Dövlət hər kəsə əl uzada bilmirsə, əl uzadanlara yol açsın


Dövlət hər kəsə əl uzada bilmirsə, əl uzadanlara yol açsın
Ürəkdən yardım və ya vergidən yayınmaq üçün boşluq: varlı azərbaycanlılar xeyriyyəçilikdən niyə qaçırlar?
 
Bir çox ölkələrdə xeyriyyəçilik dövlət tərəfindən təqdir edilir və dəstəklənir, çünki onun sayəsində bir sıra sahələrdə maliyyə çatışmazlığı problemlərini həll etmək mümkündür. Xeyriyyəçiliklə məşğul olan təşkilatlar üçün vergi güzəştləri də tətbiq edilir.
 
Xalqın inamı, hesabatlılıq və şəffaflıq dərəcəsi nə qədər yüksəkdirsə, metsenatlıq üçün bir o qədər əlverişli şərait yaranır. İnkişaf etmiş ölkələrdə xeyriyyəçilik çoxdan adi hala çevrilib. Ölkəmizdə xeyriyyəçilik inkişaf etməyib və şirkətlərin daha çox xeyriyyəçiliklə məşğul olmasını təqdir etmək üçün müəyyən addımlar atılmalıdır.
 
Milli Məclisin payız sessiyasında "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsinin hazırlanmasının planlaşdırıldığını bu yaxınlarda Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev söylədi. Məlumata görə, yeni qanun layihəsini hazırlamaq üçün dünya təcrübəsini öyrənmək məqsədi ilə işçi qrup yaradılacaq. Bu sənəd xeyriyyəçiliyin təşviqi və stimullaşdırılması, müəyyən vergi güzəştləri, xeyriyyəçilik fəaliyyətini həyata keçirən özəl strukturlara imtiyazların verilməsi məsələlərini əks etdirə bilər.
 
İqtisadçı-ekspert Fuad Əlizadə AYNA-ya şərhində deyib ki, zəngin insanlar və təşkilatların xeyriyyəçilik yolu ilə insanların həyatını yaxşılaşdıra biləcəkləri bir çox sahə var: “Xüsusilə uşaq evlərindəki uşaqlara, qocalar evində yaşayan insanlara, aztəminatlı ailələrə kömək etməkdən danışırıq. Metsenatların dəstəkləri sayəsində sənət və elm daha sürətlə inkişaf edə bilər”.
 
Qanuna gəldikdə, iqtisadçıya görə, ölkədə artıq xeyriyyəçiliyi qanunvericiliklə stimullaşdırmağa cəhdlər edilmişdi: “Ancaq bu istək yaxşı nəticə vermədi, bir çox sui-istifadə halları qeydə alındı. “Xeyriyyəçilərin” yaxınlarının rəhbərlik etdiyi yalançı fondlar yaranırdı ki, onlara da müəyyən pullar köçürülürdü. Bu yolla iş adamı – “xeyriyyəçi” vergidən yayınırdı”.
 
“Xeyriyyəçilər üçün vergi güzəştlərinə ehtiyacımız olduğunu düşünmürəm. Yaxşılıq etmək istəyənlər bunu hər halda, heç bir əvəz və ya hansısa üstünlük gözləmədən edəcəklər”, - Əlizadə bildirib.
 
İqtisadçı-ekspert Natiq Cəfərli qanun layihəsinin hazırlanması fikrinin düzgün ideya olduğunu düşünür. O, AYNA-ya açıqlamasında bu ideyanı diqqətə və müzakirəyə layiq adlandırıb: “Əsas sual isə hər şeyin praktikada necə həyata keçiriləcəyidir. Keçən əsrin 90-cı illərində Azərbaycanda xeyriyyəçilər üçün müəyyən güzəştlər var idi, amma bunlar yalnız vergidən yayınma üçün istifadə edilən boşluqlar idi. Əgər ictimai nəzarət olacaqsa və bu dəfə medianın öz işini görməsinə icazə veriləcəksə, bu dəfə vəziyyət fərqli ola bilər. Bütün dünyada xeyriyyə təşkilatlarına vergi güzəştləri verilir. Ancaq mütləq şəffaflıq olmalıdır ki, bununla da bağlı ölkəmizdə ciddi problemlər var”.
 
AYNA-nın növbəti həmsöhbəti, “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılovun sözlərinə görə, ölkəmizdəki çox zəngin insanlar, Qərb ölkələrinin varlı vətəndaşlarından fərqli olaraq, xeyriyyəçiliklə məşğul olmaq istəmirlər: “Nəzərə alsaq ki, vergi güzəştlərinin əsas şərti maliyyə şəffaflığıdır, onlar bu sahədə öz mövqelərini, hətta, vergi güzəştlərinə görə də dəyişməyəcəklər”.
 
Xarici xeyriyyə təşkilatlarına gəldikdə isə, mütəxəssisin fikrincə, belə təşkilatların bəziləri xeyriyyəçilikdən gənclərin beyinlərini müəyyən ideoloji istiqamətdə doldurmaq üçün istifadə edə bilər: “Buna görə də bu sahədə hər şey aydın deyil”.
 
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev düşünür ki, hələ də xeyriyyəçiliklə əlaqəli maddələri özündə cəmləşdirən bir qanun yoxdur, ona görə də belə qanunun yaranması faydalı olar: “QHT-lərin nizamnaməsində maliyyənin, xüsusən də xeyriyyəçiliyə ayrılan vəsaitlərin hansı fondlardan gəldiyi bildirilir. İndi iş adamları xeyriyyəçilik üçün bağışladıqları məbləğləri reklam etməməyə çalışırlar, amma xeyriyyəçilər üçün uyğun üstünlükləri olan bir qanunun qəbulu vəziyyəti dəyişdirə bilər. Xeyriyyə üçün xərclənən məbləğə bərabər bir məbləğ vergidən azad edilirsə, bu, artıq əməlli-başlı stimuldur”.
 
Ağayevə görə, xeyriyyəçiliyin faydalı olacağı bir çox seqmentimiz var: “Bu, ilk növbədə təhsil və səhiyyədir. İstedadlı gənclərin xaricdə təhsil alması üçün onların xərclərini çəkmək olardı. Bir çox uşağın həm ölkəmizdə, həm də xaricdə həyata keçirilən bahalı əməliyyatlara ehtiyacı var. Müxtəlif ətraf mühitin bərpası layihələrində xeyriyyəyə ehtiyac var. Gənclər də startaplar yaradarkən maddi dəstəyə ehtiyac duyurlar. Dövlət hər kəsə kömək edə bilməz, ancaq belə imkanı olan insanlar üçün əlverişli şərait yarada bilər”.
Tarix: 8-09-2020, 07:54
Xəbəri paylaş



Xəbər lenti