Azərbaycanda “Silikon vadisi”ni yaratmaq mümkündür

Osman Gündüz: “Normal ekosistem  formalaşdıra bilsək, əlbəttə ki, nəhəng texnologiya şirkətləri Azərbaycana gələ bilər”

Dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycanın postpandemiya dövrü iqtisadiyyatı üçün hədəflədiyi əsas istiqamətlərdən biri xarici investisiyanın ölkəyə cəlb edilməsidir. Xüsusən də Azərbaycan üçün ənənəvi olmayan bir çox sahələrdə, əsasən də informasiya texnologiyaları sahəsində mövcud olan dünya nəhənglərinin ölkəmizə gəlməsi, bəzi inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da silicon vadisinin yaradılması son zamanlar tez-tez dilə gətirilir. 
Prezident İlham Əliyev də sentyabrın 15-də “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında vurğuladı ki, dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib.  Məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq". 
Qeyd edək ki, dövlətlər investisiya axtarışında olduğu kimi pandemiyanın çətin vəziyyətə saldığı nəhəng şirkətlər də postpandemiya dövründə yeni və uğurlu yatırımlar etmək üçün əlverişli investisiya imkanları olan bölgələrin axtarışındadırlar. Xüsusən də ABŞ-la Çin arasındakı iqtisadi müharibədən sonra bir çox ABŞ şirkətlərinin Çini tərk etməsi, pandemiyanın fəlakətlər törətdiyi ölkələrdə şirkətlərin çıxması da yeni fürsətlər yaradır. Bəs Azərbaycanın bu fürsətlərdən yararlanması nə dərəcədə realdır? İnvestisiya mühitinin əlverişli olması üçün hansı addımlar atılmalıdır? Xarici şirkətlər üçün ölkədə bir neçə Azad İqtisadi Zonanın yaradılması mümkündürmü?
Qeyd edək ki, bu həm də Azərbaycanın müxtəlif sahələrdə idxaldan  asılılığını minimuma endirə bilər. Dövlət başçısının da açılışda qeyd etdiyi kimi, biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Hətta Prezident bu istiqamətdə təşəbbüskar olan  şirkətlərə güzəştlər də vəd edib: “Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq”. 
Fikrət Yusifov: “Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək”
Fikrət Yusifov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, hazırda xaricdən investisiya cəlb etmək uğrunda dünyada böyük bir rəqabət var: “Çünki bütövlükdə dünyada iqtisadi aktivlik zəifdir. Pandemiya fonunda risklər artıb, belə bir şəraitdə adətən investorlar tərəddüd edirlər, gözləmə mövqeyinə üstünlük verirlər. Məsələnin digər tərəfi ondan ibarətdir ki, investisiya mühiti cəlbedici olmalıdır. Əgər belə olmasa, xarici investisiyaları gətirmək çətindir. Təbliğat, təşviqat, investorlarla görüşlər keçirmək mümkündür və həmin şirkətlər üçün güzəştlər müəyyən etmək olar. İnvestor sərbəst kapitalı olan şəxsdir və o  kapitala sahib ola bilibsə, deməli, kifayət qədər ağıllı şəxsdir, real vəziyyəti dəyərləndirə bilir. İnvestor müşahidə edir ki, ölkədə kifayət qədər qaydalar-qanunlar var, ancaq onların heç biri işləmir. Məmur özbaşınalığı, məmur biznesi, monopoliya - bunlar hamısı Azərbaycanda investisiya mühitini korlayan amillərdir, kifayət qədər böyük zərbədir. İnvestorlar da bu vəziyyətdən xəbərdardırlar”.
Fikrət Yusifov vurğuladı ki, xarici şirkətlər üçün xüsusi iqtisadi zonaların yaradılması da mümkündür: “Biz bunu Ələtdə yaratmağa çalışırıq. Həmçinin uzun illərdir deyirik ki, Azərbaycanda sərhəd bölgələrdə azad iqtisadi zonalar yaratmaq üçün kifayət qədər imkanlar var. İnvestor bilsə ki, həmin zonada onun mülkiyyət hüququ toxunulmazdır, bütün vergi və rüsumlardan azaddır, yatırım etdikdən sonra 10-15 il ərzində gəlir götürə biləcək, o  zaman investisiya yatıra bilərlər. Azərbaycan coğrafi baxımdan elə mövqedə yerləşir ki, bu istənilən xarici yatırımçının diqqətini çəkə bilər. Ancaq reallıqda bunun nə dərəcədə mümkün olacağı sual doğurur. Ölkədə Rəqabət Məcəlləsi qəbul olunmayıb, bəzi qanunlar işləmir. Qanunların işləməməsi investoru çəkindirir, əksər sahələr monopoliyadadır”. 

Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda bəzi hökumət rəsmiləri “Silikon vadisi”nin yaradılması ilə bağlı açıqlamalar verirlər: “Normal ekosistem  formalaşdıra bilsək, əlbəttə ki, nəhəng texnologiya şirkətləri Azərbaycana gələ bilər. Burada müxtəlif sahələri əhatə edən ekosistemdən söhbət gedir, bunun qanunvericilik tərəfi var, məhkəmə tərəfi var, infrastruktur tərəfi var. Bunlar hamısı düzəlib, rəqəmsallaşmalıdır. Hazırda bizdə rəqəmsal infrastruktur normal səviyyədə deyil, bütün ölkə üzrə infrastruktur rəqəmsallaşmalıdır. Ekosistemin bir bəndi iqtisadiyyatın rəqəmsallaşmasıdır. İkinci bəndi hüquqi-normativ bazadır, bizdə hələ də startaplara güzəştlərlə bağlı qanun qüvvəyə minməyib. Bu məsələlər öz həllini tapmalıdır. Azərbaycanda Paypal ödəniş sistemi hələ tam bərpa olunmayıb, 50 faiz işləyir. İnvestor bu sistem üzərindən biznes qurub Azərbaycana gətirə bilməz, özü ödəniş edə bilsə də, ödənişi qəbul edə bilməz. Eyni zamanda infrastrukturla bağlı məsələlər öz həllini tapdıqdan sonra «Silikon vadisi»nin yaradılması mümkündür. Qlobal şirkətləri ölkəyə cəlb etmək olar. Belarusda hadisələr başlayanda, bu ölkədəki rəqəmsal şirkətlər ölkədən çıxmağa qərar verdilər, yüzmilyonlarla dəyərində investisiya ilə risk etmədilər. O zaman mən bu investisiyanın, Belarus İT şirkətlərinin Azərbaycana gəlməsini yazmışdım, bu, tənqidlə qarşılandı. Sonradan həmin şirkətlər Ukraynaya getdilər. Azərbaycanda bu sahədə böyük layihələr gözlənilir, birincisi Xəzərin altı ilə Türkmənistana, Qazaxıstana fiberoptik xəttin çəkilməsi və Avropadan, Asiyadan keçən xəttin onun üzərindən ötürülməsi nəzərdə tutulur. Bu da Bakı şəhərinin rəqəmsal mərkəzə çevrilməsini nəzərdə tutur. ”Azerbaijan Dijital Hub" layihəsi də köklü dəyişikliklər yarada bilər"
Tarix: 16-09-2020, 08:30
Xəbəri paylaş



Xəbər lenti