“Bu şikəst ayağımla məni gəzdirir, problemi bir-birinin üstünə atırlar”
“2019-cu ilin mart ayında sinifdə dərs keçərkən qəfildən bütün ağırlığımla sağ böyrü üstə yıxıldım və bud-çanaq oynağım sındı. Elə o vaxtdan da şikəst qalmışam. Ayağıma 1 kq ağırlığında dəmir qoyulub, gəzməkdə çətinlik çəkirəm. Amma bu vəziyyətimə baxmayaraq, əlillik ala bilmirəm”.
“Qafqazinfo”ya bu şikayətlə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 nömrəli Bakı Peşə Liseyinin müəllimi Arifə Heybətova müraciət edib.
Onun sözlərinə görə, yıxılan vaxt 48 yaşı olub və bu yaşda bud-çanaq sümüyünün bitişməsi qeyri-mümkündür. O, nə müalicə alıb sağala, nə də əlilliyə görə müavinət ala bildiyini deyir: “2 saylı Şəhər Poliklinikasına müraciət etdim. Həkim Şahin Quliyev dedi ki, “ayağına dəmir qoyublar, get işini işlə, sən sağlamsan”. Bu həkim xəstəliyimi yüngül yazır, guya heç bir problemim yoxdur. Buna görə əlilliklə bağlı müraciətimə iki dəfə imtina gəlib. Dəfələrlə ƏƏSMN-ə zəng etmişəm, düşə bilməmişəm. Ona-buna yalvarmaqdan yorulmuşam, xahiş edirəm, mənə kömək edin”.
Şikayətçi iddia edir ki, qohum-əqrəbadan borc toplayaraq keçirdiyi əməliyyata beş min manatdan artıq pul ödəyib. Hazırda ayağına müvəqqəti dəmir qoyulub. Qoyulan dəmirin müddəti 15 ildir, bu vaxt keçdikdən sonra isə yenə həmin əməliyyat olunmalıdır.
“Məktəb bir il mənə imkan yaratdı, gözlədilər ki, sağalıb işə çıxaram. Amma mənim ayağımda 1 kiloqram dəmir var. 3 avtobusla işə gedib-qayıdırdım. İndi bu vəziyyətdə məktəbə necə gedib-gələ bilərəm? Hələ heç birinci əməliyyatın borcundan qurtarmamışam, yıxılsam sonra necə olacaq?”, - şikayətçi əlavə edib.
A.Heybətova iki ildir nə sığorta, nə əlillik müavinəti ala bilmədiyini, 80 yaşlı anasının pensiyası ilə dolandığını bildirib: “Hər il sığorta ödənişi etmişəm, indi sığortaya müraciət edirəm, deyirlər, get əlillik al, sonra gəl. Bu şikəst ayağımla məni gəzdirirlər, qurumlar problemi bir-birinin üstünə atır. Mən bədbəxt olmuşam, hara yazıram, hara şikayət edirəm, heç dərdimi soruşan, maraqlanan yoxdur. Əgər məktəbdə mənim dərsimdə bir uşaq yıxılıb xəsarət alsaydı, bütün dünya məndən danışardı...”
Şikayətlə bağlı Bakı Baş Səhiyyə İdarəsindən “Qafqazinfo”ya bildirildi ki, vətəndaş Arifə Heybətova iş yerində aldığı travmayla bağlı 2019-cu il martın 8-dən 14-dək “Avrasiya Klinikası” özəl tibb müəssisəsində “sağ bud sümüyü boynunun sınığı” diaqnozu ilə stasionar müalicə olunub və xəstəyə stasionar müalicəsi zamanı “sağ bud sümüyü boynunun protezləşməsi” diaqnozu ilə cərrahiyyə əməliyyatı icra edilib.
“Dispanser qeydiyyatda olduğu 2 nömrəli Şəhər Poliklinikasında xəstə 6 ay müddətində “sağ bud sümüyü boynunun sınığı, sağ bud çanaq oynağı artroplastikası əməliyyatından sonrakı vəziyyət, hərəkətin və yerişin pozulması, asteno-nevrotik vəziyyət” diaqnozu ilə həkim nəzarətində saxlanılıb. Xəstənin əlillik əlamətlərinin təyini məqsədilə Həkim Məsləhət Komissiyası tərəfindən 088 nömrəli forma doldurularaq, Tibbi Sosial Ekspert Komissiyasına göndərilib, lakin əlillik dərəcəsinin təyin olunmasına imtina cavabı verilib. 2020-ci ilin may ayında xəstənin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə təkrar olaraq Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinələrdən keçirilərək, 2837/2560 nömrəli rəy verilib”.
Səhiyyə İdarəsindən həmçinin o da bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı xəstələrin müvəqqəti olaraq Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsinin dayandırılması ilə bağlı sənədlərin də göndərilməsi mümkün olmayıb. Hazırda Arifə Heybətovanın poliklinika tərəfindən müayinələrdən keçirilməsindən sonra xəstədə əlillik dərəcəsinin təyini məqsədilə sənədlərin TSEK-na göndərilməsi planlaşdırılır.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova isə “Qafqazinfo”ya bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün vətəndaş yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməli, həmin müəssisəsinin həkim komissiyası şəxsin diaqnozunu təsdiqləməlidir: “Həkim komissiyası tərəfindən şəxsin diaqnozunu təsdiq edən instrumental, diaqnostik, laborator müayinələr, ixtisaslaşmış həkim rəyi və digər məlumatlar əsasında "forma 88" tərtib edilərək ƏƏSMN-nın Əlillik Altsisteminə elektron qaydada göndərilir. TSEK eksperti vətəndaş-ekspert ünsiyyəti olmadan "forma 88"də yazılan məlumatlar əsasında qiymətləndirmə barədə qərar qəbul edir. Əlillik qiymətləndirilməsində baza sənəd səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilən "forma 88-dir"”.
Tarix: 19-09-2020, 09:20