Saleh Məmmədov həbs oluna bilər - Bütün ailə üzvləri işdən azad edildi - SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yeni sədri Vüsal Nəsirli sabiq sədr Saleh Məmmədovdan qalma qohumları və adamlarını vəzifədən uzaqlaşdırıb. 

Bizimesr.com bildirir ki, qurumun sabiq rəhbəri Saleh Məmmədov ilə əlaqəli bir sıra vəzifəli şəxslər ötən həftə tutduqları vəzifələrdən azad ediliblər. Məlumatda bildirilir ki, Məmmədovun ailə üzvləri və yaxın qohumları müxtəlif strukturlarda vəzifələrini itiriblər. Belə ki, onun yeznəsi Dilavər Həmzəyev rəhbərlik etdiyi “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-nin ləğvi ilə işsiz qalıb. Bundan əlavə:

Əmisi oğlu Zaur Həmzəyev (1 saylı Yol İstismar İdarəsinin müdiri)
Xalası oğlu Araz Bəndəliyev (10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri)
Qardaşı oğlu Toğrul Həmzəli (9 saylı Yol İstismar İdarəsinin baş mühasibi)
Bacısı Təhminə Həmzəyeva (Əməyin təşkili şöbəsinin müdiri)
Bacısı Mətanət Həmzəyeva (“Azəryolelmitədqiqatlayihə” İnstitutunun baş mühasibi)
Yeznəsi Ustubat Niftəliyev (3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi) də vəzifələrindən uzaqlaşdırılıblar.

Məlumata görə, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirli tərəfindən Nazirlər Kabinetinə təqdim edilən müraciət əsasında qurumun strukturunun yenidən formalaşdırılması prosesi başlanılıb. Yeni sənədlərə əsasən, Agentliyin tabeliyində fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olmayan MMC-lərin mərhələli şəkildə ləğvi nəzərdə tutulur.

Qeyd olunur ki, artıq bir MMC ləğv edilib və hazırda qurumun tərkibində fəaliyyət göstərən daha 7 oxşar strukturun da yaxın vaxtlarda fəaliyyətinin dayandırılması gözlənilir. Eyni zamanda filial və nümayəndəliklərin yenidən təşkili planlaşdırılır.

Bununla paralel olaraq, AAYDA-nın Avtomobil Yollarının Mühafizəsi Xidməti İdarəsində də geniş kadr dəyişiklikləri həyata keçirilib. Belə ki, qurumun bir sıra yüksək vəzifəli şəxsləri işdən azad olunublar. Onların arasında rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov, bölgə və şöbə rəhbərləri də yer alır.

Baş verən proseslər daha geniş araşdırmaların tərkib hissəsidir və sabiq sədr Saleh Məmmədov ilə bağlı hüquqi addımların atıla biləcəyi, o cümlədən həbslə bağlı ehtimalların müzakirə olunduğu bildirilir.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən geniş açıqlama verilməyib. 

AXS.az
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tarix: Bu gün, 13:23
Xəbəri paylaş



Xəbər lenti