Abşeronda ekologiyaya vurulan ziyan - Fotolar

Abşeronda ekologiyaya vurulan ziyan - Fotolar
Rəsmilər deyirlər ki, Böyükşor hövzəsində mərkəzləşdirilmiş tullantı su infrastrukturunun yaradılması nəzərdə tutulub Abşeron rayonunun Mehdiabad, Balaxanı yaşayış məntəqələrindəki fərdi evlərin, o cümlədən Abşeron şəhərciyi və 5 nömrəli tam orta məktəbin yerləşdiyi ərazidəki həyətlərin, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin bir hissəsindəki və buruqlara yaxın ərazisindəki evlərin kanalizasiya xətti yoxdur. Məhz bu səbəbdən tullantı suları açıq kanallar vasitəsilə "Binəqədi OİL”-ə məxsus olduğu qeyd edilən ərazilərdən - buruqların yerləşdiyi sahələrdən keçməklə Böyükşor gölü istiqamətinə axıdılır. Eləcə də, adıçəkilən ərazilərdəki qeyri-əhali abonentlərdən, sənaye müəssisələrindən axıdılan çirkab sular, sənaye suları da müəyyən ərazilərdə bu açıq kanallara, oradan isə Böyükşor gölünə axıdılır. Nəticədə açıq kanalın keçdiyi əraziləri üfunət bürüyür, ətraf çirklənir, xəstəlik mənbəyi yaranır, ümumən ekologiyaya ciddi ziyan dəyir. Mövcud şərait Abşeron və Binəqədi rayon sakinlərini illərdir narahat edir. Bu narahatlığı əsas götürərək qeyd edilən ünvanlarda olduq, kanalizasiya sularının açıq kanala töküldüyü yerləri müşahidə etdik, şəkillərini çəkdik. Qərara aldıq ki, mövzunu ictimailəşdirməklə aidiyyəti qurumların diqqətinə çatdıraq, vətəndaşların haqlı narazılığına səbəb olan problemin birdəfəlik həlli üçün hansı işlərin görüləcəyini araşdıraq.  
Problemin kökündə sözügedən ərazidə kanalizasiya şəbəkəsinin qurulmaması, fərdi evlərin kanalizasiya xəttinin olmaması durduğundan, ilk müraciət etdiyimiz ünvan "Azərsu” Açıq Səhmdar Cəmiyyəti oldu. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qəzetimizə açıqlamasında bildirdi ki, Böyükşor gölü sovetlər birliyi dövründən çirklənməyə məruz qalan su hövzəsidir. Onun sözlərinə görə, həmin gölə uzun illərdir kanalizasiya, neft-mədən suları axıdılıb və indi də bu proses davam etməkdədir. "Azərsu” rəsmisi də etiraf etdi ki, Binəqədi rayonunun Binəqədi, Biləcəri, Abşeron rayonunun Mehdiabad qəsəbələrinin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan hissələrinin tullantı suları SSRİ dövründə neft sənayesi üçün nəzərdə tutulmuş açıq kanallara, buradan isə Böyük Şor gölünə axıdılır.  
A.Cəbrayıllı yaxın illərdə bu problemin həllini tapacağını söylədi: "Böyükşor gölünün Olimpiya Stadionuna yaxın hissəsində və ətraf ərazilərdə bir neçə il bundan öncə təmizləmə işləri aparılıb. Orada müvafiq infrastruktur yaradıldı və tullantı suların əraziyə axıdılmasının qarşısı alındı. "Azərsu” ACS tərəfindən Böyükşor gölündə hazırda iki ədəd nasosxana istismar edilir. Bu nasosxanalar vasitəsilə gölün su səviyyəsinin tənzimlənməsi işləri həyata keçirilir. Bununla yanaşı, "Azərsu” ACS tərəfindən Abşeron yarımadasının baş planı hazırlanıb. Həmin baş plana əsasən yarımadada tullantı su infrastrukturunun idarə olunması ilə bağlı böyük planlar var. O planların bir qismi indiyə qədər həyata keçirilib. Planın böyük bir qismi qarşıdakı illərdə icra olunacaq. Bu plana əsasən Böyükşor hövzəsində də mərkəzləşdirilmiş tullantı su infrastrukturunun yaradılması nəzərdə tutulub. Adlarını bir qədər əvvəl qeyd etdiyim yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin qurulması, tullantı sularının şəbəkələr vasitəsilə idarə olunması da burada yer alacaq. Biləcəri, Binəqədi istiqamətindən Xocahəsən-Sulutəpə-Binəqədi kanalizasiya kollektorunun tikintisi və həmin ərazidə artıq bu gün gölə axıdılan tullantı sularının toplanaraq gələcəkdə tikintisi nəzərdə tutulan Lökbatan təmizləyici qurğularına yönəldilməsi planlaşdırılır. Bu layihələr, planlar dövlət investisiyası hesabına mərhələlərlə reallaşdırılır, icra olunur”.   
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirdi ki, mövcud problem təsərrüfat-məişət tullantı sularının idarə olunmasında mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin, lazımi infrastrukturun olmamasından qaynaqlanır. Onun sözlərinə görə, adları çəkilən yaşayış məntəqələrinin tullantı suları açıq və qapalı kanallara, oradan da gölməçələrə axıdılır, bataqlıqlar yaranır, çökəkliklər çirkab sularla dolub-daşır: "Son nəticədə hamımız bunun fəsadlarını yaşayırıq. Ümumən ekologiyaya ziyan dəyir, ən sonda isə bu, relyef baxımından Xəzər dənizinə də təsirsiz ötüşmür. Bəzən göllərin aşıb-daşmasının qarşısını almaq üçün nasoslar vasitəsilə su dənizə vurulur, göldəki suyun səviyyəsi süni şəkildə qorunur. Digər tərəfdən ətraf mühit çirkləndirilir. Yəni göl çirkləndirilir, yayda buxarlanma baş verərkən hava çirklənir, qışda bir sıra zəruri addımlar atılır və sair. Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərindən çıxan sular mədən ərazisindəki açıq kanallara axıdılır. Bəzi ərazilərə o qədər su axıdılır ki, torpaq qatı sudan doyur. Nəticədə bataqlıqlar yaranır. Qeyd olunan ərazilərə istənilən adam baş çəkib bu bataqlıqları aydın şəkildə görə bilər. Son nəticədə bütün bu tullantı suları Böyük Şor gölündə cəmlənir”. 

