İş arxasınca Rusiyaya getmək yolu çətinləşir


İş arxasınca Rusiyaya getmək yolu çətinləşir
Əmək miqrantları qarşısında əlavə tələb qoyula bilər
 
Rusiyada əmək miqrantlarına iş vizası vermək prosedurunun çətinləşməsi müzakirə olunur. Bu təşəbbüs avqustun əvvəllərində Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev tərəfindən irəli sürülüb. Söhbət miqrantlara iş vizaları vermək prosedurunun çətinləşməsindən gedir.
 
Rusiya Federasiyası vətəndaşlarının miqrantların həyatlarının çətinləşdirilməsinin tərəfdarı olduqları diqqətçəkən məqamlardan biridir. Keçirilən sorğuların nəticələrinə görə, anketlərdə iştirak edənlərin yalnız 15 faizi belə bir təşəbbüsə mənfi reaksiya göstərib. Rusiya KİV-ləri xəbər verir ki, Medvedyevin fikrini dəstəkləyənlər arasında əksəriyyəti 45 və yuxarı yaşlılar (68 faiz) və onların da əksəriyyəti kişilərdir.
 
Medvedyevin özünün dediyinə görə, yeni qaydalarla bir miqrant Rusiya ərazisinə yalnız işəgötürən tərəfindən işə qəbul olunma təsdiqini aldıqda daxil ola bilər. Keçmiş Baş Nazir qeyd edib ki, koronavirus pandemiyası dövründə miqrantların, təxminən yarısı (40 faiz) işlərini itirib. Onun sözlərinə görə, bu faktor Rusiyada cinayətkarlığın artmasına öz töhfəsini verə bilər.
 
Göründüyü kimi, miqrantların sonradan işlə təmin olunma ehtimalı ilə Rusiyaya sərbəst girişi qadağan edilə bilər. Ekspertlər, hətta, Rusiyaya əmək miqrantlarının daxil olma hüququnun verilməsi prosedurunu dəyişdirməyi təklif edirlər. Söhbət xarici vətəndaşa yalnız belə bir hüququn işəgötürəndən birmənalı təsdiq alınması halında verilməsindən gedir.
 
Rusiya mənbələrinə görə, bu ideyanın həyata keçirilməsi, Rusiya ilə sərhədləri keçmək üçün vizasız rejim tətbiq etdiyi MDB ölkələrinin vətəndaşları üçün Rusiyaya sərbəst giriş praktikasının rədd edilməsi deməkdir. Bunlara Belarus, Ukrayna, Moldova, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxildir. Bu ölkələrin hamısı hələ də 1992-ci ildə SSRİ dağılandan sonra yaradılan və SSRİ-də olduğu kimi hərəkət azadlığı qorunan Müstəqil Dövlətlər Birliyinin üzvüdür.
 
Rusiyada qanuni iş üçün bu ölkələrin vətəndaşları müvafiq sənədləri (patent və ya əmək müqavilələri) tərtib etməli olsalar da, ölkəyə vizasız daxil ola və altı ay ərzində, 90 gün sənədsiz işlə təmin edilə bilərlər. Bir çox miqrantlar bu fürsətdən istifadə edərək, heç bir sənəd hazırlatmadan, Rusiya Federasiyasına ən yaxın MDB ölkəsinin sərhədini keçir və yenidən Rusiyaya giriş edirdilər.
 
Birmənalı şəkildə demək olar ki, Rusiya hökuməti pandemiya ilə əlaqəli mövcud vəziyyətdən öz əmək ehtiyatlarının maraqları üçün istifadə etməyə çalışır. Bunu AYNA-ya Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahveranov deyib: “Bu səbəbdən əmək miqrantlarına münasibətin sərtləşməsinin şahidi oluruq. Bu gün Rusiya Federasiyasının ərazisində məlum səbəblərdən bu ölkəni tərk edə bilməyən və eyni zamanda, onun əmək bazarında daha fəal təmsil olunan çox sayda miqrantın olduğu aydındır. Əlbəttə ki, bu, yerli vətəndaşların maraqlarına cavab vermir və Rusiya hökuməti bu və ya digər şəkildə əmək müqavilələri bağlamaqda, miqrantlar tərəfindən əmək patentlərinin alınmasında çətinliklərə yol açacaq bu cür rıçaqları tətbiq etmək istiqamətində miqrasiya siyasətini sərtləşdirir”.
Azər Allahverənov: “Əlaqələrimizin inkişafını rusiyalı turistlərin ...
Ekspertin fikrincə, belə bir siyasət Rusiya Federasiyasında əmək bazarında xüsusilə fəal iştirak edən Orta Asiya ölkələrindən, Çindən olan əmək miqrantlarının maraqlarına cavab vermir: “Vətəndaşlarımıza gəldikdə, əlbəttə ki, belə sərtləşdirmə onların da maraqlarına uyğun deyil. Ancaq yenə də Rusiya əmək bazarında vətəndaşlarımız elə bir səviyyədə təmsil olunmayıblar ki, bu yenilik onların vəziyyətinə kəskin təsir göstərsin. Əlbəttə ki, Azərbaycanın müvafiq strukturları əmək miqrantlarımızla bağlı mövcud durumun yüngülləşdirilməsinə yönələcək bütün vasitələrdən istifadə etməlidirlər. İnanıram ki, diplomatik korpuslarımız və diaspor təşkilatlarımız bu məsələni nəzarətdə saxlayacaqlar”.
 
Etiraf etmək lazımdır ki, koronavirus böhranı Rusiya Federasiyasında işləyən azərbaycanlıların iş və maliyyə imkanlarına mənfi təsir göstərib. Nəticədə bu ilin birinci rübündə fiziki şəxslərin Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 29% azalıb. İqtisadçıların fikrincə, qonşu ölkənin iqtisadi sahəsindəki durğunluq Rusiya Federasiyasındakı qazanclardan asılı olan azərbaycanlı ailələri gəlirsiz qalıb.
 
Yanvar-mart aylarında Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 95.228 milyon dollar təşkil etdi. Müqayisə üçün, ötən ilin hesabat aylarında Rusiyadan Azərbaycana pul köçürmələri 133.786 milyon dollar təşkil etmişdi. Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında maliyyə axını ötən illə müqayisədə 28.8% azalıb. Rusiya bu göstərici üzrə ənənəvi olaraq birinci yerdədir, ardınca Türkiyə - 18,02 milyon dollar (artım 13,6%), ABŞ - 10,089 milyon dollar (artım 9,6%), Qazaxıstan - 8,13 milyon dollar (artım 7, 4%) və BƏƏ - 7.379 milyon dollar (artım 29.9%) gəlir.
 
Yeri gəlmişkən, pul köçürmələri hər iki istiqamətdə gedir. Xüsusilə, Rusiya Azərbaycandan ayrı-ayrı şəxslərin pul köçürmələrinin edildiyi ölkələrin reytinqində də liderdir. Beləliklə, hesabat dövründə Azərbaycandan qonşu ölkəyə köçürmələr 29.332 milyon ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin birinci rübü ilə müqayisədə 20.3% çoxdur. Hesabat dövründə Azərbaycanda ayrı-ayrı şəxslər tərəfindən Türkiyəyə - 26.387 milyon dollar (artım 33.8%), ABŞ-a 10.383 milyon dollar (artım 51.9%), Birləşmiş Krallığa - 8.234 milyon dollar (artım 90.4%) və Gürcüstana 7.721 milyon dollar (artım 69.4%) həcmində köçürmələr edilib.
Tarix: 24-08-2020, 08:18
Xəbəri paylaş



Xəbər lenti