Bakı səssizliyi pozdu, Hacıyev açıq danışdı – Qarabağdan sonra yeni qərar

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur.

Azərbaycan Respublikasının bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur. Avropa Parlamenti institusional olaraq bu kimi məsələlərdə mövqe bildirmək üçün xüsusi mandatı olan qurum deyil. Avropa İttifaqının Parlament institutuna kim və ya hansı dövlətlər tərəfindən belə bir mandat verilib ki, onlar İttifaqın hüdudlarından kənarda yerləşən regionlar və ölkələr barədə bu cür mövqelərlə çıxış etsinlər”, – H.Hacıyev bildirib.

Hikmət Hacıyevin Avropa Parlamentinə yönəlik sərt mesajı, əslində, təkcə bir siyasi reaksiyadan ibarət deyil, bu, Azərbaycanın son illərdə formalaşdırdığı suverenlik əsaslı xarici siyasət doktrinasının açıq ifadəsidir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə selektiv yanaşmanı, ikili standartları və siyasi təzyiq alətinə çevrilmiş qətnamələri qəbul etmir.

Reallıqda isə Avropa Parlamentinin Azərbaycanla bağlı vaxtaşırı qəbul etdiyi qərarlar çox zaman hüquqi deyil, siyasi xarakter daşıyır. 30 aprel tarixində Azərbaycanla bağlı qəbul edilən sonuncu qətnamə də bu qəbildəndir. Ona görə Bakı bu və bundan öncəki qətnamələri ölkənin daxili işlərinə yönəlmiş siyasi təzyiq vasitəsi kimi qiymətləndirir.

Hikmət Hacıyevin “Azərbaycan Respublikasının bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur” fikri hüquqi və siyasi reallığa söykənir. Belə ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, Avropa Parlamentinin isə ölkə üzərində hər hansı hüquqi yurisdiksiyası yoxdur. H.Hacıyevin mövqeyi dövlətin mövqeyidir və burada əsas məsələ Azərbaycanın milli suverenlik prinsipini ön plana çıxarmasıdır.

Bakının reaksiyasını indiki məqamda emosional və normadan artıq hesab edənlər var. Halbuki vəziyyət heç də belə deyil. Əvvəla, bu, sistemli və illərdir davam edən prosesdir. Bakı münaqişə dövründə nələrəsə görə səbr edirdisə, indi bunu etmir. Xüsusilə Qarabağ üzərində tam suverenliyin bərpasından sonra xarici siyasi mərkəzlərin regionla bağlı yanaşmalarında daha həssas mövqe tutulur. Azərbaycan hesab edir ki, regionun gələcəyi region ölkələri tərəfindən müəyyən edilməlidir, min kilometrlərlə uzaqda yerləşən siyasi təsisatların qətnamələri ilə deyil.

Avropa Parlamentinin tez-tez insan hüquqları, demokratiya və regional təhlükəsizlik adı altında Cənubi Qafqazla bağlı mövqe bildirməsi isə Bakıda haqlı suallar yaradır. Əgər bu yanaşma həqiqətən prinsipialdırsa, niyə uzun illər Azərbaycan torpaqları işğal altında olduğu müddətdə eyni sərtlik nümayiş etdirilmədi? Niyə bir milyona yaxın azərbaycanlının fundamental hüquqları pozularkən bu qədər fəal siyasi iradə görünmürdü?

Digər mühüm məqam isə geosiyasi balansdır. Azərbaycan bu gün enerji təhlükəsizliyi, Orta Dəhliz, regional logistika və Avropanın enerji şaxələndirilməsi baxımından mühüm aktordur. Xüsusilə Avropanın enerji böhranı fonunda Azərbaycanın strateji əhəmiyyəti artdığı halda, bəzi Avropa siyasi dairələrinin Bakı ilə münasibətlərdə təzyiq dili seçməsi qarşılıqlı etimadı zəiflədir. Rəsmi Bakı da mesaj verir ki, əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmalıdır, siyasi diktə üzərində yox.

Hikmət Hacıyevin çıxışı həm də Azərbaycanın yeni diplomatik davranış modelini göstərir. Əvvəlki dövrlərdən fərqli olaraq Bakı artıq müdafiə olunan tərəf kimi deyil, öz mövqeyini açıq və sərt şəkildə ortaya qoyan regional güc kimi çıxış edir.

Fikrimcə, hazırda məsələ Avropa ilə qarşıdurma deyil, bərabərhüquqlu münasibət tələbidir. Azərbaycan üçün əsas prinsip aydındır. Beynəlxalq tərəfdaşlıq mümkündür, lakin milli suverenlik, ərazi bütövlüyü və daxili qərarvermə hüququ müzakirə predmeti deyil. Hikmət Hacıyevin açıqlaması da məhz bu strateji xəttin açıq şəkildə bəyanıdır.

Müəllif: Turan Rzayev ,

AXS.az

Tarix: Bu gün, 14:46
Xəbəri paylaş



Xəbər lenti