M.Qənbərov söylədi ki, Böyükşor gölünün tamamilə reabilitasiyası nazirliyin gündəmində olan əsas məsələlərdən biridir: "Üçhissəli plan əsasında həyata keçirilən reabilitasiya tədbirləri nəticəsində gölün Olimpiya Stadionuna bitişik və yaxın ərazidəki hissəsi birinci mərhələdə tamamilə təmizlənib. Təmizlənmiş ərazi gölün digər hissəsindən ayrılıb. Burada torpaq qatı da, göl də təmizlənib, axıdılan çirkab suların istiqaməti dəyişdirilib, əvvəllər bataqlıq olan ərazidə mövcud infrastruktur yaradılıb. Böyükşor gölünün digər iki hissəsində də reabilitasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Buraya daha dərin orta hissə və ona birləşən üçüncü hissə daxildir. Bununla bağlı layihədə göstərilib ki, gölə Mehdiabad istiqamətindən daxil olan tullantı suların qarşısı zamanla alınacaq və su hövzəsinin bu hissəsi təbii olaraq öz-özünə quruyub çəkiləcək. Bunun ardınca orta hissədə təmizləmə işlərinə start veriləcək, birinci hissəyə uyğun səviyyəyə çatdırılacaq. Bunun üçün isə planda göstərildiyi kimi, mütləq şəkildə gölə daxil olan kanalizasiya, tullantı suların qarşısı alınmalıdır. Bundan sonra hissə-hissə digər təmizləmə işləri həyata keçiriləcək”.    
Açıqlamalardan göründüyü kimi hər iki qurum mövcud problemin həlli ilə bağlı yalnız gələcək zamanda danışır. Ümid edək ki, deyilənlər, sadəcə, söz olaraq qalmayacaq, planlar, layihələr vaxtında icra edilməklə vətəndaşların narahatlığına birdəfəlik son qoyulacaq, ekoloji vəziyyətin çirklənməsinin qarşısı alınacaq. 
 
Tarix: 12-09-2020, 20:26
Xəbəri paylaş



Xəbər lenti