Elmi toy -Zamin Hacı Ramiz Mehdiyevin toy etməsindən yazdı...



“Sıxıla-sıxıla cənnətə getməkdənsə, oynaya-oynaya cəhənnəmə get”
(Azərbaycan ata sözü)

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz müəllimin pandemiya dövründə nəvəsinə toy eləməsi, şübhəsiz, gündəmin ən vacib hadisələrindən biridir və Navalnının Rusiyada zəhərlənməsini, Malidə üsyançıların prezidenti aşırtmasını, Bakı limanına rus gəmilərinin lövbər atmasını və sairə söhbətləri kölgədə buraxır. İlk növbədə gəncləri ailə qurmaları, Azərbaycanın xoşbəxt gələcəyi üçün yeni nəsil yetişdirmək yolunda müqəddəs qədəmləri münasibətilə təbrik edirəm.

İkincisi, polis idarəsinin hadisəyə münasibəti diqqətimizi çəkmişdir. Hörmətli Ehsan müəllim bildirib ki, o toy olmayıb, toplantı olubdur. Bu münasibətin, araşdırmanın ortaya çıxmasında məna var, çün, qanuna görə koronavirus dövründə toy eləmək qadağandır, hətta nəinki toy, neçə-neçə yerdə nişanlı gəncləri, xınayaxdı, gəlingördü, yeznəvurdu, bacanaqqırdı, nə bilim, qudaburdu mərasimləri keçirənləri şan-şöhrətli hüquq-mühafizə orqanlarımız it sürütməsi eləmiş, şöbəyə aparıb divara söykəmişlər. İndi belə çıxır, bizdə qanun hamı üçün eyni deyildir: AMEA prezidenti üçün ayrı qanun var, Yevlaxın Qoyunbinəsi kənd sakini çoban Qara müəllim üçün ayrı. (Şəxsən mən zəhmətkeşlərimizi heç vaxt siniflərə ayırmıram, gördüyünüz kimi, polisə də, akademikə də, çobana da “müəllim” deyirəm).

Lakin polisin açıqlaması ortaya başqa suallar çıxarır: əgər toy eləmək olmaz, toplantı eləmək olarsa, hansısa müxalifətçilər toplaşa bilərmi? Toyla toplantının fərqləri nədən ibarətdir? Ortada həmin toydan süjetlər dolaşır və açıq görünür ki, toyun əsas elementlərinin hamısına riayət edilmişdir. Məsələn, BDU-nun keçmiş rektoru Abel müəllim sağlıq deyir. Masa ətrafında qonaqlar əyləşiblər, ortada qızardılmış çolpa-filan gözə dəyir. Bəylə gəlin dostlarının ətrafında şəkil çəkdirir. Ombudsman insanların hüquqlarını qoruyur. Manıslar nəsə çalır. Yeri gəlmişkən, orda bir caz kompozisiyaya oxşayan parça çalındı, bəlkə buna etiraz etmək lazım idi, çünki bizim milli mentalitetə, Şah İsmayıl Xətai ruhuna uyğun gəlməyən musiqiydi.

Uzun sözün qısası, “Aynadan gözəl”, “Əjdər əmi”, “Səni deyirlər”, “Ay qız, ay qız”, “Dayıqızı”, “Ana ürəyi”, “Ata segahı”, “Qəmərim”, “Şalaxo”, “Tello”, “Nəlbəki”, “Sənə gələn mənə gəlsin”, “Sabah o qızın toyudur”, “Barı Naxçıvan”, “Vətənim Füzuli”, “Cəlilabad oğlanları” mahnılarından başqa bütün elementlər yerindəydi. Hərçənd, yaxşı olardı BDU-nun təzə rektoru da sağlıq desin. Yoxsa vətəndaşlarda çaşqınlıq yaranır. Bir də “Qız evi”, “Oğlan evi” yazılan qutular gözə dəymədi, güman edirik onlar başqa videolarda üzə çıxar. Bəlkə pulu pandemiya səbəbindən hesaba yatırıblar.

Mən jurnalist araşdırması aparmaq qərarına gəldim, çünki ola bilməz bizdə hüquq orqanları camaatı siniflərə ayırsın. Əgər toy eləmək mümkün idisə, hamıya icazə verərdilər. Bəs sirr nədədir? Şok açıqlama vermək istəyirəm: bizim AMEA-da koronavirus vaksini kəşf olunubdur, Ramiz müəllim hamını iynələyəndən sonra arxayın şəkildə məclisə buraxıbdır! Sən demə, akademiyada son aylarda bu vaksinin tapılması üzərində gərgin iş gedirmiş. Elə axır bir həftədə Ramiz müəllimə 3 müşavirin təyin edilməsi, Dilçilik İnstitutunda ədatla feli-sifətin fərqi temasında doktorluq işi, İnsan Hüquqları İnstitutunda “Kələm dolması nə üçün milli xörəyimizdir və bunu YUNESKO-da qeydə aldırmaq neçəyə başa gəlir” temasında araşdırma bunun nəticəsidir. Sözgəlişi, sonuncu araşdırma üzə çıxarıb ki, əgər Azərbaycanda varlılar ət, kasıblar kələm yeyirsə, deməli orta hesabla biz hamımız kələm dolması yeyirik. Möhtəşəm kəşfdir, bir “Vağzalı” çalın, oynayaq. Bütün oxucularımı oynamağa dəvət edirəm.musavat.com



Tarix: 22-08-2020, 16:01
Xəbəri paylaş



Xəbər lenti