4 gündən sonra Şuşada atəşfəşanlıq olacaq. Ermənilər qondarma Dağlıq Qarabağ Respublikası "prezident"inin inaqurasiya mərasimini keçirəcəklər. Aprelin 14-də tanınmamış "Dağlıq Qarabağ Respublikasında prezident seçkiləri"nin keçiriməsindən bəlkə də çoxlarının xəbəri olmadı. Evdə qalanların əksəriyyətinin 190 manatlıq birdəfəlik yardımın həsrətini, müxalifətin həbs olunan üzvlərinin narahatlığını, hakimiyyətdəkilər isə hər gün neftdən itirdikləri gəlirlərin məyusluğunu yaşadığı zamanda rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər keçirməyi "növbəti təxribat" kimi qiymətləndirməklə işini bitmiş hesab etdi.
Bundan sonra mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan "qələbə günü"nü qeyd etmək üçün Şuşaya səfər etdi. Hərbi geyimli ailə üzvlərinin müşayəti ilə Azərbaycanın tacı sayılan Şuşada keçirdiyi görüşlərlərdən yayılan fotolarla Qarabağ həsrəti ilə yaşayan Azərbaycanlıların qəlbini dağladı.
Rəsmi Bakı buna cavab olaraq ermənilərin faşist canilərinin qəhrəmanlaşdırmaqda ittiham etdi və öz aləmində onları bütün dünyada "ifşa" etdi.
Mayın 21-dəki tədbirə bir neçə gün qalmasına baxmayaraq hələ də susqunluq nümayiş etdirən, yeri gəldi-gəlmədi özünün üstünlüklərini müqayisəli şəkildə təqdim etməklə düşmən ölkənin hərbi potensialının zəif olmasını qabardan rəsmi Bakı çox güman ki, "inaqurasiyanı" da Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın dilindən səsləndirdiyi bəyanatla yola verəcək.
Hərbi potensial nümayiş etdirməklə nəyi dəyişə bilmişik? İşğalçı dövlətə Azərbaycan ordusunun gücünü nə zaman göstərəcəyik? Bundan da betər nələr olmalıdır ki, biz hərəkətə keçək?
Bu arada, dünən keçirdiyi on-line mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağ probleminə dair onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərində “açıq və səmimi atmosfer” formalaşıb. Deyə bilərəm ki, "biz birbaşa və açıq danışırıq, bu müzakirələr zamanı bizim aramızda birbaşa səmimi atmosfer formalaşıb”.
Rəsmi Ermənistanla səmimi atmosferdə görüşlər keçirən İlham Əliyev Azərbaycan xalqı ilə niyə açıq və dürüst danışmır? Məgər bunun vaxtı çatmayıbmı? Sizcə, 30 ildir torpaqları işğal altında olan ölkənin başçısına nə qədər vaxt lazımdır?
Qubad İbadoğlu, ADR Hərəkatının rəhbəri