İnternetə senzuranın tətbiqi təqdirəlayiqdir, amma iki problemli məqam var


İnternetə senzuranın tətbiqi təqdirəlayiqdir, amma iki problemli məqam var
Ekspert: “Haqlı mübarizəmizi dünya ictimaiyyətinə çatdırmaq üçün ən yaxşı vasitə internetdir”
 
Sentyabr ayının 27-dən cəbhəboyu şiddətli döyüşlər gedir. Əvvəlki döyüşlərdən fərqli olaraq bu dəfə ölkədə hərbi vəziyyət elan olundu və internetin verilməsində, eləcə də sosial mediaya daxil olmaqda məhdudiyyətlər tətbiq edildi.
 
Hazırda bir çox yerlərdə internet məhdudiyyəti var və xüsusi proqramlar olmadan sosial mediaya daxil olmaq bir çox halda mümkün deyil. Cəbhə ilə bağlı bütün məlumatlar ancaq bir mənbədən yayımlanır – Müdafiə Nazirliyinin rəsmi saytından. İnternetin və sosial mediaya girişin məhdudlaşdırılması dezinformasiyaların yayılmasının qarşısını almağa hesablanıb.
 
AYNA mövzu ətrafında ekspertlərlə həmsöhbət olub.
Ələsgər Əhmədoğlu: “Şəffaflığa yönəlik hissələr problemlidir”
Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlunun sözlərinə görə, internetin məhdudlaşdırılması qanunvericiliklə nəzərdə tutulub: “Azərbaycanda 27 sentyabrda hərbi vəziyyət elan olundu. “Hərbi vəziyyət haqqında” qanuna görə, hərbi senzura tətbiq oluna bilər. Hərbi senzura isə qanunun 1-ci maddəsinin 1.0.3-cü hissəsində göstərir ki, hərbi senzura Kütləvi İnformasiya Vasitələrinin məlumat və materiallarını hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, internet ehtiyyatlarına, o cümlədən sosial şəbəkəyə nəzarət olunması həyata keçirilir. Bu baxımdan hərbi vəziyyət elan olunduğu üçün internet və sosial mediaya, o cümlədən bütün mediaya məhdudiyyətin gətirilməsi qanunvericilik üzrə nəzərdə tutulub”.
 
Ekspert internetə bütün çıxışlarımızı məhdudlaşdırmaqla, haqlı mübarizəmizi dünya ictimaiyyətinə çatdırmaqda qarşı tərəfə müəyyən üstünlük qazandıra biləcəyimizə də diqqət çəkib: “Qanunvericiliklə internet-informasiya ehtiyatına nəzarət nəzərdə tutulsa da, onun bloklanması birbaşa nəzərdə tutulmayıb. Qeyd edim ki, bizim internetə bütün çıxışımızın məhdudlaşdırılması bir çox problem yarada bilir. Birincisi, epidemioloji vəziyyətlə bağlı distant təhsil məsələsi var. Bu halda distant təhsil faktiki olaraq ortadan qalxmış olur ki, bu, böyük bir problem yaradır. Bu halda 1 milyon 700 minə yaxın şagird və müəllim heyətinin konkret olaraq kommunikasiya əlaqəsi kəsilmiş olur. İkinci önəmli problem isə budur ki, biz indi haqlı bir müharibəyə girmişik və ərazilərimizi işğaldan azad etmək istəyirik. Və təbii ki, bu haqlı mübarizəmizi dünya ictimaiyyətinə çatdırmaq üçün ən yaxşı vasitə internetin olmasıdır”.
 
“Halbuki, indiki halda biz həm də lehimizə olan informasiyaları xüsusi proqramlar olmadan birbaşa internetə çıxara bilməyəcəyik. Bu, o deməkdir ki, bizim lehimizə olan informasiyalar yayımlanmayacaq. Beynəlxalq mühitdə sadəcə başqa alternativlərdən getmiş məlumatlar yayımlanacaq ki, bu da Azərbaycanı sevən, uğurunu istəyən milyonlarla insanın internetə çıxışının olmaması ilə bağlıdır. Bu vəziyyətdə faktiki olaraq qarşı tərəfədə müəyyən informasiya üstünlüyü yaratma ehtimalı yaranır. Bu aspektdən internet informasiya resurslarını bloklamaq və sürətini azaltmaq deyil, burada konkret olaraq qanunun tələblərinə uyğun olaraq məzmun nəzarəti edilsə, yetərli olardı”, - müsahibimiz bildirib.
 
