Prezidentin mediaya verdiyi önəm - ekspertdən ictimai nəzarətlə bağlı açıqlama



Qulu Məhərrəmli: “Dövlət vəsaitlərinin hara xərclənməsi ilə bağlı obyektiv yazılar verilməlidir ki...”

Azərbaycan prezidenti İlham Əliyev mətbuatın ölkənin həyatında rolunu hər zaman xüsusi olaraq qeyd edir. Dövlət başçısı avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bir daha bu məsələyə toxunub.
Prezidentin həmin müşavirədəki çıxışından sitat: “Xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq”.
Xatırladaq ki, ötən ayın 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə də ölkə başçısı buna bənzər fikirlər səsləndirmiş və dövlət qurumlarının mətbuatla sıx işləmələrinin vacibliyini vurğulamışdı: “Hesab edirəm ki, bütün bu işlərdə aidiyyati qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Komissiya öz işinə ictimaiyyət nümayəndələrini də cəlb etsin. İlk növbədə, alimlər bu işlərdə fəal rol oynamalıdırlar. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə ekologiya üzrə mütəxəssisləri mütləq cəlb edin. Biz sudan elə istifadə etməliyik ki, bunun ekoloji tarazlığa mənfi təsiri olmasın. Çünki biz tarixdən bilirik ki, bəzi ölkələrdə böyük su layihələri icra edilirdi. Amma mənbələr və su ehtiyatları düzgün təhlil edilmirdi. Ona görə indi suvarma üçün bunun yaxşı təsiri olubdur, amma ekoloji vəziyyəti gərginləşdiribdir. Ona görə mütləq ekologiya üzrə mütəxəssislər cəlb edilməlidir. Qeyri-hökumət təşkilatlarını cəlb edin. Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar. Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər”.
Göründüyü kimi, Azərbaycan prezidenti tərəfindən medianın ictimai nəzarət mexanizmini həyata keçirdiyi yönündə açıqlamalar tez-tez verilir.
Bu, dövlət başçısının mediaya verdiyi önəmin göstəricisi olmaqla yanaşı, həm də hökumətə, məmurlara da mətbuatla sıx işləmək, açıq olmaq barədə bir mesajdır.
Ölkə iqtidarının mətbuatımıza ayırdığı xüsusi diqqət təkcə dövlət başçısının bu fikirləri, çağırışları ilə bitmir. 22 iyulda milli mətbuatın 145 illiyi ilə əlaqədar prezident İlham Əliyevin rəsmi facebook səhifəsində, eləcə də, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın  rəsmi “İnstagram” hesabındakı paylaşımı media nümayəndələrinə olan etimadın göstəricisi idi. Həmçinin, İ.Əliyevin yubileylə əlaqədar ölkənin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların, fərdi təqaüdlərin verilməsi, orden, medallarla təltif  olunmaları haqda sərəncamlar imzalaması, mətbuat orqanlarına ayrılan maliyyə vəsaitlərini də bu sıraya daxil etmək olar...
Ekspert Qulu Məhərrəmli media-hökumət münasibətlərindən danışarkən qeyd etdi ki, Azərbaycan mətbuatında müəyyən dəyişikliklər gedir: “Düzdür, bu dəyişikliklərin sürəti qaneedici deyil. Amma addım-addım müəyyən irəliləyişlər var. Bu, ilk növbədə, rəsmi media qurumlarının rəhbərlərinin dəyişdirilməsində özünü göstərir. Dövlət büdcəsindən maliyyələşən və birbaşa media siyasətini reallaşdıran qurumların da rəhbərləri yenilənib. Söhbət KİV-yə Dəstək Fondundan və MTRŞ-dən gedir. Bu da ciddi dəyişikliklərdir. Yeni rəhbərlər də tədricən öz proqramlarını elan edirlər, müəyyən addımlar atırlar. Pandemiya birbaşa ünsiyyətləri azaldıb. Bu da müəyyən dərəcədə gedən proseslərə mənfi təsir edir. Amma media öz işindədir. Xüsusilə, yazılı medianın cəmiyyətdə rolu tədricən artmağa başlayıb. Baxmayaraq ki, qəzet köşkləri ilə bağlı pandemiya səbəbindən problemlər var. Amma qəzetlərə dövlət tərəfindən vəsait ayrılır. Müəyyən layihələr gerçəkləşdirilir. Qəzetlərin bir çoxu rəngli çıxmağa başlayıb. Bunların hamısı real faktlardır. Amma deməzdim ki, mediada bu dəyişikliklər çoxlarının ürəyincədir. Bu dəyişikliklərdən vahimələnən insanlar var. Çünki sistem dəyişsə, onların alışdığı şərait də dəyişəcək. Bu yaxınlarda jurnalistlərin mükafatlandırılması oldu. Prinsipcə yaxşı addımdır. Bu mükafatlara münasibət də müxtəlifdir”.
