbəkəyə giriş məhdudiyyətlərlə davam etdirildi. Eyni zamanda, yeni ayın ilk günlərində çox sayda vətəndaş telefon rabitəsiz qaldı, çünki ATS-in regional şöbələri telefonlara bağlı internet üçün ödəniş tələb etdi və yalnız bundan sonra abunəçiləri şəbəkəyə qoşmağa başladılar.
 
NRYTN-in açıqlamasında deyildiyi kimi, sosial şəbəkələr və messencerlər hazırda işləmir, vətəndaşlar elektron poçtla məktub göndərərkən çətinliklərlə qarşılaşırlar. Buna əlavə olaraq, internetin sürətində də əhəmiyyətli bir azalma var - hərçənd, bu məqam Nazirlik tərəfindən dəqiqləşdirilməyib.
 
AYNA məsələ ilə bağlı NRYTN-in mətbuat xidməti ilə heç cür əlaqə qura bilmədi. İnternetin aşağı sürəti ilə bağlı texniki xidmətə (155) göndərilən sorğuya cavab olaraq, şəbəkə sürətinin məhdud olduğu və hazırkı vəziyyəti anlayışla qarşılamağımız xahiş edildi.
 
Nazirliyinin “qaynar xətti” (16-55) ilə əlaqə saxladıq. Oradan bildirildi ki, istifadəçilər üçün məhdudiyyətlərə görə kompensasiya ödənilməyəcək: “Bu məsələ Nazirlik tərəfindən nəzərdən keçirilmir”.
 
“Qaynar xətt”dən sürətin azalması faktının həqiqət olduğunu etiraf etsələr də, ancaq “vətəndaşlara verilən internet məhdudlaşdırılıb” deyərkən, tam olaraq nəyin nəzərdə tutulduğunu və bunun saniyədə ötürülən bit məlumat sayının birbaşa daxil olub-olmadığını söyləməkdə çətinlik çəkdilər.
Eyyub Hüseynov: “Dönər tələbə və şagirdləri məhv edir, amma biz onlara  qadağa qoya bilmərik”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-deyib ki, provayderlər, xüsusən dövlətə məxsus “Bakinternet”, abunəçilərinə ödədikləri xidmətlərin tam paketi təqdim olunmadığı üçün, ödənilən pulun bir hissəsini geri qaytarmalıdır: “Əks halda bu fakt istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Provayderlərin xidmətlərinin təchizatı müqavilələrində fors-major vəziyyətlər nəzərə alınmır”.
 
İqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya şərhində bildirib ki, istehlakçının hüququ nəzərə alınmalıdır: “İki çıxış yolu var: ya provayderlər istehlakçılara itirilən sürəti əlavə olaraq ödəməlidir, ya da bir-biriləri ilə razılığa gələrək, bu günə qədər internetin tam olaraq məhdudlaşdırıldığı müddət ərzində müştəriləri pulsuz internetlə təmin etməlidir”.
 
“Ölkədə hərbi vəziyyət elan edildikdə, təhlükəsizlik səbəbi ilə messencerlərə girişin məhdudlaşdırılacağını güman etmək olardı. Bu mənada, hərbi vəziyyət məhdudiyyətlərə səbəb olur, baxmayaraq ki, bununla razılaşmıram, çünki indi birbaşa döyüş sahəsindəki müharibədən əlavə, şiddətli bir informasiya müharibəsi də gedir. İnternetin məhdudluğu, xüsusən sürəti, əhalimizin, jurnalistlərin və vətəndaş fəallarımızın informasiya müharibəsində tam iştirak edə bilməmələrinə gətirib çıxarır. Mümkün təxribatlar olduğu təqdirdə, çaxnaşma yaradan və yalan məlumat yayan şəxslərin təxribatlarını izləyən və məhdudlaşdıran təhlükəsizlik qurumları var. Bu baxımdan bütün əhalinin internetə girişini məhdudlaşdırmağın səhv olduğunu düşünürəm”, - ekspert vurğulayıb.
Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”
Şəbəkənin sürətinin azaldılmasına gəlincə, onun sözlərinə görə, bunun üçün qanunlar var: “Bir provayderlə müqavilə bağlayarkən, abunəçi müəyyən bir sürət üçün pul ödəyir, çünki xidmət göstəricisindən asılı olan müxtəlif tariflər mövcuddur. Müqavilənin birtərəfli pozulması və məhdudlaşdırılmış xidmətlər üçün tam ödəniş tələb edilməsi qanun pozuntusudur. Belə hallarda abunəçilərin kompensasiya tələb etmək hüququ var. Çünki provayderlər istehlakçıdan öz borclarını yerinə yetirmədən öhdəliklərin yerinə yetirilməsini tələb edirlər. Rabitə Nazirliyinin sürətin məhdudlaşdırılması ilə bağlı bir şey söyləməməsi fonunda, messencerlərə və müəyyən kanallara girişin dayandırılmasına dair bir qərar verildi. Sürəti azaldan provayder buna görə cavabdehdir”.
 
Cəfərlinin fikrincə, aşağı sürətli internet düşmən təxribatlarından qorunmaq üçün heç bir rol oynamır: “Əhalinin VPN proqramları ilə müxtəlif mesajlaşmalardan istifadə etdiyi indiki vəziyyətdə sanksiyalar konkret və hədəfli olmalıdır. Hərbi vəziyyət dövründə təxribatlar, yalan məlumatlar və Azərbaycan Ordusu üçün zərərli məlumatlar yayanlar şəxsən cavabdeh olmalıdır. Bu cür şəxsləri aşkarlamaq və cəzalandırmaq lazımdır. Bəs, biz nə etdik? Nədənsə jurnalistlərin, vətəndaş cəmiyyətinin və sadəcə patriot insanların şəbəkəyə girişini məhdudlaşdırmaqla, düşmənlə informasiya qarşıdurmasında resurslarımızı zəiflətdik”.
 
İqtisadçı başqa bir məqama da diqqət çəkib: “Beynəlxalq müqavilələri nəzərə alaraq, provayderlərimiz beynəlxalq şəbəkələrdən aldıqları internet miqdarını ödəyir. İstehlakçılara verilən sürəti aşağı saldıqda beynəlxalq təchizatçılara daha az pul verir, amma məhdud interneti yerli istehlakçılara köhnə qiymətə satırlar. Bu vəziyyətdə internet sürətinin aşağı salınması yerli internet təminatçılarına maddi baxımdan sərfəlidir. İstehlakçılara verilən internetin sürətinin azalmasını mütləq kompensasiya etməlidirlər”.
Tarix: 15-10-2020, 20:55
Xəbəri paylaş



Xəbər lenti