Azərbaycanda konteyner mənzillərin gələcəyi barədə: Ucuz ətin şorbası olar? Pandemiya və karantin səbəbindən əhalinin gəlirləri əhəmiyyətli dərəcədə azaldı və mənzil almaq imkanı olan vətəndaşların əhatəsi daha da daraldı. Bəzi mütəxəssislər, ölkəmizə görə qeyri-adi, lakin maliyyə baxımından sərfəli olan blok-konteynerlərdən ibarət modul evlərinə daha yaxından baxmağın vaxtı gəlib çatdığını düşünürlər. Bu cür evlər dünyada populyarlıq qazanır və Azərbaycanda belə tikililəri satış üçün təklif edən şirkətlər var.
Bu tip mənzillər ölkəmizdə populyarlıq qazanacaqmı? “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak eksperti Nüsrət İbrahimov əmindir ki, hazırda bu tip mənzillərin Azərbaycanın əmlak bazarında perspektivi yoxdur.
Mütəxəssisin AYNA-ya dediyinə görə, ölkəmizdə əhalinin 99%-i möhkəmliyinə, davamlılığına, istiliyinə görə daş evlər tikməyə və ya satın almağa üstünlük verir: “Bu cür evlər 100-200 il davam gətirə bilər, buna görə də nəsillərə ötürülə bilən sərfəli bir yatırım hesab edilir. Vətəndaşların müəyyən bir hissəsi taxta evlərə üstünlük verir. Konteyner evləri isə alıcılar üçün az maraq doğurur”.
Əmlak eksperti Rəşad Əliyev isə AYNA-ya açıqlamasında, modul tipli evlərin bir neçə üstünlüyünün olduğunu bildirib: “Onlar nisbətən ucuzdur və adi evlərə baxanda daha sürətlə tikilir. Ancaq çatışmazlıqlar da var, xüsusən də yetərincə davamlı olmaması. Ölkəmizdə bu tip mənzillərə ehtiyatla yanaşılır. Azərbaycanda tikinti zamanı ağır materiallara üstünlük verilir”.
Buna baxmayaraq modul qurğular tədricən həyatımıza daxil olur və ölkəmizdə modul xəstəxanalar və məktəblər yaranır. Bu tip yaşayış binalarına gəldikdə, Əliyevə görə, yaxın gələcəkdə respublikada bunlara tələbat olmayacaq: “Onlara marağın artması üçün keyfiyyətlərini yaxşılaşdırmalı, daha davamlı, yaşayış üçün rahat etməlisiniz. İqlimimizdə belə evlər qışda çox soyuq, yayda isti ola bilər. Ölkəmizdə hazırda tikinti yavaş templə gedir və bu, həm maliyyə, həm də ənənələr məsələsidir”.
“Beləliklə, dünyada yeni texnologiyalar, xüsusən də 3D tipli ev çapı populyarlıq qazanır, lakin hələ bizə gəlib çatmayıb. Köhnə üslubda tikinti hələ də təqdim edilən yeniliklərdən daha ucuz başa gəlir. Bununla yanaşı, Azərbaycanda klassik mənzil seçimləri populyardır. Dərhal ev tikməyə pulu olmayanlar bunu tədricən edirlər. Əvvəlcə bir torpaq sahəsi alır, sonra gələcək evin təməli atılır və sonra tikinti mərhələli şəkildə aparılır. Bu, həyət sistemli yaşayış evlərini cəlbedici edir”, - ekspert vurğulayıb.
Mənzillərlə bağlı əlbəttə ki, tədricən tikinti variantı mümkün deyil. Ancaq onlar, əmlak bazarındakı tənəzzülə baxmayaraq, tələb olunur. Əliyev xüsusilə böhran dövründə bir və iki otaqlı mənzil almaq istəyənlərin çox olduğunu söyləyib: “Belə mənzillər müvəqqəti bir yaşayış yeri kimi qiymətləndirilir və ev sahibinin imkanı yaxşılaşacağı yalda daha geniş mənzillər əldə etmək üçün bir bazis rolunu oynayır”.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev hesab edir ki, dövlət zabitlər, həkimlər, müəllimlər, sənət və elm adamları üçün mənzillər verməlidir: “Qalanları öz imkanlarını nəzərə alaraq mənzil məsələsini özləri həll etməlidirlər. Ancaq böhrana və əhalinin alıcılıq qabiliyyətindəki azalmaya baxmayaraq, ölkəmizdə konteyner mənzillərə maraq olmayacaq. Bu, böyük ölçüdə milli psixologiyanın xüsusiyyətləri ilə əlaqədardır. Bu cür evlər etibarsız mülkiyyət kimi qəbul edilir və insanlar bu cür əmlaka pul xərcləməkdənsə, ipoteka ilə mənzil almağa və ya tədricən daş ev tikməyə üstünlük verirlər”.
Tarix: 12-09-2020, 06:45