Qulu Məhərrəmli: “Jurnalistika ruh, vicdan və ləyaqət tələb edir ...
Qulu Məhərrəmli hesab edir ki, bəzi köhnə düşüncəli, yanaşmalı məmurların müqaviməti səbəbindən bu sahədə dəyişlikliklər çox çətin gedəcək: “Çünki müqavimət çox güclüdür”.
Ekspert ölkə rəhbərinin son çıxışlarından da danışdı: “Bu çıxışlarda əsas diqqət yetirilməli olan məqamlar odur ki, medianı ictimai nəzarətçi kimi qəbul etmək, dövlət təşkilatları ilə onlar arasında etimadı möhkəmlətmək, medianın cəmiyyətdə rolunu artırmaqdır. Bunlar ciddi faktlardır. İndiyə qədər dövlət qurumları ilə bağlı tərifli yazılar gedirdi. Prezidentin son müşavirədə adlarını çəkdiyi dövlət qurumları ilə faktlar çox ciddi idi. Görün, nə qədər ciddi problemlər var. Deməli, media o məsələlərə diqqət yetirməyib. Mətbuat büdcə vəsaitlərinin düzgün xərclənməsi ilə bağlı məsələlər barədə yazmayıb, yaza bilməyib, araşdırma aparmayıb. O qurumlar görəndə ki, ictimai nəzarət yoxdur, o zaman öz işlərini görürlər, vəsaitləri istədikləri kimi xərcləyirlər, işlərin nəticəsində çox maraqlı olmurlar. Kənar gözün olmaması, əlbəttə, onlara bu işləri rahat şəkildə görməyə şərait yaradır. Media bütün dünyada ictimai nəzarətçidir. İlk növbədə, hökumətin fəaliyyəti üzərində ictimai nəzarəti həyata keçirir. Media cəmiyyət adından nəzarətçidir. O projektordur, işıq salır. Hər şeyin bir hesabatı olmalıdır. Bundan əvvəlki su təsərrüfatı ilə bağlı müşavirədə adam dəhşətə gəlir ki, böyük-böyük layihələrə dövlətin vəsaiti gedir, amma işlər yarımçıq qalır, heç kim bunu gündəmə gətirmir, hətta bunu tənqid etmir, o təhlükələri cəmiyyətə göstərmir. Dövlətin vəsaitinin bu dərəcədə amansızlıqla dağıdılmasına qarşı biganəlik var. Media bunlardan yazmalıdır. Yoxsa filankəs filankəslə görüşdü, o bunu dedi, bu onu dedi, bunlardan da cəmiyyəti məlumatlandırmaq lazımdır. Amma medianın əsas işi hökumətin fəaliyyəti üzərində cəmiyyətin nəzarətini reallaşdırmaqdır. Dövlət vəsaitlərinin hara xərclənməsi ilə bağlı mətbuat araşdırma aparmalıdır. Tam qərəzsiz, dürüst, obyektiv yazılar verilməlidir ki, cəmiyyət bu məsələlərdən xəbərdar olsun. Hesab edirəm ki, Azərbaycan mətbuatı ən yüksək səviyyədə ona göstərilən etimadı doğrultmalıdır. Nədən çəkinir? Nə olsun ki, KİV DF-dən vəsait ayrılır? Bu ona görə ayrılır ki, dövlət intizamının qorunmasına media nəzarət edə bilsin. Əks halda bu qorxaqlıq, çəkincənliklə mətbuat cəmiyyətə fayda verə bilməz. Bu baxımdan istərdim ki, həmkarlarım son proseslərdən sözün həqiqi mənasında yaxşı nəticə çıxarsınlar. Bu dərəcədə olmaq media üçün deyil. Cəsarətlə məsələləri yazmaq, nöqsanları tənqid etmək lazımdır. Dövlət vəzifəsi tutan hər kəsin məsuliyyətini cəmiyyətə anlatmaq vacibdir. Bu həm cəmiyyətin, həm də hakimiyyətin xeyrinə olar. Medianın əsas işi odur ki, həqiqəti xalqa desin, nöqsanları göstərib tənqid etsin. Mətbuat nöqsanların aradan qaldırılması üçün davamlı yazılar yazsın, araşdırma, tədqiqatlar aparsın və cəmiyyətə ciddi mesajlar versin”./“Yeni Müsavat”/

Tarix: 11-08-2020, 09:02
Xəbəri paylaş



Xəbər lenti