COVID-19 pasportu və rəsmi qurumların ötür-ötür oyunu: “Mən bilmirəm, o bilir”


COVID-19 pasportu və rəsmi qurumların ötür-ötür oyunu:         “Mən bilmirəm, o bilir”
“Xarici ölkədə peyvənd olunmuş şəxslərin COVID-19 pasportu ölkəmizdə tanınırmı” sualına verilən cavablara diqqət
 
Xarici ölkədə vaksinasiya olunmuş şəxsləri COVID-19 pasportunun ölkəmizdə tanınıb-tanınmayacağı ilə bağlı sual narahat edir. Vaksinasiya ilə bağlı məhdudiyyətlərin günü-gündən artması fonunda ortaya çıxan saysız-hesabsız suallar kimi buna da cavab tapmaqda çətinlik çəkənlər var.
 
AYNA suala cavab tapmaq üçün məsul qurumların mətbuat xidmətləri ilə əlaqə saxlayıb.
 
Beləliklə “Xarici ölkədə peyvənd olunmuş şəxslərin COVID-19 pasportu ölkəmizdə tanınırmı? Bununla bağlı problem yaşayacaq şəxslər hara müraciət etməlidirlər?” suallarına mətbuat xidmətlərinin cavabı belə olub:
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Bu, bizim səlahiyyətimizdə olan bir məsələ deyil. Zəhmət olmasa, Səhiyyə Nazirliyi və TƏBİB ilə əlaqə saxlayın”.
 
Səhiyyə Nazirliyi: “Bu, bizə aid məsələ deyil. Biz icraçıyıq”.
 
Nazirlər Kabinetinin mətbuat xidməti: “Bu sorğulara İcbari Tibbi Sığorta, TƏBİB və Səhiyyə Nazirliyi cavab verir”.
 
TƏBİB: “Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu məsələyə aydınlıq gətirmişdi. Mövsümov bildirmişdi ki, xarici ölkədə vaksin olunubsa, Səhiyyə Nazirliyinin 9103 “qaynar xətt”i ilə əlaqə saxlamalı və sənədlərini təqdim etməlidir. Əgər sənəd saxta deyilsə, sistemə daxil ediləcək”.
 
TƏBİB-in cavabından belə məlum oldu ki, sualımızın cavabı Səhiyyə Nazirliyində olsa da, özlərinin belə, bundan xəbərləri yox imiş.
 
Sosial mediada Səhiyyə Nazirliyinə saysız-hesabsız suallar ünvanlanır. İnsanlar Nazirliyin “qaynar xətt”inin daim məşğul olduğundan, suallarına cavab tapa bilmədiklərindən şikayətçidirlər. Bir sözlə, sözügedən Nazirlik insanların səhhətinin keşiyində dura bilmədiyi, aciz qaldığı kimi, cəmiyyəti düşündürən sualları ünvanladığımızda mətbuat xidməti də çıxış yolunu suallara cavab verməkdən yayınmaqda görür.
Tarix: 2-09-2021, 22:52
Xəbəri paylaş



Xəbər lenti