Milli Məclisin iclasında deputat Aqil Abbas Şuşa şəhərinin 270 illiyinin keçirilməməsinə irad tutub. "Qarşıdan Şuşanın 270 illiyi gəlir. Ancaq bu məsələ barədə məlumat yoxdur. Təklif edirəm ki, Şuşanın ildönümünü qeyd edək", - deyə deputat bildirib.ANAXEBER.info xəbər verir ki, bu təklifi ilk olaraq Ümid Partiyasının sədri İqbal Ağazadə sürüb. O, hətta bununla bağlı Prezident İlham Əliyevə də müraciət edib: “Bu il Şuşanın əsasının qoyulmasının 270 illiyidir. Azərbaycan Respublikasının Prezidentinə, vitse-prezidentinə müraciət edirəm. Təklif edirəm ki, Şuşanın 270 illiyinin təntənəli keçirilsin və bütün ölkə boyu təşkil olunsun.Ayrı-ayrı icra strukturları da, tədris ocaqları da bunu bu ilin iyun ayından etibarən gələn ilin iyun ayına qədər bir il müddətində keçirsinlər. Şuşanın əsası 1750-51-ci illərdə Pənahəli xan tərəfidən qoyulub. Baxmayaraq ki, bəzi mənbələrdə ermənilər Şuşanın əsasının guya daha əvvəl, 1428-ci ildə qoyulduğunu iddia edirlər, bu yanlışdır.Hər kəs bilir ki, Pənahəli xan ilk dəfə şəhərin əsasını Pənahabad adı ilə qoyub və orada Qarabağın ətraf kəndlərindən 17 məhəllə formalaşdırılıb, insanlar oraya köçüb. Şuşa Qarabağın hər yerindən gəlmiş adamlardan təşkil olunub və uzun müddət də Azərbaycanın mədəniyyət beşiyi, sənət beşiyi, siyasi mərkəzi olub.Ona görə də çox istərdim ki, bu məsələlərə xüsusi diqqət ayrılsın və Şuşanın 270 illiyinin keçirilməsi üçün xüsusi sərəncam verilsin.Bu məsələ üçün, Mədəniyyət Nazirliyinə müraciət olunmalı, ziyalılarımız prezidentə müraciət etməlidir. Ola bilsin ki, bu, tək mənim müraciətimlə olmaya da bilər, amma buradan yazıçılarımıza, şairlərimizə, sənət adamlarımıza müraciət edirəm ki, onlar da bu addımı dəstəkləsinlər, prezidentə müraciət etsinlər və Şuşanın 270 illiyinin keçirilməsi tarixə düşsün, sənədli filmlər də çəkilsin ki, o şəhərin məhz yaranışından ta işğalınadək yalnız bizə məxsus olduğunu, Azərbaycan şəhərsalma mədəniyyətinin, söz mədəniyyətinin, sənət mədəniyyətinin bir parçası olduğunu bir daha dünyaya sübut edək”.İqbal Ağazadə həmçinin ölkənin ictimiai-siyasi xadimlərinə, sənət adamlarına müraciət edərək onlardan bu təklifə dəstək olmalarını xahiş edib. Hazırda İqbal Ağazadənin sözügedən təklifi ilə bağlı ictimai-siyasi çevrələrdə müzakirələr başlayıb. Müşahidələr göstərir ki, cəmiyyət belə bir tədbitin keçirilməsinə kifayət qədər isti yanaşır. Aqil Abbasın sonradan bu məsələni Milli Məclisdə qaldırması əlbəttə ki, dəstəklənməlidir. Amma yaxşı olardı ki, deputat belə bir təklifin irəli sürüldüyünü, bununla bağlı ölkə başçısına müraciət edildiyini də xatırladar, bununla bağlı artıq ictimai-siyasi çevrələrdə müzakirələrin getdiyini xatırladardı. Bəlkə bu zaman digər deputatlar da Aqil Abbasın qaldırdığı məsələyə dəstək verərdilər.
Siam.az
Tarix: 5-06-2020, 21:32