Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...


Kəmaləddin Heydərovun Naxçıvandakı vətəndaş qəbuluna FHN-dəki rüşvətxorluqdan şikayət edən sahibkarlar və fərdi şəxslər buraxılmayıb. 
Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup sahibkar məlumat verib.
Onların sözlərinə görə, aprelin 30-da baş tutan görüşdə nazir əvvəlcədən hazırlanmış 8-10 nəfər sakini qəbul edib, sonra Bakıya qayıdıb.
Əsas şikayətçilər isə görüş yerindən uzaqlaşdırılıblar.
Sahibkarlardan Qüdrət Kazımov deyir ki, görüş üçün siyahı tərtib olunarkən hər kəsdən görüşün səbəbi soruşulurmuş:
“Rüşvət məsələsini dilə gətirənləri ümumiyyətlə bir gün öncədən tutulan görüş siyahısına yazmırdılar. Yenə də görüş günü getdik ki, bəlkə bir yolla qəbula düşə bildik. FHN əməkdaşları bizi boğaza yığıblar. Hərdən bir bəhanə ilə gəlib rüşvət tələb edirlər, verməyəndə obyekti bağlamaqla hədələyirlər. Bu məsələni Kəmaləddin müəllimlə müzakirə edəcəkdik, görək bu nə dərəcədə qanunidir. Biz tələb edəcəkdik ki, rüşvət dayandırılsın.
Deyəcəkdik ki, əslində sən rüşvətxorların başçısısan. Lakin bizi siyahıya alma zamanı tanıdıqları üçün heç yaxın da buraxmadılar. Dedilər ki, müəllim belə şikayətlərə baxmır.”
Naxçıvan şəhər sakini Zamiq Quliyev isə qanuni torpaq sahəsində ev tikmək istəsə də, FHN əməkdaşlarının buna yalnız rüşvət qarşılığında icazə verəcəkləri məsələsini müzakirə etmək istəyib:
“Mən də siyahıya yazılmışdım, lakin problemi rüşvət yox, başqa cür demişdim ki, siyahıya alsınlar. Görüş günü getdim ki, təxminən 400 nəfər növbədədir. Demək olar ki, heç kimi qəbul etmədi. 8-10 nəfəri qəbul etdi ki, deyilənə görə onlar da şəhid ailələridir. Bu ayrı-seçkiliklə şəhid ailələri ilə sakinləri üz-üzə qoyurlar.”
Digər sakin Səməd Quliyev isə nazirdən pul almaq üçün onun qəbuluna getdiyini deyir:
“Rüşvətlə topladığı pullardan bir az istəyəcəkdim ki, kreditimi, borclarımı bağlayım. Siyahıya yazılsam da, görüşə buraxmadılar. 5-10 nəfəri qəbul etdi, sonra əl-qolunu sallaya-sallaya çıxıb getdi.”
Tarix: Bu gün, 13:16
Xəbəri paylaş



Xəbər lenti