Əhmədoğlu əlavə edib ki, internet məhdudiyyətinə görə KİV-i çox da geniş izləyə bilmir: “Sadəcə televiziya və radiodan qarşıma çıxan xəbərləri dinləyirəm. Bu aspektdən bircə onu bilirəm ki, Azərbaycanda bütün media faktiki olaraq hökumətin və ordumuzun apardığı siyasəti dəstəkləyir. Vətəndaşlar illərdir Qarabağla bağlı problemin həll olunmasını, Azərbaycanın ərazilinin işğaldan azad olunmasını arzulayırlar. Bu baxımdan bütün media və cəmiyyət eyni istiqamətə baxır və eyni nəticə gözləyir. Ona görə elə də fərqli bir mövqe olduğunu müşahidə etməmişəm”.
MSK jurnalist Ceyhun Musaoğlu barədə qərarı ləğv etdi – Namizədliyi bərpa  olundu
Jurnalist Ceyhun Musaoğlu sentyabrın 27-dən bu günə qədər informasiyanın idarə olunmasını təqdirəlayiq hesab edir: “Müharibə şəraitində informasiya dağınıq olmamalıdır. Bu baxımdan indiki vəziyyətdə inormasiyanın idarə olunması təqdirəlayiqdir. Lakin ümumi olaraq Azərbaycan mətbuatının vəziyyətini mütləq düzəltmək lazımdır. Bunun üçün ciddi konseptual sənəd hazırlanmalıdır. Hamıya eyni şərtlər daxilində xidmət göstərmək üçün rəqabət şəraiti yaradılmalıdır”. 
525-ci Qəzet - İnformasiya mübadiləsinin əhəmiyyəti - Akif Rüstəmov
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Akif Rüstəmov da indiki şəraitdə internetin məhdudlaşdırılması və informasiyaya nəzarətin gücləndirilməsini doğru addım hesab edir: “İkinci Dünya müharibəsi zamanında döyüşlərlə bağlı yalnız hərbi qəzet yaza bilərdi. Digər qəzetlər isə müharibə ilə bağlı ancaq ruhlandırıcı, müsbət yazılar yayımlayırdı. Özüm elə bir neçə gün əvvəl sosial media hesabımdan status paylaşaraq arzumu, həm də xahişimi ifadə etdim ki, Müdafiə Nazirliyi operativ nəlumat versin. Biz də həmin məlumatlara əsaslanaq, ancaq həmin məlumatlar yayımlansın. Çünki müharibənin öz qayda-qanunları var, hər məlumatı yayımlamaq olmaz. Şəhid xəbərlərini də birbaşa vermək düzgün deyil, bu cür xəbərlər tədricən verilməlidir. Camaatı xoflandırmaq olmaz. Mənə elə gəlir ki, bu dəfə Müdafiə Nazirliyinin operativliyi çox yaxşıdır”.
 
Professor sonda şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına səbir diləyib, ordumuzun qələbəsini alqışlayıb: “Ard-arda şad xəbərləri eşidirik. Bir neçə kənd artıq azad olunub, ordumuz çox yaxşı mübarizə aparır. Bu, müharibədir, sözsüz ki, itkisiz olmayacaq, lakin ruh yüksəkliyimizi qorumağı bacarmalıyıq. Bu işdə medianın da üzərinə böyük məsuliyyət düşür. Fikir verirsinizsə, bəzi superdövlətlər artıq müraciət edir ki, müharibəni dayandırın, danışıqlara gedin. 30 ildir danışırıq, nə olub? Amma biri demir ki, “erməni, sən işğalçısan, o torpaqlardan çıx”. Bu danışıqların heç bir xeyri yoxdur, buna görə də mən arzu edirəm ki, ordumuz bayrağımızı Şuşada, Xankəndidə sancsın, balalarımız ailələrinin yanına sağ-salamat, qələbə xəbəri ilə dönsünlər”.
Müəllif: Aləmdə Nəsib 
Tarix: 29-09-2020, 13:29
Xəbəri paylaş



Xəbər lenti