DYP geri döndü, evakuatorlar qayıdır – Çarpaz cərimələmə


DYP geri döndü, evakuatorlar qayıdır –     Çarpaz cərimələmə
Elməddin Muradlı: “Yol hərəkətinin təhlükəsizliyi vahid bir sistemin, qurumun əlində cəmləşməlidir”
 
Bakıda avtomobil parklanmasında qaydaların pozulmasına görə cərimələrin tətbiqi ilə bağlı narazılıq yaranıb. Bəzi sürücülər şikayət edirlər ki, eyni yerdə dayanma-durma qaydasını pozduğu səbəbindən ona iki dəfə cərimə yazılıb. Belə ki, avtomobil sahibi həm Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları tərəfindən, həm də Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən cərimələnib.
 
Bununla bağlı bir sıra faktlar sosial şəbəkələrdə paylaşılır. Ekspertlər isə bildirirlər ki, bu qarışıqlıq, ziddiyyətli məqam DYP-yə də parklanmadakı qanun pozuntusu səbəbindən cərimələmə səlahiyyətinin verilməsindən sonra yaranıb.
 
Qeyd edək ki, Prezident İlham Əliyev iyul ayının 10-da Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətlərinin artırılması ilə bağlı Fərman imzalayıb. Fərmanla DYP-yə Bakı şəhərində avtomobil parklanmasında qayda pozulmasına görə sürücüləri cərimə etmək səlahiyyəti verilib.
 
Yəni ki, indi paytaxt yollarında avtomobilin parklanmasındakı pozuntu ilə bağlı həm BNA, həm də DYP cərimə tətbiq edir. İki fərqli qurumun, eyni işi görməsinin narazılıq yaratması təbiidir. Çünki, vətəndaşa bir yandan polis, digər yandan BNA cərimə yazır.
 
Yaranmış durumla bağlı AYNA-ya danışan “Avtosfef.az” saytının rəhbəri, nəqliyyat üzrə ekspert Elməddin Muradlı xatırladıb ki, vaxtilə paytaxtda parklanmanın təşkilini Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) həyata keçirirdi: “BŞİH nəzarət edirdi, cəriməni də DYP yazırdı. Sonra nəzarət də, cərimələmə də BNA-ya həvalə olundu. Təxminən iki ildir ki, parklanmaya görə nəzarət BNA-ya məxsusdur. Görünür, BNA-nın əməkdaşlarının sayı azdır, Bakı şəhərinin bütün küçələrinə nəzarət edə bilmirlər. Həqiqətən də, bəzi küçələr nəzarətsiz qalmışdı. Nəzarət olmayan yerdə, maşınları səkidə saxlayan, keçiddə saxlayan, yolun üçüncü xəttində saxlayanlar olur. Ola bilsin ki, bu zərurətdən irəli gələrək ölkə başçısı tərəfindən qərar verilib ki, Bakı şəhərində avtomobil parklanmasına nəzarət həm də DYP-yə həvalə edilsin”.
Koronavirusa görə avtomobil bazarı çöküb” - EKSPERT
Muradlı bildirib ki, amma məsələ ilə bağlı qayda qoyulub: “Elə bir sistem tətbiq edilməlidir ki, eyni sürücüyə həm BNA, həm DYP cərimə yazmasın. Son günlər narazılıqlar, faktlar ortaya çıxır ki, bir şəxsə həm BNA, həm də DYP cərimə tətbiq edib, özü də, avtomobil eyni yerdə dayandığı halda, 7 saniyə fərqlə. Yəni, burada zidiyyətli hallar ortaya çıxır. Ola bilsin ki, DYP əməkdaşları gəlib yerində cərimə yazır, BNA isə ərazidə olan kamera vasitəsilə cərimələyir. Dəfələrlə demişik ki, İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən, xüsusi texniki vasitələrlə qeydə alınan xətaların siyahısında parklanma məsələsi yoxdur. BNA isə öz bildiyi kimi, kameralar vasitəsilə cərimələnməni həyata keçirir”.
 
