Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT


Mən, Bərdə rayon sakini Orxan Yusifov, 2002-ci ildən etibarən Bərdə Kommunal Müəssisələri Birliyində müddətsiz əmək müqaviləsi əsasında nəzarətçi vəzifəsində çalışmışam. İşlədiyim müddət ərzində üzərimə düşən vəzifələri vicdanla yerinə yetirmiş, əmək intizamına riayət etmiş və rəhbərlik tərəfindən mənə tapşırılan işlərin öhdəsindən layiqincə gəlmişəm.
Lakin 2026-cı il yanvarın 1-dən etibarən mənə əvvəlcədən heç bir rəsmi xəbərdarlıq edilmədən və əsaslandırılmış izahat verilmədən işimə xitam verilmişdir. Bu məsələ ilə bağlı idarə rəhbərliyinə müraciət etdikdə mənə bildirildi ki, respublika üzrə struktur dəyişiklikləri və birləşmələr həyata keçirilir, bu səbəbdən mənim vəzifəm ixtisar olunub. Eyni zamanda qeyd edildi ki, bu proses Nazirlər Kabinetinin göstərişləri və müvafiq qərarlar əsasında aparılır.
Hörmətli Əli müəllim!
İşdən çıxarıldığım gündən bu günə qədər dəfələrlə müxtəlif dövlət qurumlarına müraciətlər etmişəm. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, DOST Mərkəzinə, Milli Məclisə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana), Azərbaycan Respublikasının Prezidentinə və digər aidiyyəti dövlət orqanlarına 20-dən artıq ərizə göndərmişəm. Təəssüf ki, müraciətlərimin heç biri mənim problemimin həllinə səbəb olmayıb. Əksər hallarda formal xarakterli cavab məktubları göndərilib və məsələ araşdırılmadan bağlanıb.
Mən ali təhsilli iqtisadçıyam. Ümumi İqtisadiyyat, Maliyyə və Kredit ixtisası üzrə təhsil almışam. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ailə üzvlərim də uzun illər dövlətə, dövlətçiliyə və ölkə rəhbərliyinin siyasətinə sadiq olmuş insanlardır.
Hazırda iki azyaşlı oğul övladımın dolanışığı mənim üzərimdədir. İşsiz qalmağım ailəmizin sosial vəziyyətini son dərəcə ağırlaşdırıb. Bu gün ailəm ciddi maddi çətinliklərlə üz-üzədir. Aidiyyəti qurumlar isə problemin həlli əvəzinə mənə məhkəməyə müraciət etməyi tövsiyə edirlər. Lakin uzun müddətdir işsiz olan bir insanın məhkəmə xərclərini ödəmək imkanının olmaması da nəzərə alınmalıdır.
Mən dövlətini, xalqını və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti daim dəstəkləyən bir vətəndaş kimi başa düşə bilmirəm ki, uzun illər vicdanla çalışan insanların bu vəziyyətə salınmasının səbəbi nədir. Əgər həqiqətən də vətəndaşların sosial rifahı dövlət siyasətinin əsas istiqamətlərindən biridirsa, o zaman mənim kimi insanların müraciətlərinə də obyektiv və ədalətli yanaşılmalıdır.
Sizdən xahiş edirəm ki:
Müraciətimin şəxsən nəzarətinizə götürülməsinə;
Mənim qəbul edilməyimə şərait yaradılmasına;
İşimə bərpa olunmağım və ya ixtisasıma uyğun başqa işlə təmin edilməyimə;
Ailəmin ağır sosial vəziyyətinin araşdırılaraq müvafiq dəstək göstərilməsinə köməklik edəsiniz.
Ümid edirəm ki, müraciətimə laqeyd yanaşılmayacaq, mənim və ailəmin üzləşdiyi çətin vəziyyətin həlli istiqamətində konkret tədbirlər görüləcəkdir.
Hörmətlə,
Orxan Yusifov
Bərdə rayon sakini
İctimai fəal
Əlaqə nömrəsi:051-853-65-06
Tarix: Bu gün, 10:15
Xəbəri paylaş



Xəbər lenti