"Hansısa bir virus genişlənirsə, digəri "yatır"






Vaqif Qarayev: "Valideynlər uşaqların qidalanmasına diqqət etsinlər"

Uşaqlar arasında mədə-bağırsaq pozğunluğu, hərarət, qusma, ishal halları artıb. Xüsusən də yay istirahətini valideynləriylə birlikdə ölkənin müxtəlif bölgələrində keçirmiş uşaqlar daha çox xəstələnir. Hətta 3-4 günlük gəzintiyə çıxanlar da, uşaqların xəstələnməsindən şikayətlənir, yaranan narahatlıq səbəbindən normal istirahət edə bilmədiklərini, bəziləri istirahəti yarımçıq kəsib paytaxta döndüklərini deyirlər. Uşaqlarda baş verən narahatlığın səbəbi COVİD-dirmi, “Delta” ştammıdırmı, yoxsa bu, bildiyimiz mövsümi xəstəliklərdir?    

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında uşaqlar arasında mədə-bağırsaq pozğunluğunun son 2 həftədə artdığını bildirdi:

- Bu yay uşaqlar arasında xəstəlik halları həqiqətən çox artıb. Ötən il belə deyildi. Mən bunu ötənilki qapanmalarla əlaqələndirirəm. Sərt karantin müddəti oldu, bölgələrə səfərlər də azaldı. İnsanlar bir-birindən təcrid olmuşdu və yoluxma da az idi. Digər tərəfdən, bu da məlumdur ki, bir virus yayılırsa, digər virusu sıradan çıxarır. Hansısa bir virus genişlənirsə, digəri “yatır”. Bu baxımdan ötən il uşaqlar arasında xəstələnmə halları az idi. Bu il isə çoxalıb. Təsəvvür edin ki, həftə sonları telefonum susmayıb.

Valideynlər zəng edib, uşaqda narahatlıq olduğunu deyiblər, məsləhət istəyiblər. Əksəriyyəti də ishal, qusma, hərarət, boğaz ağrısı… İlk növbədə hər kəsə tövsiyəm, məsləhətim budur ki, belə hallar yaşanırsa, həkimə, yerli poliklinikalara müraciət etsinlər və uşaqlardan mütləq “COVİD-19” analizi götürülsün.

“Delta” koronavirusun bir variantıdır və ilk növbədə mədə-bağırsağı zədələyir, ishal, qusma, hərarət, öskürək, iştahsızlıq… hamısı qarışır bir-birinə. Mütləq analiz alınsın və bilinsin ki, uşaqda koronavirusdu, ya yox. Bundan sonra müvafiq müalicəyə başlansın. Hazırda Gürcüstanda koronavirus xəstəsi olan təxminən 400-yə yaxın azyaşlı var, müalicə altındadırlar. Demək istəyirəm ki, “uşaqdı, nə koronavirus? Uşaqlar yoluxmur” kimi diletant “çağırışlara” inanmaq çox pis nəticələr verəcək. Əgər ailədə, böyüklər arasında kimsə koronavirusa yoluxubsa, deməli, o ailədəki uşaqlarda yoluxma var. Bununla zarafat olmaz! 

V.Qarayev qeyd etdi ki, valideynlər uşaqlara münasibətdə diqqətli olmalıdır:

- İstirahət etmək lazımdır. Uşaqlar üçün də vacibdir. Amma hər bir valideyn uşağın öyrəşdiyi bir mühitdən başqa mühitə gedirsə, bilməlidir ki, bu, uşaqda problem yarada bilər. Adi iqlim dəyişikliyi hamıda – uşaqların da, böyüklərin də orqanizmində dəyişikliyə səbəb olur. Hər yerdə sanitar-gigiyena qaydalarına əməl edilmir. Uşaq əlini hara gəldi sürtə bilər, müxtəlif əşyalara toxuna bilər, sonra da əlini ağzına aparar, beləliklə bağırsaq infeksiyası orqanizmə düşər.

İshal - diareya- bağırsağın ən çox yayılmış problemlərindən biridir. 1 yaşdan böyük uşaqlarda və böyüklərdə gün ərzində 3 dəfədən çox sulu və tezləşmiş nəcis ifrazı varsa, bu artıq ishal hesab edilir.

İshala qida zəhərlənməsi də səbəb ola bilər, virus və bakterial infeksiyalar - rotavirus, adenovirus, stafilokokk, salmonella, bağırsaq çöpü və s. həzm sistemi orqanlarının xəstəlikləri - qastrit, pankreatit, kolit, enterit və s. hormonal pozulmalar, bəzi dərman preparatlarının qəbulu, hətta stres və qorxu, həyəcan da. 

Səyahət özü böyük bir səbəbdir. Səyahət zamanı mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilir. Nə üçün deyirik ki, valideynlər uşaqların qidalanmasına diqqət etsinlər.

Normadan artıq meyvə-tərəvəz qəbul etmək, bilinməyən su mənbələrindən istifadə ishala səbəb olur. Meyvə-tərəvəz bakteriyalarla çirklənibsə, əlbəttə ishal yaradacaq, mədə pozuntusu əmələ gələcək. Bu da ürəkbulanma verir, iştahsızlıq, halsızlıq yaranır, hərarət yüksəlir, bədən susuzlaşır. Ev şəraitində ilkin müalicə aparmaq mümkündür.

Yağlı qidalardan imtina, qazlı, kimyəvi qatqılı sular olmaz. Düyü həlimi uşaqlara yaxşı kömək edir. Amma ishal 2-3 gün davam edirsə, artıq həkimə müraciət edilməlidir. Və mütləq koronavirus testi verilməlidir. 
Tarix: 31-08-2021, 08:22
Xəbəri paylaş



Xəbər lenti