“Elə etmək lazımdır ki, sistem vasitəsilə belə ziddiyyətlər öz həllini tapsın. Yəni ki, DYP avtomobilin şəklini çəkməmişdən qabaq sistemdə dəqiqləşdirə bilsin ki, bu avtomobilə 2 dəqiqə qabaq cərimə yazılıbmı, yazılıbsa həmin qayda pozuntusuna görədir, yoxsa yox. Cənab Prezident tapşırıq vermişdi ki, elə sistem qurulsun ki, belə zidiyyətli, insanların hüququnu pozan hallar baş verməsin”, - deyə ekspert əlavə edib.
 
Müsahibimiz hesab edir ki, yol hərəkətinin təhlükəsizliyi vahid bir sistemin, qurumun əlində cəmləşsəydi, daha yaxşı olardı: “Demirəm ki, bununla BNA, BŞİH və ya DYP məşğul olsun. Hansısa bir qurum etməlidir. Asfalt çəkməni də, yol nişanlarını quraşdırmanı da, parklanmaya nəzarəti də və s. bir quruma həvalə etmək lazımdır. Taksi fəaliyyətinə, ictimai nəqliyyata nəzarəti başqa qurum həyata keçirə bilər. Amma sırf yolda hərəkətə, qayda pozuntularına nəzarəti tək qurum etməlidir. Eyni məsələyə iki qurum nəzarət edirsə, burada ziddiyyətlətlərin yaranması qaçılmazdır. Təsəvvür edin ki, bir yol çəkilir, baxırsan ki, nişan qoyulmayıb. Bunun səbəbini yol çəkən qurumdan soruşursan, cavab verir ki, bu, mənim işim deyil, filan qurumun işidir. Həmin o filankəsi tənqid edirsən, qayıdıb deyir ki, mən nişanı gətirənəm, quraşdıran filankəsdir. Belə olan halda qarışıqlıq yaranır. Yol hərəkətinin təhlükəsizliyi baxımından səmərəli nəticə üçün bütün komponentlərə bir qurum nəzarət etməlidir. Həmin qurum da bu məsələlərə cavabdeh olmalıdır. Problem yarananda da həmin qurumdan səbəblər soruşulmalıdır”.
 
E.Muradlı qeyd edib ki, bir azdan evakuasiya (təxliyyə) xidməti də bərpa olunacaq: “Məndə olan məlumata görə, DYP-nın köhnə evakuatorlarının təmirinə başlanılıb. Yəqin ki, bu xidmət də yaxın vaxtlarda fəaliyyətə başlayacaq, küçələrdə qayda pozan, ikinci və ya üçüncü cərgələrdə saxlanan avtomobillər evakuasiya ediləcək”.
 
Ekspert parklanmaya görə cərimələmə yanaşmasının dəyişməsini təklif edir: “Cərimələmə daha çox kobud qayda pozanlara şamil edilməlidir. Məsələn maşınını səkidə saxlayan, piyada keçidinin üstündə saxlayan, avtobus dayanacağında saxlayan, dar yolda saxlayan, yolun ikinci, üçüncü cərgəsində saxlayıb hərəkətə maneə yaradan sürücülərə qarşı cərimələmə sərt olmalıdır. Amma bəzən olur ki, heç vaxt qayda pozmamış, ziyalı bir insan gəlib maşınını saxlayıb, 1 dəqiqəlik telefonla danışır və yaxud 2 dəqiqəlik aptekə girir, bu zaman onu cərimələnməsində fərq olmalıdır. Yəni ki, hərəkətə maneə yaratmır, kobud qayda pozmayıb, saatlarla dayanmayıbsa, müəyyən yüngülləşdirmə halı olmalıdır. Kobud qayda pozanla yüngül xəta törədəni eyni halda və məbləğdə cərimələmək məncə, bir qədər ədalətsizlikdir. Ümumilikdə, cəzalar situasiyaya, xətanın dərəcəsinə uyğun olaraq, fərqli şəkildə tətbiq olunmalıdır”.
Tarix: 27-08-2020, 21:47
Xəbəri paylaş



Xəbər lenti