Müharibə təkcə silahla deyil, həm də informasiya ilə aparılır. Bu, artıq XXI əsrdə bir aksioma çevrilib. Bu gün Azərbaycanın apardığı vətən müharibəsində informasiya cəbhəsində çox böyük işlər görülür, Azərbaycan dövlət rəsmiləri səviyyəsində öz haqq səsini böyük dövlətlərə, beynəlxalq təşkilatlara çatdıra bilir, onların dəstəyini qazanır.Lakin obrazlı desək, erməni xalqı sanki informasiya təxribatı yaratmaq üçün doğulub, onlar dezinformasiyalar yaymaq, faktları saxtalaşdırıb dünyaya car çəkmək işində peşəkardır desək, yanılmarıq. Azərbaycan hökuməti ölkə daxilində erməni təxribatlarının qarşısını almaq, dezinformasiyaların yayılmasını önləmək üçün hərbi vəziyyət dövründə sosial şəbəkələrə məhdudiyyət qoyub.
Lakin bu məhdudiyyət bəzən ölkədə internet probleminin yaranması ilə də nəticələnir. Fəaliyyəti internet üzərindən olan sahələrin işində problem yaranır. Hətta bəzi provayderlər bu məqamdan istifadə edib internetin sürətini də kəskin azaldırlar. Nəticədə insanlar nəyinki sosial şəbəkələrə daxil ola bilmir, bütövlükdə, internetin imkanlarından məhrum qalırlar. İnformasiya cəbhəsində olan bizlər- media mənsubları da bu prosesdə ən çox əziyyət çəkənlər sırasındayıq. Çünki günümüzdə elə sosial şəbəkələr də medianın tərkib hissəsinə çevrilmişdi.
Bundan başqa, Azərbaycanın beynəlxalq miqyasda informasiya savaşında olduğu bu ərəfədə internetə çıxış imkanlarının zəifləməsi, sosial şəbəkələrə daxil olmaqda yaranan problemlər, qarşı tərəfin daha güclü mövqe əldə etməsinə və təxribatçı, yalançı informasiya siyasətinə nail olmasına gətirib çıxarır. Bu gün ölkədə xarici dil bilgisi olan vətəndaşlar beynəlxalq platformalarda internet üzərindən vətən müharibəsində haqq səsimizi dünyaya çatdırmaqda çətinlik çəkirlər.
Məsələ ilə bağlı Musavat.com-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bildirdi ki, informasiya işi ilə məşğul olanlara müəyyən imkanların yaradılmasına ehtiyac var: “Birinci vitse-prezident Mehriban Əliyeva da “İnstagram”da bir paylaşım edərək, vətəndaşlara müraciət etmişdi ki, nəyin bahasına olursa-olsun bütün platformalardan istifadə edib, müharibə ilə bağlı Azərbaycanın həqiqətlərini yaymaq lazımdır. Buradan belə qənaətə gəlmək olur ki, rəsmilər də həqiqəti özündə əks etdirən informasiyanın yayılmasına ciddi ehtiyac olduğunun fərqindədirlər. Əks-halda Birinci vitse-prezident səviyyəsində belə bir çağırış olmazdı. Bir səbəb də odur ki, xaricdə bir anti-Azərbaycan cəbhəsi var. Son zamanlarda onların da fəallığı hiss olunur, qarayaxma kampaniyası aparırlar, bizim haqq işimizi tərsinə izah edirlər”.
Ekspert vurğuladı ki, hərbi vəziyyətlə bağlı sosial şəbəkələrə məhdudiyyət tətbiq edilməsi doğru addım idi: “Ola bilər ki, bizim əlimizdə yetərincə məlumat yoxdur. Ölkədə hərbi vəziyyət elan olunub və bununla bağlı belə addımlar atıla bilər. Demək olmaz ki, bu qanuna ziddir, bu məsələdə istisnalar var. Dövlət rəsmilərinin çıxışlarını da nəzərə alsaq, hökumətin media qurumları, xarici dildə informasiya savaşı aparanlar və digər bu kimi şəxslərin sosial media ilə əlaqəsinə şərait yaratması doğru olardı. Hazırda buna ehtiyac var”.
Dövlət başçısının açıqlamalarını “Twitter”dən yayması, Müdafiə Nazirliyinin cəbhə ilə bağlı videoları “Youtube” şəbəkəsi üzərindən paylaşması və bunların xalqa çatım imkanlarının artırılmasına gəlincə,
O.Gündüz bildirdi ki, hazırda televiziyalar xəbər siyasəti ilə bağlı gücləndirilmiş rejimdə işləyirlər və ictimaiyyətin məlumatlandırılması sahəsində informasiya qıtlığı yoxdur:
“Daha çox diqqət xarici radiusa yönəldilməlidir. Çünki daxili auditoriyaya informasiyaları televiziyalar çatdırır və informasiya bolluğu var. Ölkə daxilində “whatsApp” kimi şəbəkələrin tamamən nəzarətdən kənar olması ancaq problemlər yarada bilər. Keçən müharibələrdə də biz bunu görmüşük. Bu şəbəkələrdə sürətlə müəyyən səslər yayılır, nənə-babalar, əmi-dayılar özləri də bilmədən, nəticəsini anlamadan dezinformasiya yayırlar. Sosial şəbəkələrdən bəzilərini, əsasən də “whatsApp”ı bu qaydada saxlayıb, “Twitter”lə bağlı işləri canlandırmaq olar. İnternetin özünün tamamən məhdudlaşdırılmasının isə faydası az olacaq. Çünki internetlə sosial şəbəkələr tamamilə fərqli məsələlərdir. İnternet işləməlidir ki, biz xəbər saytlarına daxil ola bilək, dövlətin informasiyasını əldə edə bilək. Rəsmi qurumların saytlarına daxil ola bilməliyik, insanların müəyyən xidmətlərdən istifadə edə bilməsinə imkan yaradılmalıdır. İnternetdə yaranan problemlər də hökumətə əlavə çətinliklər yarada bilər. Bu vətəndaşlara xidmətlərin çatması və hökumətə aid informasiyaların əldə olunması ilə bağlı özünü göstərə bilər. Ancaq sosial media ilə bağlı qərarlar anlaşılandır”.
Sosial şəbəkələrə daxil olmaq istəyənlərin “VPN” tipli proqramları yükləməsi və informasiyaların oğurlanmasına şərait yaranması ilə bağlı məsələyə münasibət bildirən ekspert qeyd etdi ki, peşəkarların və informasiya təhlükəsizliyini qoruya bilən, informasiya ilə işləyə bilən şəxslərin “VPN” yükləməsində bir qəbahət yoxdur:
“Mən bunu təqdir edirəm, onlar bunu tətbiq etməklə iş aparırlar, xariclə, daxili auditoriya ilə faydalı informasiya mübadiləsi həyata keçirirlər. Bundan sui-istifadə edən, dezinformasiya yayanlara mən rast gəlməmişəm. Bu baxımdan hesab edirəm ki, media qurumları, ekspertlər , peşəkarlar – kimin bacarığı varsa, “VPN” yükləyib informasiya cəbhəsində iş aparırlarsa, bu, düzgündür. Ancaq kiminsə ehtiyacı yoxdursa, bu sahədə iş aparmırsa, informasiya təhlükəsizliyini qoruya bilmirsə , ona elə televiziyanın informasiyaları kifayət edirsə, VPN istifadə edə bilməyib hökumətə, cəmiyyətə əlavə problem yaradacaqsa, onun bu proqramı yükləməməsi tövsiyə olunur”.
Tarix: 7-10-2020, 21:48